- Çox gecikdin, səni çoxdan gözləyirdim.
- Doğrudanmı mən buradayam və geriyə dönüş olmayacaq?
- Bəli, artıq buradasan, çox arzuladığın yerdə.
- Bəs, o tərəfdə olan dünya,axı,mən az əvvəl orada yaşayırdım...
- Sən ona yaşamaqmı deyirsən?
- Necə yəni, anlamadım?
- Az əvvəl, sənin gəldiyin yerdən bəhs edirəm. O yerdən ki, orada nə başını salıb yaşayacaq normal bir evin,nə arzuları ilə yaşadığın bir işin,nə də ki,dərdinə məlhəm olacaq bir dost-tanışın vardı. Qürurun və abır-həyan üzündən həyatın ağır şərtləri ilə mücadilə etməkdə çarəsiz qalmışdın. Ehtiyac məngənəsinə düşdüyünü görən doğmaların belə,səndən üz çevirmişdilər. Sən, o yerdən gəlib bizə əbədi mehman oldun ki, o yerdə,nə səni anlayan biri, nə də ki, anlatmaq istədiklərinə qulaq verən digəri mövcud idi. Gecələr göz yaşlarını üzünə,gündüzlər qəlbinə axıdıb için-için ağladığın, ətrafında baş alıb gedən zülmə asi çıxıb,öz məzlum halına məlhəm tapa bilmədiyin yerdən gəldin. Olmaya gəlişinə peşimansan?
- Yox, yox, yox! İnan ki, hələ özümü buradakı kimi rahat, rəvan, xoşbəxt hiss etməmişdim. Zatən, bu kəlmələri orada söz olaraq eşitdim, burada gerçək olaraq hiss etməyə başladım. Canımı elə yandırdılar ki, ruhum haqq dərgahına qovuşmaq üçün gün saymağa başladı.
- Deyəsən,düşündüyümüzdən daha çox acılar çəkmisən gəldiyin yerdə?
- Acılarmı? Eh, yaşadıqlarımı anlatsam acı, iztirab, məşəqqət kimi nəsnələr çəkdiklərimin kölgəsində qalar. Bilmirəm ki, haradan başlayam və harada nöqtə qoyam,yaşadığım əzabları nəql etmək üçün...
- Bir yerdən başla,sonra arxası gələcək ərəb saçı kimi...
- Yaşadığım şəhərin sevinci kəm, kədəri bol idi. Bu, uzaqdan baxarkən sakit görünən şəhərin içərisinə doğru addımladıqca pisliyin nə olduğunu daha yaxşı dərk etmək olur. Zalıma verən, məzlumnan alan bir şəhər idi. Həyatı dərk etməyə, bu şəhərdə başladım. Gözlərim gözəlliyə, qulaqlarım xoş sözlərə həsrət qaldı. Yal üçün yalmalanan yaltaqların şivən səsləri fağırların qulaqlarını kar etdi. Baxışlar bir-birinə sevgi ilə baxmaq yerinə, bir-birini maddi obyekt kimi süzürdü. Əxlaqsızın xırıltılı səsi namuslunu güncə sıxışdırdığı yerdə hansı gözəllikdən danışa bilərəm ki? Yaradanın yaratdıqları bir-birinə qənim kəsildiyi yerdə necə xoşbəxt olmaq olar?
- Kaftar sürü halında ova çıxdığı zaman aslan ehtiyat edər, fil özünü uzaq tutar. Görünən odur ki, sənin qismətinə kaftar sürüsünün tüğyan etdiyi dövran tuş gəlib...
- Yalnız kaftar sürüsü deyil, donuz yığınağının da tüğyan etdiyi bir mühit idi. Bir tərəfdə leş ətə hücum çəkən kaftarlar kimi yetimlərin ciyərini sökən iki ayaqlı goreşənlər, digər yanda donuz kimi qarşısında olanı murdar iştahla yeyib mədəsinə dolduranlar məzlumun həyata qarşı hisslərində ikrah hissləri oyadırdı. Belələri ilə bir arada olmaq, eyni havanı udmaq, həqiqətən bir kabus idi.
- Burada olmağına görə çoxmu məmnunsan?
- Hə, həm də inanılmaz dərəcədə.
- Elə isə, son sığınacağın olan əbədiyyət yuvana xoş gəldin!