Biz nəyə baxırıq?
Fərid Azəri tərəfindən "Digər yazılar" bolməsinə 19:51 07 iyun 2014 tarixində əlavə olunmuşdur

Maraqlı sualdır, məncə... Həm maraqlıdır, həm də düşündürücü. Əvvəlcə, gəlin, xəbərlərdən başlayaq və ölkəmizdə fəaliyyət göstərən yeddi (əslində, doqquz olsa da, bu kanallardan ikisi müəyyən sahə üzrə ixtisaslaşıb) ümumrespublika yayımçısının gün ərzində xəbərləri necə və hansı üslübda təqdim etməsinə nəzər yetirək.

Ölkənin dövlət kanalı olan AzTV ilə məsələ məlumdur - Bu kanalın rəhbər tutduğu vahid və heç zaman dəyişməyəcək sabit bir xətt var və dövlət televiziyası olaraq, bu xəttə daim sadiqdir. Bu sədaqəti Azərbaycan Televiziyasının “Xəbərlər” proqramından tutmuş, gənclər, idman, mədəniyyət və hətta, uşaq verilişlərində də hiss etmək mümkündür. Sözün doğrusu, mən AzTV-ni qınamaq niyyətində deyiləm. Kanal büdcədən maliyyələşir və bu mənada da Dövlət Teleradio Verilişləri QSC-nin, eləcə də onun tərkibində fəaliyyət göstərən digər televiziyaların dövlətin siyasətinin əsas təbliğat “ruporu”na çevrilməsi başadüşüləndir.

Lakin, özəl teleradio yayımçıları ilə vəziyyət bir qədər fərqlidir. Çünki, onlar büdcədən maliyyələşmir və öz xərclərini fərdi kapital hesabına təmin edirlər. Başqa sözlə desək, özəl yayım şirkətləri öz ciblərindən yeyir. Bu əsnada, respublikada fəaliyyət göstərən qeyri-dövlət yayımçılarında son zamanlar daha çox müşahidə olunan “AzTV”-ləşmə sindromu nədən qaynaqlanır?

Bu sualın cavabını tapmaq üçün, gərəkdir ki, televiziyaların təsisçilərinə nəzər salınsın, amma bu məsələ də bizə sonunadək məlum deyil. Demək olar ki, bütün televiziya kanalları öz təsisçilərinin adını gizli saxlayır (Yalnız ANS və “Space” telekanallarının təsisçilərinin kimliyi geniş ictimaiyyətə məlumdur – red). ATV, Lider və Xəzər TV isə yalnız rəhbər şəxslərin adını açıqlamaqla kifayətlənir.

Yeri gəlmişkən, Xəzər TV ilə bağlı apardığım araşdırmalar zamanı bu telekanalın son günlər adı bəzi azərbaycanlı məmurlarla yanaşı hallanan və hətta, Türkiyədə fəaliyyət göstərən iri media-holdinqin, daha dəqiq, “Samanyolu” şirkətlər qrupuna sahibi bağlı olduğu üzə çıxdı. Sonradan Azərbaycanda xeyli müddət gündəmi zəbt etmiş və bəzi yüksək vəzifəli məmurların işini itirməsinə, bəzilərinin isə mövqeyinin zəifləməsinə səbəb olan “nurçu” qalmaqalından sonra adı çəkilən media-holdinqin “Vikipedia”-da yaradılmış

http://tr.wikipedia.org/wiki/Samanyolu_Yayın_Grubu#Kurulu.C5.9Flar

ünvanındakı səhifəsindən, holdinqə bağlı şirkətlərin siyahısından Xəzər TV-nin adı çıxarıldı.

Bu kanalda nəyə baxdığımıza gəlincə, şəxsən, mənim cavabım qəti şəkildə “heç nəyə” olar, çünki, həqiqətən də, mən bu kanala baxmıram. Nə xəbərləri peşəkar formada hazırlanır, nə də verilişləri. Toxunduğu mövzular da bayağı, yersiz və necə deyərlər, “baş qarışdırmaqdan” başqa bir şey deyil. Elə buna görə də, adı çəkilən kanal barədə çox danışmayacam.

ATV telekanalına gəlincə, 2012-ci ilin may ayında burada ən yüksək səviyyədə baş verən rəhbər dəyişiklikləri hamınıza yaxşı məlumdur. Həmin vaxt telekanalın rəhbərliyi tam tərkibdə istefaya göndərildi və qurumun prezidenti vəzifəsinə tanınmış şərqşünas alim Vüqar Qaradağlı gətirildi. Şirkətdə əsas söz sahibi olaraq göstərilən Diasporla İş üzrə Dövlət Komtəsinin sədri Nazim İbrahimov, sadəcə, kanalın menecmentinin dəyişdiyini, təsisçilik hüququnun isə, əvvəlki kimi, ailə üzvlərinə məxsus olduğunu bildirsə də, onun bu açıqlaması sonradan digər qardaşının- ATV-nin sabiq vitse-prezidenti Natiq İbrahimovun: “Bilmirəm kim gəlir, amma biz getdik” deməsi ilə şübhə altına düşdü. Məlum rəhbər dəyişikliyindən sonra kanalın proqram xətti tamamilə dəyişdi, efirində şou-proqramların çəkisi isə əhəmiyyətli dərəcədə azaldı. Bu hal özünü televiziyanın xəbər xidmətində də büruzə verdi, təqdim olunan xəbərlərin üslubu bir qədər dövlət televiziyasına yaxınlaşdı və bu yaxınlıq özünü rəsmi məlumat və süjetlərdə daha qabarıq göstərdi.

