Filosofların həyatı - 3 cü yazı
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 12:09 05 dekabr 2015 tarixində əlavə olunmuşdur

Siseron. Kvint Liqari adlı bir nəfər Qay Yuli Sezarın düşmənlərindən olduğuna görə ittıham edilir. Siseron müdafiəni öz üzərinə götürəndə Romaya yenicə qayıtmış Sezar dostlarına deyir: «Çoxdandır Siseronu eşitmirik, qulaq asaq, görək, nə danışır. Onsuz da Kvintin təbili çalınıb, hamı onu xain və əclaf kimi tanıyır.» Ancaq Siseronun nitqi elə ilk kəlmələrdən o qədər təsirli və inandırıcı olur ki, Sezar həyəcandan əlindəki kağızı yerə salır, nitqin ortasından isə artıq Liqarinin azad olması barədə göstəriş verir. Siseron özünün «Qocalıq haqqında» dialoqunda yazmışdı: «Deyilənlərə görə, guya qocalıq bizi bütün həzzlərdən məhrum edir. Həzzdən məhrum olmağa gəldikdə onu demək lazımdır ki, dünyada bundan yaxşı vergi ola bilməz. Vətənə xəyanətdən tutmuş hər cür cinayətə səbəb bu deyilmi? Hər cür şöhrətpərəstliyin, rəqabətin, düşmənçiliyin, tüğyan edən hər cür ehtirasların baisi ləzzət deyilmi? Bunu da, bilin ki, ondan məhrum olanlar bu itkini qətiyyən hiss etmir.» Qədim Romanın tanınmış siyasi xadimi və natiqi Siseronun kürəkəni balacaboy imiş. Bir dəfə Siseron onun belinə iri bir qılınc bağladığını görüb demişdir: — Mənim kürəkənimi kim bu qılınca bağlayıb ?

Sokrat Bir dəfə Sokrat filosofların məclisinə dəvət olunur. Alimlər uzun-uzadı nitq söyləyərək, yaxşı danışıq qabiliyyəti nümayiş etdirirlər. Bir qedər keçəndən sonra dostları Sokratdan xəbər alırlar: «Danışıqların hansı xoşuna geldi? — Aqafon. — Axı, o, məşhur qanmazdır, həm də o heç ağzını açıb danışmadı. — Bəs bilmirsiniz ki, axmağın sükutuna qulaq asınaqdan yaxşı bir şey yoxdur. Sokratın layiqli şagirdi olan Antisfen afinalılara məsləhət görür ki, onlar eşşekləri at hesab etsinlər. Səbəbini soruşanda deyir: «Siz, axı bir-iki səs çoxluğu ilə gedadan sərkərdə eləyirsiniz.» Bir varlı ilə yol yoldaşı olan Sokrat yolda quldurların mühasirəsinə düşür. Varlı qorxu ilə deyir: — Əgər onlar məni tanısalar, onda vay mənim halıma. Sokrat isə cavabında deyir: — Əksinə, əgər onlar məni tanımasalar, onda vay mənim halıma.

Birisi Sokratı yemək üçün ot-ələf yığdığını görür: — Əgər sən şaha qulluq etsəydin, onda ot-ələflə qidalanmazdın. — Əgər sən də ot-ələflə kifayətlənsəydin — Sokrat cavabında deyir — onda sən də kiməsə qulluq etmək məcburiyyətində qalmazdın.

Zindan gözətçilərini ələ alıb Sokratı həbsdən qaçırmaq istəyən tələbələrinə alim belə cavab verir: — Mən ömrüm boyu düzlüyü, ədaləti, qanunlara hörməti təbliğ etmişəm. Bəs indi məhkəmənin hökmünə tabe olmayıb qaçsam, hamı mənə sözü ilə əməli uyğun gəlməyən bir boşboğaz kimi baxmazmı? Bundan bir neçə gün sonra məhkəmənin hökmünün icrasını gözləməyərək Sokrat özünü zəhərləyib öldürür. Məhkəmə Sokrata ölüm hökmü çıxararkən onun zalda oturan arvadı hönkürüb qışqırır: — Ay camaat, ərimi günahsız olaraq öldürürlər. Sokrat qəzəblə ona baxıb deyir: — Bəs sən nə istəyirdin, istəyirdin ki, ərin dünyadan günahkar sifəti ilə getsin? Məhkəmənin Sokrata ölüm hökmü çıxarmasından sonrakı günlər müqəddəs Apallon ayı idi. Afina adətinə görə, bu ayda adam öldürmək cinayət sayılırdı. Bu səbəbdən, Sokrat hökmün icrasına qədər zindanda saxlanılır. Yanına gələn tələbələrindən biri bir dəfə ona təzə bir libas da alıb gətirir. Lakin Sokrat bundan imtina edərək deyir: — Belə çıxır ki, əynimdəki paltar mənə yaşamaq üçün yarayıb, ölmək üçün yaramır? Siyasi baxışlarına görə Sokrat demokratiyanın əleyhdarlarından idi. O, öz mövqeyini bununla əsaslandırır ki, adi səsvermə yolu ilə yoldankeçən birini necə şah seçmək olar? Döyüşlərdən birində at çatışmadığını görən Sokrat fürsətdən demokratiyanın tənqidi üçün istifadə edərək söz alıb deyir: -Mən təklif edirəm ki, gəlin səsvermə yolu ilə eşşəkləri də at hesab edək, problemimiz həll olsun. Sokratın kəlamlarından: — Ey insan, danış səni görüm. — Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik. — Təkcə onu bilirəm ki, mən heç bir şey bilmirəm. — Məqsəd — vasitələri bəraətləndirir.

