Hadisələri izləmədən, söhbətin nədən getdiyinin fərqinə varmadan birbaşa müdaxilə edər, kimsənin anlamadığı dillə danışar, özünü diqqət mərkəzində saxlamaq istərdi. Başının yekəliyini deyil, yekə başlılığını ortaya qoyardı. Elmi, ədəbi, siyasi, iqtisadi hər hansı sahə olur olsun adam dərhal mərkəzdə qərar tutardı. Mən də varam – deyibən də, eşitdiyi bəzi mənasız sözlərdən cümlə qurub özünü təsdiq etmək uğruna çırpınardı. Totalitar, ambisiya, defolt, de – yure, barter, deduksiya və bu kimi gəlmə sözlərdən cümlə qurmaq istəsə də, eninə - uzununa gen – bol ölçsə də, heç cür alınmırdı ki, alınmırdı. Bu, sözləri haradan oxuması və ya eşitməsi bir yana, heç bu, sözlərin anlamını belə doğru – dürüst bilmirdi. Məhz bu səbəbdən idi ki, sözlər cümlələrə calananda yerinə doğru oturmurdu. Söhbətə mənəmlə başlayb, mən və ya mənimdirlə nöqtə qoyardı. 20 illik “yaradıcılığında” cəmi bir “məqalə” və iki “şer” yazmışdı. Nobel arzusunu tez – tez vurğulayırdı. Fəqət bilmirdik ki, o, hansı Nobelin arzusunda idi ? Nobel prospektində gəzib dolaşmağınmı, yoxsa Nobel parkında dincəlməyinmi ?..
Dilbaz – bu, ona verilən yeni ad idi. Demək olar ki, tam üzərinə oturmuşdu. Özü də, yeni ayamasından məmnun idi. Şadrəddin Dilbaz, yeni imza, yeni nəfəs. O, həm də kal məsləhətlər “usta” sı idi. Vay o günə ki, gənc şairin və ya ədəbi mühitə ilk qədəmlərini qoyan yazarın onun “məsləhəti” olmadan yazısı işıq üzü görərdi. Əgər, belə bir hal baş verdisə, həmin gənc ağsaqqal “ədib” in qınağından canını zor qurtarırdı. Dilbaz “yaradıcılığından” bəhrələnmədən ədəbi mühitə atılmaq böyük bir qəbahət idi. Bir dəfə gənc şairlərdən biri, Şadrəddin Dilbaza – bağışlayın “ustad” siz, şerlərinizi hansı janrda, hansı vəzndə yazırsınız ? deyə, sual etmişdir. Bu, sualdan bərk qəzəblənən dilbaz, həmin gənci 178 dəqiqə danlamış və sonra ona, bir az ağır olmağı “tövsiyə” etmışdir. Gənc isə, dilbazın qəzəb dolu “iradlarından” cəmi iki cümləni anlaya bilmişdi. Deyilənlərə görə, Şadrəddin Dilbaz 6 səhifəlik yeni bir “poema” üzərində “işləyir”. “Mövzu mənəm – mənlik deyin” başlığı ilə yazılacaq poemanın ana xətti, müasir gəncliyin “dilbaz yaradıcılığı” na yetərincə diqqət ayırmamasıdır. Və bir də, deyirlər ki, “ustad” Şadrəddin Dilbaz nəhayət ki, deduksiya sözünün mənasını tapmağa müvəffəq olub. Neynək, heç olmamaqdansa, az olması da bir nəticədir...