BURA ZİBİL ATANIN...
Fərid Nəsibzadə tərəfindən "Digər yazılar" bolməsinə 11:23 17 oktyabr 2017 tarixində əlavə olunmuşdur

Belə bir pafoslu başlığı niyə seçmişəm?! Yadınıza gəlir, əsasən 90-larda yeni sovet dönəmindən çıxmış ölkə olaraq müəyyən infrastrukturlar kimi də, el arasında “kommunxoz” kimi tanınan (MKİS) infrastruktur da iflic vəziyyətində idi. Camaat zibilini hara gəldi atırdı. Çox vaxt dükanların önündə, məhəllələrin içində və bir çox yerdə “Bura zibil atanın....” kimi hədələyici-xəbərdaredici yazılar var idi. Düzdü, bəzi antipodlar da bu yazılara məhəl qoymayaraq, öz yeddi qat arxa dönəni üçün arxiv yığırdılar. Hələ də bəzi yerlərdə bu tip yazılara və düz yazının altına atılmış zibillərə rast gəlirik.

Nə isə, sözüm onda deyil... Yuxarıda yazdığım müqəddimənin məğzi odur ki, heç bir normal insan yaşadığı yerin, belə deyək öz sahəsinin içində, yan-yörəsində zibil görmək istəmir. Yaxşı bir sual verəcəyəm, amma tam səmimi cavab istəyirəm. Niyə beynimizi zir-zibillə doldururuq? Və başqalarının ora “zibil atmalarına” icazə veririk? Məgər beyin də bizim bir növ yaşayış yerimiz deyil? Rene Dekart demişkən, “Cogito ergo sum-mən düşnürəmsə, deməli yaşayıram.”

İndiki dövr trend olan sosial şəbəkələr util istehsal etməklə məşğuldur. Bu bir plandır, böyük 300-lər-filan kimi dərinliklərə getməyəcəm. Ancaq, kiminsə və yaxud kimlərinsə bir planı insanları zombiləşdirməyə doğru gedir. Nə isə, qayıdaq, qlobaldan lokala...

Elə sosial şəbəkələrdən başlayaq, son dövrlər izləyirəm, bir intellekt enişi müşahidə edirəm. Biz, sanki, toplum olaraq, tənbəl bir toplumuq. Elə mən də... Xüsusən də, önyarqı və fikir bildirmə xəsisliyimiz də var... Əksəriyyət belədir.. Bunu da keçdim, Facebook üzərindən xəbər portllarını oxuyuram, çoxları “filankəs soyundu-filankəs geyindi, filankəs zorlandı” dan kənara çıxmır. Təzə bir söz də çıxıb “ŞOK”... Qardaşım, mən niyə hansısa müğənninin ərə getməsindən, soyunmasından, təzə paltar almasından şok olmalıyam axı?! Bilən varsa, biri izah etsin...Yəni budurmu xəbər, jurnalistika? Telekanallardan heç danışmağa dəymir. Bir neçə dəfə telekanalların məsul işçilərilə disussiyalarımız da olub, hamısı "nəyi tələb edir izləyici kütləsi, onu da veririk."Yəni tələbatımız bizim şouya-çal çağıradırmı? Aydındır, toy-büsat da olar, amma bu qədər də yox da. Bayağı, gerizəkalı filmləri hələ demirəm. Mən anlayıram, komediya da lazımdır, ancaq özümüz tragikomik bir vəziyyətdəyik axı? Ola bilməz axı, izləyici kütləsi baxmaq istəsin, düşünmədən baxmaq, analiz etmədən boş-boş ekrana baxsın... Mümkün deyil bu!

Doğrusu, sosial şəbələrdə  intellektual səhifələr də var, amma mən onları hər zaman incidilmiş uşağa bənzədirəm. Paylaşımlarının altında önyarqılı bir icma”əşşi yox e bizlik deyil”, “cool” görünmək istəyən bəzi gənclər “hər kəsin öz fikri var. Biz azadıq.”şərhlər yazır, elmsiz, islamı ancaq namaz-həcc-oruc bilən bir qrup isə kafir elan edib hədələyir.  Hər kəsi, bircə şeydə qınayıram - şablon olmaqda... Bəli, insan yer üzünün əşrəfidir ona görə də, onun üzərinə Yaradan tərəfindən bir çox missiyalar kimi, araşdırmaq, kəşf etmək, axtarmaq missiyası da üzərimizə düşüb. Mən bir dəfə “Quran insan üstündə gəlib” deyəndə bəzi dindarlar üstümə cumdular ki, yox, ayə, sən nə danışırsan?! Şirk qoşma... Əzizim, bu şirk deyil, Quranın tam konsepsiyası mən araşdırdığım qədər budur- Allah-Təala deyir ki: “Ay insan, məni tapmaq istəyirsənsə ilk növbədə özünü tam kəşf et, kamilləş!” Tənbəllikdir bizi yıxan, yoldaşlar, elə səni də, onu da, mən i də.. Bu yazını oxuyan dostum, əlini vicdanının üzərinə qoy və öz-özünə cavab ver- neçə şansını, fürsətini tənbəllik üzündən qaçırmısan? Amma dərin düşünüb cavab ver...

