Atəş və su
Tural Sahab tərəfindən "Hekayə" bolməsinə 15:31 09 aprel 2014 tarixində əlavə olunmuşdur

                           

Atəşi su ilə yandıranların hekayəsi.

Bu atəşlə suyun, varlıqla yoxluğun, əzəli iki düşmənin hekayəsidir. Bu atəşlə suyu eyni zamanda sevənlərin, ürəyinə atəşi salanların, bir gün batımında Günəşlə birgə batanların hekayəsidir.

 Zaman dəmirin qızıldan qiymətli olduğu bir vaxt. Mərdliyin ölmədiyi, mərdliyin öldürülmədiyi bir çağ. Dükanlar var insanların yaşadığı hər bölgədə.  Qılınc ustalarının dükanı bunların içində ən çox  alıcısı olanı idi. Savaşlar qılıncla qazanılır, torpaqlar qılıncla fəth olunurdu.

Dəmiri atəşlə döyür, su ilə tərbiyyə edirdilər. Qılınc düzəltmək bir sənətdi. Öncə böyük bir atəş yandırılır, atəş hazır olanda dəmiri içinə qoyardılar. Atəş kimi qızaran dəmiri döyərdilər. Döyülən dəmir suya salınar, yetəri qədər canına su çəkdikdən sonra isə yenidən atəşə qoyulardı. Bu hal kobud dəmir qılınc olana qədər davam edirdi. Dəfələrlə ocaqla və su ilə imtahan olan kobud dəmir ən sonunda zərif qılınca çevrilirdi.

Maraqlı olan isə qılınc ustalarının da kobud dəmir kimi sərt görsənmələri, ancaq incə bir ürəklərinin olması idi, sanki atəş və su ilə imtahan olunan həm də onların özləri idi.

                                                          *** 

Aləmi titrədən böyük sultanın qızına vurulmaq, ölümün alnından öpmək idi. Adi bir qılınc ustasının sahibinin, hökmdarının qızını sevməsi bu qaranlıq zamanlarda imkansızın üstündə bir hadisə idi. Kişilərin sevgisi silahları, savaşları idi. Sevən, aşiq olan bir kişi zəif sayılardı. Bir qadının isə sevməyə haqqı yox idi, kimə versələr onun savaşdan dönməsini gözləyəcəkdi.

İndi  gənc qılınc ustası sevirdi. Bu böyük bədənin, güclü əzələlərin sevə biləcəyini desəydilər yəqin ki, kimsə inanmazdı. Daşı sıxsa un kimi əzilərdi deyib, aldatmayacam sizləri, çünki daşı un kimi əzmək bu arş üzərində heç bir qəhrəmana qismət olmamışdır. Sadəcə o güclü idi. Uşaqlıqdan atasının yanında, qılınc dövməklə məşğul olduğundan atəş onu bişirib olqunlaşdırmış, su isə ürəyini yuyub təmizləmişdir. Dəmir kimi bir biləyi, ipək kimi ürəyi olan bu igid indi sevirdi.

Ürəyi yanan gecələrdə atəşə dəmirlərin ən sərtini, qalınını qoyar, sabaha qədər döyərdi. Sevdiyinə qarşı olan sevgisi, dəmirə qarşı olan nifrətə dönürdü bu dumanlı gecələrdə.

Əlindəki çəkic dəmirə dəydikcə, ürəyindən qopan qıvılcımlar az qalırdı yanındakı suyu söndürsün. Düşmənə qalib gələn bəlkə də cahangirlərin qolundakı gücdən daha çox onun ürəyindəki nifrəti idi. 

Sevgini heç sayan bir topluma qarşı savaşmaq istəyirdi. Dəmir, çəkic və nifrət. Su ilə atəşin sevgisindən doğulan bir sevgi, bir igid. Usta olduğu üçün döyüşlərə qatılmırdı. Ancaq qılınc oynatmağı, at minməyi ilə bir qəhrəmanı xatırladan bu oğlan şölənlərdə igidlərə qan qusdururdu..

