Çalışın saçlarınız sizi tərk etməsin...
Ulviyye Heydarova tərəfindən "Digər yazılar" bolməsinə 02:15 08 may 2012 tarixində əlavə olunmuşdur

Başından bir tük əskik olsa, özümü öldürrəm! Bu sözləri ilk dəfə mənə toxunan qadından eşidəndə doğrusu, təəccübləndim. Bir telin başdan ayrılması böyük fəlakətdirmi ki, zərif əllərin sahibi özünə qəsd etməkdən belə çəkinmir? Əlbəttə, o zaman dediyini dərk etməsəm də, təriflərindən məst olub bir yöndə qərar tuta bilmir, gah qıvrılar, gah da özümdən gedərdim. Hətta ərköyünlüyümə salıb kefimə düşəndə istəyinə qarşı çıxardım. Onda darağı götürüb acıqla üstümə düşəndə uşaqla bərabər əziyyət çəkərdim. Bununla belə hər gün əlinin içində tumarlanar, körpəsini yatırdanda öpülərdim. Mmmm, onda elə sevinərdim, gəl görəsən! Hətta bir az lovğalanardım da. Niyə də yox?! Heç bilirsinz, uşağın totuq üzü, toppuş əli öpüşlərə qərq olmaqçün necə sinov gedirdi? Çünki yazıqlar dodaqlarla yox, həmişə dişlərlə görüşürdülər. Bircə onun isti nəfəsində isinən mən idim. Bəlkə ona görədir ki, sərt əllərlə rastlaşanda şaşırar, nə edəcəyimi bilməzdim. İllah da yekəpər ərinin əllərinə düşəndə onun cod tükləri ipək kimi tellərimlə əlbəyaxa olardı. Özümü itirməkdən elə qorxardım… Ona görə də bircə ona əminəm ki, məni qoruyan yeganə varlıq varsa, o da sevdiyim əllərin sahibəsidir. Hər halda o zaman belə düşünürdüm və onun incə barmaqlarından savay heç kimi arzulamırdım. Lakin bir gün onun nəvazişindən məst olub özümdən gedəndə heç gözləmədim halda məni ərinə göstərib:

 - Balamıın başı tükləşib… Dəlləyə apararsan, - deyib tellərimi dodaqları ilə islatdı.

    Vay, bu nədir eşidirəm? Başından bir tük əskik olsa, ay nə bilim, özümü neyləyərdim deyən, görəsən, kim idi? İndi əzizləyə-əzizləyə ölümə göndərir. Eh… Belə çıxır ki, buna bel bağlamağım əbəsmiş… Şampun köpüklərinin içində görünməz olanda elə sığallanardım. Hayıf o günlərdən! Deyəsən, ayrılıq uşağın da xətrinə yaman dəydi. Gör e, körpə, əllərinin içində gizlədir ki, xilas etsin, bunlarsa… Kaş, onun xırda barmaqlarından yapışıb qalardım, təki dəlləyin yanına getməzdim.

   - Ağlama oğlum, keçəl olsan sənə çoxlu dondurma alacam!

   Uşaq dondurma adını eşitcək elə atdanıb düşdü ki, mən də ixtiyarsız özümçün yellənməyə başladım. Bir az keçməmiş, əllərini tellərimdən çəkib atasının şalvarından yapışdı. Atası yol boyu oğluna qorxulu nağıllar danışıb başını elə qatdı ki, heç yadına dondurma da düşmədi. Mənsə həyəcandan biz-biz olub dəlləyi gözləyirdim. Ülgüc iti olduğundan asanlıqla öhdəmdən gəldi. Guya ona qarşı çıxıb nə edəcəkdim?! Onsuz da arzu olunmaz idim. Bir də özümü elə gücsüz, kimsəsiz hiss edirdim ki. Hər kəsə yuxarıdan aşağı baxasan, amma nəyinsə qarşısında aciz qalasan. Eh, istəməsəm də, dondurmanın güdazına həyatla vidalaşmalı oldum.

   ...Bir müddətdən sonra yenidən dünyaya gəldim. Bu dəfə hirsimdən codlaşmışdım. Acığa düşüb lap vız olmaqdan belə çəkinmirdim. Bilirdim ki, bu vəfasızların məndən ötrü ürəkləri getsə də əvvəl-axır dəlləyin əllərinə həvalə edəcəklər. Beləliklə, çarpışa-çarpışa uşaqla birgə ömrümə davam etdim.

