Yaşadığı otaq o qədər soyuq və rütubətliydi ki,yalnız qora bişirən avqustda azacıq hənir hiss edirdi.Divarlar gözləri kimi nəm çəkirdi,pəncərələr əlləri kimi buz bağlamışdı. Yatağına uzanıb yorganını üstünə çəksə də,məzlum bədəni heç cür qızınmırdı.Uzun və soyuq qış gecələrindən sonra günəşin həsrətini çəkirdi. Fevralda üzünü göstərən günəş bayırdakı havaya hərarət qatırdı. Elə bir hərarət ki, onun yaşadığı otaqda yox idi. Acılar sirdaş,iztirablar ona qardaş olmuşdu.Çəkdiklərini dost-tanışlara hiss etdirməzdi. Hər kəlmədə gileylənmək,sızlamaq,ağlamaq təbiətinə yad idi. Dostlarından yardım gözləməz,tanışlarından mədət ummazdı. Hətta,umulan yerdən belə küsməzdi. Çiyinlərinə yüklənmiş əzab yükünün ağırlığı bir Allaha,bir də ki,özünə əyan idi. Bütün məşəqqətlərə qarşı mətanətlə sinə gərirdi. Yaşadığı çağdaş dünyada özünə normal həyat tərzi qurmaq müşkülə çevrilmişdi. Onun da içində olduğu cəmiyyətdə çox nəsnələr dəyişmişdi. Adamlar, “Utananın oğlu olmaz” zərb-məsəlini “Utananın əppəyi olmaz”kəlamı ilə əvəzləmişdirlər. İt sahibini,sahibi də ki,itini tanımadığı zamana tuş gəlmişdi gəncliyi...
Cəmiyyət arasında ovqatı xoş olardı. Könlünü tox tutar,çöhrəsindən təbəssümü əksik etməzdi. Ətrafda baş verən,qəlb ağrıdan, ürək bulandıran hadisələr ruhuna əzab versə də,bu eybəcərliklər qarşısında zahirınə aldadıcı xoşbəxtlik qatmağı bacarırdı. Onun xoşbəxt simasına baxanlar ,əfsuslar olsun ki,köksündəki yaralardan xəbərsiz idi. Sağındakılar bəxtəvər,solundakılar xoşbəxt kimi görürdü bu,bəxtəvər bədbəxti...
Onun boş ciblərindən təmənna uman cibi dolu biclər də var idi həndəvərində, köhnə,fəqət səliqəli və zövqlə geydiyi libaslarına həsəd aparanlar da az deyildi yan-yörəsində.Artıq,xain istehza ilə ona söylənən-Sən,necə də xoşbəxtsən,necə də bəxtəvərsən-kəlmələrinə alışmışdı. Haqqında söylənən haqsız fikirlərə qarşı qüruruna yenilib mücadilə etmirdi. Bir də ki,belələrinə qarşılıq vermək onun özünə qarşı hörmətsizlik olardı. Həyatın ona bəxş etdiyi acılarla birlikdə mətin addımlarla yoluna davam edən bədbəxt bəxtəvər, arabir başını sağa,sola çevirib çevrəsinə gülümsəməyi də yaddan çıxarmırdı.Bu,təbəssümdən daha çox,həyatın amansızlığına yönələn istehzanı xatırladırdı. Əhvalı xoş evə qayıdırdı. Divarları rütubətli,pəncərələri soyuq,tavanı saralmış,döşəməsi çürümüş qəmli otaq, sahibi bədbəxt bəxtəvərin yolunu gözləyirdi...