Bir zərbəsindən sonra ayaq üstündə dayana bilən biri yox idi bu torpaqlarda. İgidlərin ən igidi, ustaların əs ustası olmuşdu. İndi bir sevda düşmüşdü ürəyinə, igidlərin bükə bilmədiyi biləyini gözləri yoxluq qədər gözəl olan, incə belli qız bükmüşdü. Sevgi atəşlə suyun birləşməsi, ancaq suyun atəşi söndürməməsi idi. Su atəşi söndürmək üçün yaradılsa da sevən bir ürəkdəki atəşi daha da alovlandırdı. Atəş düşən bir ürəyi dünyanın ən sərin suları söndürə bilmirdi. İndi hazırladığı qılıncları ürəyindəki atəşlə qızdırıb, gözündən axan sularla döyürdü.

Şöləndi, yenə bu məmləkətdə. Uzun sürən bir savaşdan sonra əyləncələr, oyunlar, döyüşlər keçirilirdi. Ölkənin ən yaxşı oyunbazları, rəqqasları və igidləri dörd bir tərəfdən mərkəzə gəlmişdilər. Öncə döyüşlərdən əldə olunan qənimətlər bölündü igidlərin arasında, sonra ziyafətlər verildi. Oyunlar keçirildi, yeyildi- içildi. Ən nəhayət sıra gəldi igidlərin yarışmasına. Əllərində qılınc, at belində onlarla cəngavər meydanda o baş- bu başa gedib- gəlir, öz görünüşlri ilə bir- birilərinin ürəklərinə vahimə salmaq istəyirdilər.

Bu döyüşləri böyük hökmdar və onun ailəsi də izləyirdi. Ailəsi deyəndə onun oğlu yox idi, övladdan, ancaq bir dünyalar gözəli qızı vardı. Bu qızın gözəlliyi dillərə dastan olmasa da, çox gözəldir. İndiyə kimi qonşu məmləkətlərin sultanları elçi düşsə də, kimsəyə verməmişdi yaşlı kral qızını. Heç kimə layiq bilmirdi qızını, onun fikirincə bu küreyi- arzda qızına layiq bir oğlan yox idi. Elə qızın özü də hələ bilmirdi nədir sevgi, necədir bir kişinin xəyalı ilə yuxulardan olmaq. Atəş dəmirə dəyməmişdi hələ. Bu dəmir torpağın altında onu kəşf edəcək ustanı gözləyirdi, bu xəzinə onu tapıb aləmə göstərəcək sənəntkarı. Qızın tək sevgisi atası idi bir də atasının sahibi olduğu böyük krallıq.Yaşlı kral ədalətlə idarə edirdi ölkəsini, bu ucu bucağı görsənməyən torpaqlarda ondan narazı kimsəni tapmaq olmazdı. Tarix kitabları belə bir məmləkətin, belə bir hökmdarın varlığından heç vaxt yazmayacaqdı, çünki ondan sonra gələcək qaniçən krallar belə bir düzənin varlığını insanların bilməsini istəmədi, bilsələrdi onlarda ədalət, bərabərlik istəyə bilərdilər. Ancaq tarixin yazmadığını, kitabların asi olduğunu insanlar ürəklərinə yazdılar, nəsildən- nəsilə ötürüb yaşatdılar. Bir şeir kimi yayıldı, ürəklərdə yaşadı hökmdar və onun məmləkəti. Bəlkə də bu sevgi hekayəsi yaşanmasaydı, unudula bilərdi bütün bunlar, ancaq olmadı, unudulmadı. Bir sevgi dastanı bəxş elədi tanrı bu insanlara və bu sevgi onları unudulmağa, yox olmağa qoymadı.

   Gənc qılınc ustası da qatılırdı bu döyüşlərə. Özünün dövdüyü qılıncı, atasından yadigar qalan boz atı ilə meydanı titrədən bu oğlanda qorxmayan, çəkinməyən yox idi. Döyüşlər başladı, yel kimi düşməninə yaxınlaşır, tək zərbəsi ilə onu atından salırdı. Meydan toz duman içindəydi, bir döyüşün içində olduğu kimi həyacan və nifrətlə vururdu qılıncını. İndi ayaq üstə heç kim qalmamışdı bu döyüşlərin qalibinə tacını sultanın qızı özü təqdim eləmək istədi. Yaxınlaşdı, digəri isə hörmətlə əyildi. Əlləri ilə tacı başına qoydu, ayağa qalxanda bir an göz- gözə dəydilər.

