AVARA
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 21:14 19 oktyabr 2014 tarixində əlavə olunmuşdur

“ Yazının Hindistanın kino incisi   hesab olunan “Avara” filminə heç bir aidiyyatı   yoxdur”.

İnsanın bu, fani dünyada işsiz qalması böyük bəladır. Vay o günə ki, hələ əli diplomlu, ağlı yerində, fikirləri parlaq olasan və işləmək arzun elə, arzu olaraq muradına yetməyə. Tənbəl və müftəxor üçün iş və işləmək problem deyil, əksinə “sakitlikdir”. Belələri iş barədə söhbət düşəndə tez xoflanarlar. Lakin, çağdaş dövrümüzə nəzər salsaq, indi tənbəlliyin deyil, işsizliyin daha aktual olduğu qənaətinə gəlmək olar. Bunu isbat edəcək müxtəlif səbəblər mövcuddur.  Qısaca bir – iki əlavə etmək yetərli  olar. Məsələn, sovetlər zamanında bəzi tənbəl və müftəxorlar üçün, ən hamar yol xəstəxanalara, tibb poliklinikalarına üz tutub xəstəlik arayışları (bolniçni) almaq idi. Elə  tənbəllər də vardı ki, ilin bütün fəsillərində bu, arayışları iş yerlərinə təqdim edər, həm haqqı çatmayan əmək haqqından tam məhrum olmaz, həm də, əmək fəaliyyəti günə - gün əmək  kitabçasında yazılardı. Artıq o, zamanlar geridə qalıb. Bir  zamanların əli qabar zəhmətkeşləri işdən  yorular, məzuniyyət vaxtlarını  iplə  çəkərdilər. Müasir zəhmətkeşlər, daha dəqiq desək,  zəhmətkeş  olmaq arzusunda olanlar  işsizlikdən yorulublar. Həyatın yaşamaq şərtləri ağırlaşdıqca işə olan təlabat daha  da böyüyür. İşsiz  insanın gözündə həyatın  tək bir rəngi qalıb ki, o da, tünd qaradar. İşsiz  insan rəngarəngliklərdən məhrumdur. Kollektivdən  kənar, ictimai   işlərdən uzaq, sosial – iqtisadi təminatdan iraq  bir  yaşam  tərzi. Əgər, buna yaşamaq deyilərsə...

Başqalarının  kölgəsində mənsəb  sahibi  olan, bir az bəxt, bir  az bəxtəvərliyi üzünə gülən birisinin, həyatın maddi resurslarından faydalana bilməyən, savadlı və  istedadlı birini məzəmmət  etməsi, inanın ki,  çox ağrıdıcı bir məqamdır. Birincilərin ikincilərə fərasətsiz  damğası vurması  utancverici  haldır.  Fərasət - görəsən bu, hansı keyfiyyətlərdə özünü cəm edib? Öz abır - həyasını qoruyan,  işləmək  üçün dərdini ağ vərəqə mədəni cümlələrlə yazıb rəsmi  dairələrə göndərən, hər  dəfə  boş  ümidlərlə ovundurulan işsizdirmi - fərasətsiz? İllərlə gözlərinin nurunu kitablara qurban  verən, bir diplom  üçün həyatın ağrı – acısına sinə  gərən, ömrünün  gənclik çağlarını yazıb yaratmağa həsr edən işsizdirmi - avara? O, bu ağır  şərtlər altında  daha nə qədər davam gətirsin bu, ədalətsizliklərə? Axı,  itirilən zaman başqalarının deyil, məhz onundur.

İşsizlik  mənəvi  xəstəliklərin ən  böyüyüdür. Təssüf ki, bəzən bu, mənəvi  xəstəlik fizioloji fəsadlara da yol açır. Əsəb,  gərginlik, fikir, depressiya və son  olaraq  həyata küsgünlük, ətrafa qarşı radikal aqressiya. Heç nə,  heç  vaxt boş yerə baş vermir. İşsizlik cinayətlərə  yol açan  bir bəla,  intihara sürükləyən bir fəlakətdir. Nə yazıq ki, bəşəriyyətdə sosial ədalətin təminatı arzu  olaraq qalmaqdadır. Müasir zamanın əli diplomlu və ya diplomsuz işsizləri üçün   təsəlli və təsginlik  yeri yalnız  xəyali səadətdir.

Bəzi kölələr ağasına xoş gəlsin deyə, ağıllı, istedadlı Allah qullarını hər fürsətdə əyməyə, əzməyə, sındırmağa cəhd edər. Belə kölələrin  heç  zaman gödən problemi olmaz, mədələri boş qalmaz. Onlar  həyatın  nəbzini bu minvalla tutar. Əsrlər boyu davam edən həqiqətdir. Əgər, başqa bir  dünya, başqa bir həyat arzulayırsızsa Əhməd bəy Ağaoğlunun “Azad İnsanlar Ölkəsi” əsərinə nəzər salın. O, azad insanlar ölkəsi ki, müəllifin xəyalında canlandırdığı ən maraqlı, ən məntiqli məqamlar öz yerini alıb. Belə bir yer, müasir  dünyamızda mövcuddurmu? Bu, qəbildən olan əsərləri oxuduqdan sonra, özümə verdiyim ilk sual bu olur. Zənnimcə  bir yer  var, o da ki, yerli - dibli ordusu olmayan, cəmi 300 - minlik nüfusa malik, işsizlik  faizi  sıfırın altında qalan İslandiya  adası. Fəqət, əfsuslar olsun ki, orası da bizim, “avara” əli diplomlu işsizlərimiz  üçün əl çatmaz, ün yetməz bir adadır.


... dəfə oxunub
Qiymət: 9/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
9+29=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0361 saniye