Yuxarıda sadaladıqlarımın məğzi budur ki, hazırda bizim də beynimizi zibilləməklə məşğul olan bir mexanizm çalışır, biz də fərqinə varmadan, araşdırmadan-etmədən, tənbəlliyimizin üstündə “söz xətrinə, söz deyirik”. Bununla da biz də ətrafımızı zibilləyirik.

Hələ Linkedİn-i demirəm, çoxu professordur. (doğrudur, çox ağıllı, analitik təfəkkürə malik bağlantılarım da var. ) Neçə dəfə sosial layihələr təklif etmişəm öz statuslarımda dəstək ancaq statusu bəyənməkdən ibarətdir. Çox az bir insan ismarıc göndərərək yardımını təklif edir. Sağolsunlar, demək hələ bir ümid var. Hətta, bir neçə dəfə, bir neçə “Linkedİn fenomenini” müşahidə etmişəm statuslara tutduqları iradlarda “Ondansa faydalı iş görün, məsələn gözdən əlillərə bir tədbir, bir layihə edin” yazıblar. Dərhal oxşar bir layihənin elanını vermişəm, həmin “guruldayan” adamlar da buxarlanıblar.

Niyə? Məncə burada İCRA problemi var. Bizim toplum İCRA məsələlərində axsayır...

Bir də, hərf səhvi tutan, məğzi oxumadan bildiklərini yaza tiplər var. Onlar ayrıca mövzudurlar.

Hələ, tanış olmağa cəhd göstərən, xanımın yanında həyat yoldaşı ilə şəklini görüb ən son cəhdlərlə ona emoji göndərən, “necəsiniz?” yazan məişət tullantıları var. Onlarla mübarizə üsulunu deməyəcəm, sonra faşit adlandırılmaqdan qorxuram.

Hə, ayrıca mövzu yeni trend sözlərlə bağlıdır. Motivasiya, uğur, kouçinq... İlahi, necə adamlar var, görəsiz. Hamı sən demə bizdə CEO (İcra Ofisinin Rəhbəri), hamı lider imiş ki?! Bu qədər liderlik qabiliyyətli insanlar olan ölkədə niyə bu qədər də icraat məsələlərində axsamalar var?! Bizdə bəla budur ki, biri, birini bir sahədə uğurlu gördükdə, uğurun səbəbini qazandığı pullarda görür. Onun pulunu sayır. “Mən də, mən də” deyərək o sahəyə can atır. Başlayır ağıl dərsləri keçməyə ki, filanıstanda bir Ceyms var idi, o belə bir zad etdi, uğur qazandı. Bu tip statuslarla doludur Linkedİn. Qardaşım, sual olunur ki, sən nə etmisən? Biz nə edək ki, bu Uğur müəllimə çataq?  Niyə ətrafın beynini, bizdə olmayan, tətbiq edilməsi mümkün olmayan bir kazusla doldurursan?

Biz başqa situasiyaları özümüzdə zorla adaptə etməyə can atırıq. Hazır maketi özümüzə oldu-olmadı birtəhər yonub uyğunlaşdırmağa çalışırıq. Bəla burasındadır ki, da beynimizi hər cür zibillə doldururlar, istəyək, yaxud istəməyərək, bilərək, yaxud bilməyərək.

Təbii ki, sual verəcəksiniz ki, bəs sən nə təklif edirsən? Haqqlı sualdır...

Mən altından xətt çəkərək deyirəm: İlk növbədə beyninizi zibilləməyə icazə verməyin!

Gözünüz harada digərlərinin beynini zibilləməyə çalışanları görürsə, imkan daxilində maksimal etiraz edin. İnanın cəhdlərinizi başqaları da görəcək, bu başqaları məhz Sizin kimi fərqli düşünən analitik təfəkkürə malik insanlardır.

Daha sonra, yeni trendləri, fərqli konseptləri özünüz yaradın. Qoy elə haradasa bir Con öz motivasiya seminarında səni, məni, onu misal çəksin. Bu yolda, hər kəsə uğurlar diləyirəm.Çətin və mürəkkəb yoldur, əzizlərim, amma heç vaxt təslim olmayın. Məhz fərqli konseptlər yaratmış şəxslər, tarixin bir parçası olmağı bacarırlar.

...və ən sonda deyəcəyim odur ki, bura zibil atanın... Mənim və mənim kimi düşnən, analiz edən bütün dostlarımın “sahəsinə”  öz zibillərini ata bilməyəcəklər!

Fərid Nəsibzadə

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
Müəllif

Fərid Nəsibzadə
Haqqında
Müasir dövrdə Azərbaycanın ilk mistik trilleri olan "Şayətin"in müəllifi. www.faridnasibzade.com
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Tərəfdaşlar
Facebook
0.04 saniye