Atəş və su qovuşdu, bir anın içində sonsuzluğu yaradıb, gizlədən tanrı, bu bir anın içində də iki ürəyə atəşi saldı. İndi bu ölkədə ilk dəfə bir kişi sevməkdən, bi qadın isə sevilməkdən qorxmurdu. Gözlərini görəndən sonra ölümü qılıncı ilə doğraya biləcəyini düşündü isə biri, o biri ölümün qılıncı ilə doğranmağa razı olmuşdu. Dünyada bir gözəllik var olacaqsa bu gözəllik onun gözünə bir kəz daha baxa bilmək, dünyada bir cənnət varsa da, bu cənnət onun səsini eşitmək olacaqdı. İndi qılınclar sevgi ilə döyüləcək, indi düşmənlər sevgi ilə öldürüləcəkdi. Düşünə bilirsizmi sevgi ilə öldürülmək ölümlərin ən acısıdır. Sevgi gözəllik olsa da yanan bir atəşdir. Hər an onun düşünmək, onunla yaşamaq, ancaq onsuz nə deməkdir. Qılınca vurulan hər çəkic onun adını söyləyirdi, düşmən başını gövdəsindən ayıran hər qılınc da bu sevgidən danışırdı.Bir də səsizcə yaxan su vardı, atəş yanıb, yandırıb qəzəbini söndürməyə çalışsa da, su sakitcə axırdı. Dünyadakı bütün alovları söndürəcək qədər güclü görünsə də, bu atəş onu qurutmaq, bitirmək üzrəydi. Atəş su ilə yanırdı, su isə atəşlə. Bir külək alovlandırdı bu atəşi, bir quşun qanadlarında sultanın sarayına qədər gəldi qılınc ustasının sultanın qızını sevməsi xəbəri. Adil, sevgi dolu kralın rəngi dəyişdi birdən- birə. Necə ola bilərdi, bir başqa kişi onun qızını necə sevə bilərdi, bu sevgi dillərə necə düşə bilərdi. Ürəyindən oğlanı öldürmək belə keçdi, ancaq yox bu ola bilməzdi, axı o ölkəsinin adil hökmdarı, böyük sultanı idi. Sevgi haram olsa da bu məmləkətdə sevir deyə birnin başını vurdurmaq olmazdı.

 Və qərar verildi; gedib qonşu ölkənin hökmdarının başını gətirməliydi qılınc ustası, sevdiyinə qovuşmaq üçün. Bu ölümün mədəni forması ola bilərdi, ancaq aşiqlərdən ötrü ölüm toy gecəsi sayılır. Son gecəsi idi bu, öz məmləkətində. Sabaha qədər yeni bir qılınc düzəldib o qılıncla yola çıxmağı düşünürdü. Və gecə, dumanlı, sisli bir gecəydi. Öncə atəşi yandırdı, alovlar yüksəlməyə başlayanda, dəmirlərin ən möhkəmini alova qoydu. Dəmir getdikcə qızırdı, ürəyindəki atəşdən də dəmirə od verib, əlinə çəkici aldı. Bu gecə vurulan hər zərbə onun ürəyindən bir parça qoparırdı. Döyülən dəmirə verilən su, ən sərin bulaqların suyu idi, içinə göz yaşlarından qatdığı.

Qurdlar ulaşırdı uzaqlarda. Bu dumanlı gecənin sabahında bəlkə də onu ölüm gözləyirdi, bir sərhəddi keçmək, bir ölkənin ordusuna tək başına hücum etmək dəlilikdi. Sevgi isə elə dəlilərin işi idi. Sabah qonşu ölkənin hökmdarı bir bölük əsgəri ilə sərhəddə yaxın bir yerdən keçəcəkdi, bu məlumatı bilirdi. Bir təhər sərhəddi keçə bilsə, hücum edib, şansını dənəyəcəkdi.

