Yazmaq, yaza bilmək
Zamin Qafarsoy tərəfindən "Digər yazılar" bolməsinə 15:46 10 oktyabr 2017 tarixində əlavə olunmuşdur

Əvvəllər nəsə yazmaq istəyəndə tez bir qələm, bir parça da kağız tapıb cızma qara edərdik. Hətta məktəbdə oxuyanda yazmaq bizim üçün o qədər şərəfli peşəyə çevrilmişdi ki, müəllim bizi cəzalandırsada partaların üstünü yazmaqdan əl çəkmirdik. Hələ məktəb divarlarını demirəm. Filankəs filankəsi sevir, Filankəs əla oğlandır, “zəng et ərə get” - bütün bunları xatırlayanda üzümüzdə azacıqda olsa bir gülüş, biraz da hüzn yaranır. Çünki yazmağın necə gözəl bir hiss olduğunu yaxşı başa düşürük. Birini sevirdiksə tez ona məktub yazardıq. Balaca uşaqlar idik.
Öz dünyamızda eşq elan edirdik. Dama- dama dəftər vərəqinə o an ürəyimizdən keçən ən təmiz hissləri qələmin mürəkkəbində isladıb o vərəqə köçürürdük. Maraqlı günlər idi. Amma yazmaq bu qədər ilahi deyildi. Bəzən məktəbdə özümüzə qiymət belə yazırdıq. Hələ yalandan icazə kağızı yazıb, yuxarı siniflərə qol çəkdirdiyimizi demirəm. Ən gülməlisi isə bu qədər yazdığımız halda gəlib imtahanda ya da inşa yazanda heç nə yaza bilməzdik. Niyə axı, bu qədər yazmağı sevən adamlar idik, niyə bizə kimsə nəsə əmr edəndə yaza bilmirdik ? Hə, bax işin pik nöqtəsi elə o əmrdədir. Yazmaq, yaratmaq azadlıq istər. Kimsə əmr versin səndə yaz, bu yazmaq deyil. Bu sadəcə hərfləri və sözləri yan- yana düzməkdir. Heç bir mənası olmayan cümlələrdən ibarət bir kitab yazsan belə o “yazmaq” deyil.Yazmaq müqəddəsdir. Yazmaq tapınılası bir din kimidir. Qələmi əlinə aldığın an artıq nə yazacağını bilməlidir insan. Yox əgər bir əlində qələm, bir əlinlə də qulağını qaşıyırsansa o yazmaq deyil. Yazmaq içdən gələr. Axar su kimidir, getdikcə gedər. Yazdıqca yazarsan. Sonu ilə başlanğıcı eyni olan əsərlər vardır. Bəlkə də yazmağın ən gözəl nümunəsidir bu əsərlər. Nə zaman başladı, harada başladı, nə zaman bitdi, harada bitdi bilmərsən. Yazmaq da belədir. Nə zaman başladın, nə zaman bitirdin bilmərsən. Amma oxuyanda hər cümlədə dərin fəlsəfi fikirlər taparsan. Fəlsəfi fikirlər tapmasan belə, yazarın ruhunu görərsən, hisslərini anlayarsan. Çünki içdən yazmışdır.
Ən çox sevdiyiniz yazarlardan birinə bu ənənəvi sualı verin: Neçə yaşınızda yazmağa başlamısınız? Cavab 5, 10, 15... Hansısa bir yaşda başladığını mütləq deyəcəklər. Normalda da elə olmalıdır. Amma sualda yanlışlıq var. Ya da cavabda. Əslində belə olmalıdır: “Neçə yaşınızda şeirlər, romanlar, hekayələr yazmağa başladınız?” cavabı 5, 10, 15... Hansısa bir rəqəm ola bilər. Amma o müqəddəs sualı versələr: Neçə yaşınızda yazmağa başladınız? Cavabı belə olacaq: Onda mənim heç bir yaşım da yox idi. Evdə tapdığım karandaşla evin divarlarına, stolun üstünə, babamın dərman kağızlarının üzərinə, bacımın məktəbdən verilən gündəliyinə ürəyimdən keçənləri yazmışdım. O qədər ülvi idi ki, məndən başqa o yazıları heç kim başa düşmürdü. Valideynlərimə görə ilan – qurbağa olan bu yazılar mənə görə ilk qələm təcrübəm idi. Uşaqlığımın saflığında yoğrulmuş, tər-təmiz əllərimlə balaca da olsa geniş ürəyimdən keçən, Tanrının mənə yenicə bəxş etdiyi o ilahi ruhumun dərinliklərində nur kimi işıq saçan ilk hisslərimi yazmışdım. Bax yazmaq bu qədər ülvi və saf bir hissdir. Bir körpənin gülüşü qədər gözəl, yatışı qədər şirindir.
O günlərdə geni dəyişdirilmiş məhsullarla bağlı bir yazı oxudum. Sonra biraz düşündüm. Düşündüm görəsən yazmağın və yazıları dərc etməyin bu qədər asan olduğu dövrdə GMO-lar kimi söz yığınından ibarət “yazıların” necə qarşısını ala bilərik?. GMO-lar kapitalizmin məhsuludur, həmçinin bu dırnaq arası yazılar da. Ona görə də hələ də düşünməkdəyəm, bir cavab tapa bilməmişəm.
Sizi bilmərəm amma mən düşündükcə sümüklərimə qədər tir-tir əsirəm. Öləndən sonra axirətdə hələ başqalarını demirəm Həsən bəy Zərdabinin iki əli yaxamızdan düşməyəcək. Deyəcək ki, “mən sizə bunları öyrətmişdim?, mən bütün illərimi buna görə sərf etmişdim?, mən imzanız millətlərin imzası içində olsun deyə əziyyət çəkmişdim amma siz qarnınız doysun deyə, vəzifə, ad qazanasınız deyə bütün əziyyətimi yerə vurdunuz”. Söz yığınağı olan o yazılar həmin vaxt sizi xilas edə bilməyəcək.
Yazmaq rəsm çəkmək kimidir. Burada qələm fırçadır. Hamı qələm tuta bildiyi kimi fırça da tutur amma hamı rəsm çəkə bilmir. Yaza bilmək isə Nəsiminin təbiri ilə desək həqqi özündə birləşdirən ilahi ruh istər. O ilahi ruha sahib olduğunuzu düşünürsünüzsə yazın, yaradın.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+24=
Hesaba giriş
Müəllif

Zamin Qafarsoy
Haqqında
həvəskar yazar
Əlaqə
Tel.:
051-417-01-91
E-mail:
zamin.qafarov@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0525 saniye