Sokratın məhkəmədəki axırıncı sözü bu olur: — Kriton, biz Asklepiyə bir xoruz borcluyuq, onu verməyi unutma. Asklepi Apollon allahının oğlu olub, qədim Yunanıstanda həkimlik ilahisi hesab olunurdu. Xəstələr sağalma ərəfəsində ona qurbanlar verirdilər. Sokrat bununla bu əclaf zəmanədən xilas olduğu üçün özünü xoşbəxt hesab etdiyinə işarə vururdu. Sokratın məhkəməsi zamanı tələbəsi Lisiy onun vəkili kimi çıxış etmək istəyir və o dövrün məhkəmələri ruhunda hazırladığı müdafiə nitqini Sokrata göstərir. Sokrat isə oxuyub deyir: — Gözəl nitqdir, əziz Lisiy, amma mənə yaramır. Lisiy təəccüblə: — Əgər gözəldirsə, bəs onda nəyə görə yaramır? — Məgər gözəl paltarlar da həmişə mənə yararsız olaraq qalmırdımı? deyə Sokrat bildirir və öz müdafiəsini özü boynuna götürür. Sokratın haqqında ölüm hökmü verildiyini eşidən dostları onu xilas etmək üçün həbsxanaya gəlmiş və filosofun saxlandığı otaqdan həzin musiqi səsini eşitmişlər. Yaxına gəldikdə Sokratın arfa çalmaqla məşğul olduğunu görüb: — Sənin edamına hökm verildiyi halda burada oturub musiqi çalırsan? — deyə təəccüb etdikdə o demişdir: — Əgər bu gün də çalmasam, bəs nə vaxt çalacağam? Sabah atrıq gecdir, əldə olan imkandan ancaq bu gün istifadə edə bilərəm!

Platon Antik dünyanın ən böyük filosoflarından biri olan Platon, qədim aristokrat ailəsində anadan olmuşdu. Onun əsl adı Aristokl olub. «Platon adını alnının genişliyinə görə almışdır. Platon 20 yaşından Sokratın şagirdi olub. O, ölənə qədər ondan ayrılmamışdır. Platonun saysız-hesabsız şagirdlərindən ən məşhuru Aristotel olmuşdur. Sonralar Aristotel müəllimi ilə düz gəlməyib höcət edərmiş. Platon bu münasibətlə onu «anasını əmərkən kəllələyən dayça» adlandırmışdı. Platondan soruşurlar: «Bədbəxtlik üz vermiş adam nə ilə təsəlli tapa bilər? — Ağıllı adam baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır, ağılsız isə bədbəxtliyin başqalarının da başına gəlməsini düşünüb təsəlli tapır» — deyə filosof cavab verir. Yunanıstan filosofu Platonun (e.ə. 427-347) yanına gəlib demişdilər: «Filankəs səni tərifləyirdü...» Platon bunu eşidib, dərin fikrə getmiş və xəbər gətirən: «Böyük alim, nə üçün fikrə getdiniz?» — deyə soruşduqda: «Fikirləşirəm, görüm son vaxtlar əlimdən və dilimdən nə nöqsan baş vermişdir ki, belə bir cahil adam məni tərifləsin» — deyə Platon cavab vermişdir. Platon belə hesab edirdi ki, insanın xeyirxah və əxlaqlı olması üçün o, «yaramaz əməllərə həvəsini» başlanğıcdan cilovlamalıdır. Platon hesab edirdi ki, musiqi haqqında ondan alınan zövqə görə mühakimə yürütmək olar, ancaq eyni zamanda o musiqi əladır ki, ondan ən yaxşılar həzz alsın. Platondan soruşmuşlar: «Nə üçün müəlliminə öz atandan daha çox hörmət göstərirsən?» — o demişdir: «Çünki atam məni göydən yerə endirmiş, müəllim isə yerdən göyə qaldırmışdır.» Tələbələri ilə söhbətlərin birində Platon insana belə bir tərif verir; — İnsan — ikiayaqlı lələksiz varlıqdır. Bundan sonra Diogen bir xoruzu götürüb lələklərini yolur və öz tələbələrinə göstərib deyir: — Bu da Platonun insanı. Bundan sonra Platon öz tərifinə aşağıdakı düzəlişi etdi: — İnsan yastı və enli ayaqları olan ikiayaqlı varlıqdır.