Gecə artıq son nəfəsini verməyə başlayanda, qılınc ustası da axırıncı zərbələrini vururdu. Qılınc hazır, qılıncı tutan qol hazır. İndi günəş də hazır oldu, ətraf işiqlandı. Boz at da hazırdı, bu böyük savaşa. Xəfif bir rüzigar əsirdi, atın belinə qalxdı. At yerişini artırdıqca saçları havada rəqs edirdi. Bəlkə də şeirlərdə yazılan son savaşçı o idi. Son dəfə o bir ordu ilə savaşmağa gedirdi, ancaq yox bu dünya var olduqca, sevda deyilən bir atəş ürəklərdə yandıqca ordulara tək başına baş qaldıran igidlər hər zaman var olacaqdı.

 Boz atlı oğlanın şeirini yazacaq bir şair doğulmalıydı, onun şəklini çəkəcək bir rəssam olmalıydı. Atəşin, buludlardan qopan ildırımların yerə şığımasına bənzəyirdi onun gedişi.

 Bəs su, heç düşündünüzmü atəş yanmağa, yanarkən yandırmağa gedəndə bəs su neynədi. Sakitcə axırdı öz yatağı ilə, saf təmiz bir dağ bulağından qopan bir suydu, o. Coşub sel ola bilməzdi. Sakit, səsizcə axacaq, axacaq və bir gün quruyacaqdı. Sultan qızı bilirdi atasının sevdiyini hara göndərdiyini, ancaq bilə- bilə inanmaq istəyirdi onun geriyə qaydacağına. Siz heç ölümə gedən birinə gülən gözlərlə baxıb, baxışlarınızla son vədanızı etdinizmi?

Boz atlı oğlanın getdiyi yol, sanki onun damarlarından ürəyinə doğru gedirdi. Ürəyi döyünürdü, atın ayaq səslərində. Bir azdan ürəyində bir savaş qopacaq, sonunu düşünmək istəmirdi bu savaşın. Atlı isə getdikcə yaxınlaşırdı sərhəddə doğru. Bütün ölkə bu işin sonunu gözləyirdi. Yaşlı kral uzun zamandı  hücum etmək istədiyi bu ölkəyə girmək üçün fürsət gözləyirdi. Ordu hazırlanmış qılınc ustasından xəbər gözləyirdi. Bilirdilər ki, bu suiqəsdən qəzəblənən qonşuları mütləq savaş üçün meydana çıxacaqdı. Sevgi ilə nifrətin savaşı olacaqdı bu, əgər sevginin orduları olsaydı. Bu sadəcə atəşin sevgi ilə birləşib nifrətin bağrına bir xəncər təki saplanmaq istəyi idi. Tarix bu savaşı da tam yazmayacaqdı, nə o boz atlı oğlan olacaqdı tarix kitablarında, nə də bu savaşın gerçək səbəbi. İki ordu qarşılaşacaq və biri məğlub olacaqdı. Bir insan, bir döyüşün taleyini dəyişə bilərdimi? Onu bu döyüş maraqlandırmırdı, belə bir döyüşün olacağından da xəbərsizdi. O, sadəcə sevdiyi üçün bir ordunun üzərinə gedirdi. Kralın yanına çatmağa cəhd edəcək, tək zərbə ilə onun başını bədənindən ayıracaqdı. Çünki ikinci zərbəni vurmağa imkanı olmaya bilərdi.

  Sərhəddi keçirdi indi, uzaqdan bir toz dumanı kimi görünürdü. Qarşıdakı dağı aşıb, ovunu gözləməyə başladı. Kralın bu yoldan keçəcəyini bilsə də, neçə mühafizəçi ilə olacağını bilmirdi. Nə dəyişəcəkdi ki? Bir ordu da olsa, özünü o orduya vurmağa məcburdu.