    İndi ixtiyarım bu gəncin əlindədir. O, məni suyla isladıb gah tez-tez darayar, gah da başına nə isə sürtüb istədiyi şəklə salardı. Bir sözlə, qızların xoşuna gəlməkçün min cür hoqqadan çıxmaqdan yorulmazdı. Amma anası yenə əvvəllər olduğu kimi oğlunun başına sığal çəkib enli ləblərini mənə yapışdırardı. Düzdür, öpüş dəqiqələri hər saat baş verməsə də, ayda- ildə bir dəfə bu xoşbəxtliyin dadını yaşıyırdım. Əlbəttə, biganəlik qısqanc tellərimi özündən çıxarırdı. Bir gün anası məni oxşayıb həmişəki kimi «Qurban sənə!» deyəndə, fikirləşdim ki, görəsən, o hər dəfə kimi nəzərdə tutur?.. Eh, əlbəttə ki, oğlunu! Ümid içində yaşamaq belədir də, öz-özünə sual verməkdən usanmırsan. Təbii, oğlan belə şeyləri düşünmürdü, guya utanırmış kimi başını aşağı salıb ayaq barmağının ucunu yellədi. Qolunu ədayla qaldırıb saatına baxanda birdən başının içindən nəsə qalxıb enməyə başladı. Təşvişə düşərək eynən məni parıldadan kimi cəld ayaqqabılarını qara əski ilə sürtüşdürməyə başladı. Evindən çıxanda dəhlizdəki güzgüdə özümü şəvə kimi qapqara, parıltılı, dalğalı görəndə sevindiyimdən az qala vız qalacaqdım. Gürrələndiyimdən özümü elə dartdım ki, oğlan əllərini sürtüb «sakitləşdirməyə» başladı. Başımdan bir tük əskik olmasın! Anasının illər öncə oğluna dediyini, indi özüm-özümə arzulayıram.

Bütün bu təşvişin, həyəcanın səbəbi onun görüşə gecikməsi idi. Qızın xoşuna gəlmək üçün yenə əlini mənə sürtüb qarışdırmağa başladı. Onu da heç anlamaq olmur, axı, arzusuna zidd getmirdim. Nə isə… Nəhayət, qızla görüşdü. Bəh, bəh, bəh, qız nə qız! Zərif, uzun saçları məni lap özümdən çıxartdı. Əlacım olsaydı təpəsindən ayrılıb uzun saçların yanına tullanardım. Amma yox! Qopsam lazımsız tük olub ya pencəyinin qolunda, ya da ki köynəyinin boynunda sallanacam, sonrasıda məlumdur. Yaxşısı, elə oğlanın başında qalıb zərif telləri yanıma çağırmağımdır. Onlar skamyada yanaşı oturub söhbət edəndə uzun ipək tellərə yaxından baxmaq şərəfinə nail oldum. Əlbəttə, o saçların içində itib batmaq istəsəm də təəssüf, ixtiyar sahibi deyildim. Yəqin edirdim ki, onun da mənə meyli var. Axı, öz aramızdı, oğlan mənə pis qulluq etmirdi?! Ancaq saçlara sahibimin barmaqları toxunanda bir an əllərinə qibtə etdim. Zərif tellər elə bil bihuş olub özündən getdi. Qız da gözlərini yumub göyün hansısa qatında uçdu. Birdən yerindən sıçrayaraq, daha bəsdir! - deyib zarafatca məni barmaqlarına keçirib yolmağa başladı. Zarafat ha?! Saçlarından ötrü bayaqdan bir təhər olmuşam, o isə incitməkdən həzz alırdı. Düz, üç tüküm zarafatının qurbanı oldu. Beləcə, zərif tellərlə görüşümün sayını itirməyə başladım. Düzdür, tellərin əhatəsində saatlarla qalıb ətrindən uymaq istəsəm də bunu gerçəkləşdirmək gücünə qadir deyildim. Nəhayət, günlərin bir günü onlar evlənəndə axır ki, arzuma qovuşdum. Qızın ovcunun içində əriyir, uzun saçları sanki məni qucaqlayırdı. Pıçıltılarından heç nə anlamasam da, bilirdim ki, təriflərin içində mən də varam. Mm, nə ləzzət idi?! Baxmayaraq, hərdən gecədən səhərə kimi saçların dövrəsində havasızlıqdan boğulurdum, amma bununla belə… Beləliklə, sevimli saçların ağuşunda xoşbəxt həyat sürməyə başladım.

  …İllər keçdi. Ah, yaşadığım o anlar artıq arxada qalmışdı. Uzun, zərif saçların həsrətindən haray qoparıb imdad diləmək istəyirdim. O vicdansızsa evə həftələrlə getmir, başqa qadınla görüşdüyündən məcbur olub sarı qıvrım saçla gecələyirdim. Bu vəziyyətə heç uyuşa bilməsəm də məni anlayan kim idi? Düzdür, qadının barmaqları tez-tez yanıma gəlsə də uzun dırnaqlarından qıcıqlanırdım. Hər şeydən bezib bu içi boş başa vida demək istəyirdim. Amma ümid edirdim ki, nə vaxtsa o günlərimə yenidən qayıdaram. Bir dəfə küçədən keçəndə külək zərif saçları havaya qaldıranda sevincimdən qalxıb enməyə başladım. Qara saçlara ağ dənlər düşsə belə, o yenə də əvvəlki tək sevimli idi. Sahibimsə yolunu dəyişib iti addımlarla dar küçənin içində qeybə çəkildi. Anladım ki, daha bundan sonra arzularımın içində yaşayıb özümü aldatmağım əbəsdi. Keçirdiyim həyacandan, əsəbdən usanaraq sahibimi getdikcə tərk etməyə başladım. Başımdan bir tük əskik olmasın! Bu fikirlər yadınızdadır? Onda yaşamaq elə şirin idi ki. İndi fikirləşirəm, elə bu başda qalmasam yaxşıdı...                                                                                                                                                                                                

 


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+3=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.026 saniye