Başın yekəliyi zəkanın parlaqlığına dəlalət etməz. Fəlakət ruhun ölümü, cismin debilləşməsi zamanı baş verir. Bu, o anda baş verir ki, artıq nəfs cismi istismar altına alır. Gözlər ətrafdakı hər şeyə şəxsi obyekt kimi baxır, əllər harama yan alır, ayaqlar pisliklərə sürüklənir, çürük zehniyyət aldatmağı qarşısına məqsəd qoyur. Hədəf günahsızı əzmək, əlindəkini zor və ya hiylə gücünə almaq, özününkü olmayanı özəlləşdirməkdir. Zorun gücünə əmin olaraq hər şeyi əldə etmək şərəfsizin, “imansız kitabı”na yazdığı ilk qaydadır. İmanın olmadığı yerdə isə, məzlumun və məsumun sözü tükənər. Çünki, şərəfsiz və debillər üçün haqq sözü önəm daşımır. Onlarla ya öz dillərində danışmalı, ya da ki, bir köşəyə qısılıb, onları Allaha həvalə etməlisən. Üçüncü yol yoxdur. Zalımın ətəyində lövbər salmış imansızların Haqqa sığınması imkansızdır.
Fiziki qüsur fəlakət deyil, vay o günə ki, zehniyyət qüsurlu ola. Həyatımızın əksər sahələrində debillərlə qarşılaşırıq. Bir sözlə,indi dünya debil qıtlığından şikayətçi deyil. Abırsızların üzündə qanqallar tumurcuqlamışsa, ismətsizlər “əxlaq” məruzələrinə başlamışsa, kafir Allah deyib, şeytana tapınmışsa, simasız utopik sifət yaratmışsa, ah, bu dünyanın halına...
İki varlıqdan uzaq qaç, gözəl qardaşım, bir Allahdan, bir namusdan ağız dolu danışanlardan. Belələrində çox zaman danışdıqları nəsnələr kəm olar. Zahiri “ağıllı” görüntü yaratsa da, onların daxili debillikdən xəbər verər. Deyəsən, ata – analı yetimlər üçün uzun sürəcək, bu amansız, insafsız dünyanın gedişi və gərdişi. Bu üzücü, bu ümidsiz cümlələri oxuyan bic debillər üçün yazılanlar kar etməz. Boyun yoğunladığı zaman kəllənin üzəri piy qatı ilə əhatə olunur, beyin ətrafda baş verənlərə reaksiyanı itirir. Bu, o zaman baş verir ki, vicdan fəaliyyətini dondurur. Debillər üçün dünən unudular, gələcək olmaz, yaşananlar özünü bu günlə tamamlar. Zalımın bədbəxtliyi ondadır ki, o, başqasını xoşbəxt görməyə dayana bilmir. Hər fürsətdə qarşısındakı fağırı əzməkdən zövq alar. İlahi, biz birinin haqqına, hətta, bilməyərək girdiyimiz zaman, bunun əzabı ilə qovrularıq. Bəs, bu qədər haqqı tapdanmışların haqqına göz dikənlərin aqibəti necə olacaq?
Zəfər özünü fiziki güclə tamamlamaz. Müəyyən bir zamandan sonra əzələ öz qüdrətini itirər, zəka isə davamiyyətini qoruyar. Əfsuslar olsun ki, çox zaman idrakın kölgədə qalması debilliyə cığır açır. Debilləşmənin toplumu fonunda ortaya çıxan isə, zombiləşmış bir tablodur...