 Bax budur bir bölük əsgər gəlir, bu əsgərlər xüsusi olaraq kralı qorumaq üçün yetişdirilmiş savaşçılardı. Gənc hökmdar isə döyüşçülərinin arasında, ağ atının üzərində məğrurcasına addımlayırdı. Havada sis qoxusu, qan qoxusu vardı. Uzaqlarda bir sürü çaqqal səsləri gəldi, sonra bir qurd səsi ilə kəsildi səsləri. Günəş buludların arasından izləyəcəkdi bu mənzərəni.

Bir qılınc ustası vəzifəsi, ancaq savaşmaq olan yüzlərlə əsgərin arasına vuracaqdı özünü, az sonra. İndi o da anlayırdı həqiqəti. Sonun başlanğıcı idi. Qılınclarını iki əlinə alıb, tərs tutaraq savaşa hazırlaşdı. Boz at sahibinin son istəyini yerinə yetirmək üçün yaman tələsirdi. Və o an gəlib, çatdı. Boz atın başını buraxan kimi özünü qarşıdakı əsgərlərin arasına vurdu. Çox sürətli olmalıydı, başarılı olmaq üçün. Əlliyə yaxın döyüşçünü keçib kralı bir zərbə ilə endirəcəkdi.

At sürətlə yaxınlaşırdı, artıq qılınclar da hazırdı, onları tutan əllər də. Toz duman içində ölümə doğru qaçan bir savaşçı qədər  gözəl ola bilməzdi dünyanın heç bir şeiri. Bax indi boz at özünü qorxmadan əsgərlərin arasına vurur, daha nə olduğunu anlayana qədər düşmən on- on beş əsgərini qılınc ustasının biçib, keçdiyini görür. Hər iki əlindəki qılınclar yuxarı qalxıb, endikcə bir  savaşçının son nəfəsi, son fəryadı yüksəlirdi göylərə. Bax budur ilk zərbəni alır, bir ox sol çiyninə dəyir. O, isə irəlləyir, dayandıra bilmirlər onu. Çox az qalıb, hökmdara çatmağa. Bax bir ox da sağ çiyninə dəyir. On- on beş əsgər qalır arada, onları da məhv etmək, verilən əmri yerinə yetirmək lazımdır. Nifrəti artır, atəş alovlanır indi tək zərbə ilə bu savaş ustaları parçalanır. Çox az qalır, laz az. Bir az daha dayanmalıdır, bir az daha...

Bir zərbə baldırından qoparır qılçasını, oluq- oluq axan qanı onu gücdən salır, kürəyinə dəyən oxların isə sayı – hesabı yoxdur. Bir neçə əsgər qalır krala çatmaq üçün. Atın belindən yıxılmamalıdır, bir az daha Tanırm güc ver, izn ver- bir az daha deyə yalvarır.

Külək bu atəşi son dəfə alovlandırmaq üçün uzaqlardan bir damcı su gətirir onun dodaqlarına. Son bir zərbə üçün havaya qalxır sağ qolu və enir kralın başını bərabərində yerə endirərək. Bir zərbə daha gəlir, ancaq bu dəfə o qılıncı tutan qol kralın başının yanına düşür.  Bir nizə zərbəsi daha gəlir kürəyinə, ancaq atdan düşmür. Boz at sahibini oradan uzaqlaşdırır, sərhəddə doğru qaçmağa çalışır, bacarmır. O da oxlardan, qılınc zərbələrindən nəsibini alıb. Yıxılır boz at, belindəki sahibi ilə birgə. Və sönür atəş.

 Bu hekayə atəşlə suyun hekayəsi olduğundan, atəşi yandıran suyun, suyu sərinlədən atəşin öyküsü olduğundan atəşin sönməsi, suyun quruması idi.

   Yaşlı kral orduları ilə hücuma keçib, qonşu ölkənin torpaqlarını da işğal edir. Qalib ordu bir neçə gündən sonra al bayraqlarla geriyə qayıdır.

Bu gecə yağmur yağmağa başladı, sellər yuyub, apardı qan izlərini. Sabah isə Günəş doğacaq.

Heç nə dəyişməycək.

 

 


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0259 saniye