Plutarx Qədim yunan tarixçisi və filosofu Plutarx deyirdi: «Fəlsəfə ehtiraslara qalib gəlməkdə insana kömək edir. Ancaq xeyirxah olan adam, həqiqətən, sağlamdır və əgər o, ehtiraslara qapılırsa, deməli, xəstədir və onun müalicəyə ehtiyacı vardır. Buna görə də, fəlsəfə qəlbin təbabəti, filosof isə qəlbin həkimidir.» Plutarx yazmışdır: «Aslan dərisindən tikilmiş kürkə bəzən tülkü dərisindən də yamaq vururlar.» Plutarxın hesablamalarına görə o, döyüşlərdə yüzlərlə yara almışdı və onlardan bir neçəsi son nəticədə onun ölümünə səbəb olmuşdu.

Ptolomey İskəndəriyyə şəhərində yaşayıb-yaratmış görkəmli yunan astronomu və coğrafiyaşünası Ptolomey (eramızın II) ilk coğrafiya atlasını tərtib etmişdi.

Opili Roma İmperatoru Opilinin (b.e. 217-218) cəza üsulları vardı — nəhəng öküzlərinin qarnını yırtdırır, sonra isə əmr edirdi ki, ordudan fərarilik edənləri öküzün qarnına elə yerləşdirib tiksinlər ki, onların təkcə başları görünsün və bir-birləri ilə danışa bilsinlər. Bəzi caniləri Opili diri-diri ölülərə bağlatdırır, nəticədə məhkumlar tədriclə çürüyərək ölürdürlər. E.ə 91-ci ildə Roma qanunlarına görə xalq tribununun evinin qapısı istər gecə, ister də gündüz cəftə, yaxud qıfılla bağlana bilməzdi. Xalq tribunu olan Livi Druzun da evi istisna deyildi, üstəlik hər tərəfdən açıq idı. Bir bənna ona təklif edir ki, 5 talanta vəziyyəti düzəldə bilər. Druz cavabında deyir: «Götür 10 talant, mənim evimi dörd tərəfdən şəffaf elə ki, hamı gündəlik nə etdiyimi görsün.» Məhkəmədə bir qadın öz oğlunu tanımaqdan imtina edir. Oğlan isə iddia edir ki, qadın onun anasıdır. Ancaq heç biri inandırıcı dəlillər gətirə bilmir. İşi belə görən Roma İmperatoru Klavdi (b.e. 41-54) qərar çıxarır ki, qadın oğlana ərə getsin. İşin bu cür gözlənilməz şəkil alacağını ağlına gə­tirməyən arvad dərhal boynuna alır ki, oğlanın anasıdır. Roma qanunlarına görə, senat imperator ailəsindən ərə gedən qızlara dövlət hesabına cehiz verirdi. Bir dəfə Roma imperatoru Neron (b.e. 54-68) gəlin paltarı geyinərək senatı yığır və ərə getmək istədiyini bildirib, ondan qanuni qaydada cehiz və xeyir-dua tələb edir. Cehiz alandan sonra isə dədə-baba adətiylə toy edib cavan bir oğlana toy kəsdirir. Sadə əkinçi olan Lutsi Tsinsinnatı romalılar sərkərdə vəzifəsinə, sonra isə diktatorluğu qəbul etməyə çağırmışdılar. Tsinsinnat qonşu düşmən qəbilələri darmadağın etdikdən sonra könüllü olaraq hakimiyyətdən əl çəkmiş və kənddə cüt sürməyə qayıtmışdı.

Demosfen Aleksandr Makedonski məşhur natiq Demosfenin təslim edilməsini istəyərkən o, Afinadan qaçmaq məcburiyyətində qalır. Yolda o görür ki, arxasınca beş-altı adam onu izləyir. Məlum olur ki, onlar onun düşmənləridir. Demosfen gizlənməyə çalışırsa da, mümkün olmur və onlar onu tuturlar. Lakin düşmənləri ona çatıb heç bir ziyanlıq vermirlər, əksinə bildirirlər ki, onlar onun getdiyini eşidib, ona köməklik göstərmək üçün onun ardınca gəliblər. Həqiqətən, ona yol xərcliyi, çoxlu azuqə, paltar verirlər. Bundan sonra çox mütəəssir olan Demosfen hönkür-hönkür ağlayır. Düşmənləri ona təsəlli verib sakitləşdirmək istəyərkən deyir: — Necə ağlamayım ki, mənim doğma vətənimdə nəinki dostlarım, hətta elə düşmənlərim qalır ki, başqa məmləkətdə hətta bu cür dostlar da tapa bilməyəcəyəm. Öz məhkəmə nitqləri ilə məhşur olan Demosfen ahəng və davranışın sözlərə nə qədər inandırıcılıq gətirdiyini bildiyindən çıxışlarını həmişə güzgü qabağında hazırlayardı, bəzən çölə çıxmayıb və aylarla evdə məşq edərdi. Məhkəmədə isə sağ tərəfində tavandan qılınc asdırardı ki, danışanda sağ çiynini verdişi üzrə tez-tez atmasın.

 

 

 

 

 

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+31=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0299 saniye