Yeni rəhbərlik, təkcə, verilişləri ətrafında, vaxtaşırı, bəzi qalmaqalların yarandığı, Zaur Baxşəliyevlə bacara bilmədi. Etiraf etmək lazımdır ki, bunun da səbəbi sözügedən aparıcının, müəllifi olduğu layihələrin kanala reytinq və bununla paralel olaraq, reklam və maliyyə vəsaiti gətirməsidir. Bunun da günahı təbii ki, heç kimdə yox, elə biz tamaşaçılardadır. Maraqlıdır ki, onun layihələrindən narazı olan da bizik, bu proqramları izləyən də yenə biz tamaşaçılarıq. Nə qədər paradoksal hal olsa da, bu, belədir. Ona görə də, bu tipli verilişlərin efirdə olmasına görə kanal rəhbərliyini günahlandırmaq yersizdir. Hər halda, ümid edək ki, çox yaxın zamanda daha biz bu verilişlərə baxmaqdan əl çəkəcəyik.

ANS kanalına gəlincə, bu telekanal Azərbaycanın müstəqilliyinin həmyaşıdıdır. Hətta, “ANS müharibədə böyüyüb” desəm, ifrata varmamış olaram. Yarandığı gündən Azərbaycan həqiqətlərini dünyaya, olduğu kimi, çatdıran, Qarabağ müharibəsinin ən alovlu çağlarında cəbhədən reportajlar hazırlayıb Azərbaycanın o vaxtkı rəhbərliyinin qadağalarına rəğmən, onları öz efirində yayımlayan, mənim üçün isə bir vaxtlar “azad sözün simvolu” olan ANS daha o ANS deyil. Nə “İç Xəbəri” iç xəbərdi, nə “Xəbərçi”-si xəbərçi.

Ən azından, o vaxt “İç Xəbər” daha “iç” idi və sadə xalqın problemlərini çatdırmaqla kifayətlənmirdi, bəzi məmurların qorxulu kabusuna çevrilməyi bacarmışdı. O zaman qonşusunun pişiyindən narazı olan da: “ANS-i çağıracam”- deyirdi, yüksək vəzifəli bəzi məmurların əziyyət verdiyi vətəndaş da. İndi isə, ANS “Cin çıxaran”ların, cadugərliklə məşğul olub insanları tələyə salan “şarlatan”ların məkanına çevrilib. İndi ANS-in Çingiz Mustafayevin adını daşıyan radiosunda ermənilərin zaman-zaman oğurlayıb öz adlarına çıxdıqları Azərbaycan mahnıları ilə yanaşı, “hit parad” pərdəsi altında erməni musiqisi də səslənir. Bizim muğam və mahnılarımızı mənimsəyən bir xalqın musiqisini ANS “radio-layihə” adı ilə xalqa sırıyır. İndi ANS-də Elgiz xalqa ağıl öyrətməyə çalışır, indi Qarabağ müharibəsinin od-alovu içərisindən çıxmış İlqar Mikayıloğlu telekanalın efirində ən mənasız bir verilişə aparıcılıq edir. Bütün bunlar zamanınmı tələbidir, təsisçininmi? Bunu deyə bilməyəcəm. Təsisçidən söz düşmüşkən, bir müddət öncə, bu telekanalın da təsisçiliyində müəyyən dəyişikliyin edildiyi barədə xəbər aldım. Xəbəri verən mənbənin sözlərində yanlışlıq payının ola biləcəyini nəzərə alaraq, nə mənbənin, nə də yeni təsisçi qismində adı hallanan şəxsin kimliyini açıqlamaq niyyətində deyiləm. Amma, hər zaman olduğu kimi, yenə də ANS kanalının, nə vaxtsa, özünün əvvəlki simasına qayıdacağına ümid etməkdən başqa əlimdən heç bir şey gəlmir.

Nə qədər təəccübünüzə səbəb olma ehtimalı olsa da, Space və Lider telekanalları barəsində bir cümlə də yazmayacağam, heç bir kəlmə söz də deməyəcəyəm. Bunun da iki səbəbi var: Birincisi, mən bu kanallardan birinin verilişlərini, davamlı olaraq, izləmirəm, digərində isə yalnız xəbərlər buraxılışına baxıram. Çünki, burada baxılacaq heç nə yoxdur. Mən çox arzulayıram ki, yazımın ardını yazanadək keçən müddət ərzində bu iki telekanalı da izləyim və məndə onlar barədə yazmaq üçün müəyyən bir fikir formalaşsın. Elə bu arzu ilə də, ardı var...


... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
9+26=
Hesaba giriş
Müəllif

Fərid Azəri
Haqqında

Əlaqə
E-mail:
http@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0302 saniye