Mauqli
Bir zamanlar çox məhşur olan “Mauqli” cizgi filmi, dönəmin fidanları üçün əlçatmaz bir qəhrəman idi. Bu, cəsurluğu təbliğ edən cizgi filminin ən həyacanlı yeri isə, meşənin baş bəlası “Şirxan”la (pələng) Mauqlinin təkbətək savaş səhnəsiydi. “Mauqli” çılğın uşaqların ilham mənbəyinə çevrilmişdi. Bütün əngəllərə və məşəqqətlərə rəğmən, Mauqli məsgunlaşdığı meşədən şikayətçi deyildi. Bir zamanlar Mauqlinin halına acısaq da, onun yenidən cəmiyyətə, insanlar aləminə qovuşmasını arzulasaq da, indi, onun necə bir gözəl mühitdə yaşadığını daha yaxşı anlamaq olur və ona cəngəllikləri seçdiyi üçün haqq da, vermək olar...
Çağdaş dünyamızda cəngəllik qanunları bəzi cəmiyyət qaydalarını tam üstələyib desəm, bəlkə də,yanılmaram. Bir az diqqətlə, bir az soyuq başla çevrənizə nəzər salın,dünyada nələr baş verir və ya, nələr baş vermir ki...
Adəm övladının bir-birinə tutduğu divan,acımasız hərəkətlər,kəsilən başlar,tökülən qanlar, zalımın gücü, haqsızın “haqqı”,cahilin “xütbəsi” və daha nələr,nələr...
Mauqli, sən xoşbəxt insansan! Sənə qibtə etmək olar. Sənin dünyanda olan dörd ayaqlı şüursuzlar, bizim dünyamızda mövcud olan bəzi iki ayaqlı şüurlulardan daha faydalıdır. Sənin dünyandakı canlılar öz yaşam tərzlərini təbiətə uyğun şəkildə qurmağı bacarıb. Bizim dünyamızda mövcud olan bəzi iki ayaqlı yamsaqulaqlar isə, təbiəti öz istəklərinə uyğunlaşdırmağa çalışır. Sənin dostun Balu ağac əkə bilməsə də,ağaclara zərər də vermir. Sənin rəqibin “Şirxan” cəmiyyət satqınlarından və bəzi namərdlərdən fərqli olaraq cəsarətlə qarşına çıxmağı bacarır. Şərəfsiz “dost”lardan şərəfli düşmən daha önəmli deyilmi, Mauqli?...
Mauqli inan ki, indi dünyada ən təhlükəsiz yer sənin yerindir. Hələlik xoşbəxtsən, ey, əfsanəvi Mauqli hələlik o, zamanadək ki, sənin yurduna adam sifətində görünən şeytan xislətli varlıqların ayaqları dəyməyib. Mauqli, sən bir bilsən ki, biz məzlumlar nələrlə qarşılaşırıq bu, zahirən sivil,daxilən zibil dünyada. Mauqli, sənin çevrəndəkilər Allahın verdiklərinə şükranlarını hərəkətləri ilə ifadə edər, bizim çevrəmizdəki bəzi insan sifətindəki pozağanlar isə,şükranı şikarla səhv salarlar. Yaxşı ki, çevrəmizdə baş verən eybəcərliklərdən bixəbərsən. Xoşbəxtsən Mauqli, xəyal olsan belə, nağıl olsan belə, yenə də, sənə qibtə etməyin yeri var. Balu kimi dostun, Şirxan kimi düşmənin var. Sən, o qədər böyük bir cəngəllikdə ədalətin təcəlla etməsi üçün şərəflə mücadilə verdin və buna nail oldun. Bunlarla yetinmədin, hətta öz yarını da tapdın,onu da, bərqərar etdiyin ədalətli dünyana apardın. Afərin sənə, ey əfsanəvi Mauqli. Fəqət, sənə deyim ki, sən orada qurduğun düzəni, buranın kiçik bir məhəlləsində belə təmin edə bilməzsən. Bir bilsən ki, burada elə canlılar var ki, onlar sənə Şirxanın dədəsinə rəhmət oxutdurar. Ən yaxşı olanı, sən elə orada qal, buraları ağlına belə gətirmə. Birdən “Tarzan” kimi yolunu azıb təsadüfən şəhərə gələrsən ha, amandır Mauqli belə bir xətanı təkrarlama...
Mauqli hər şeyə rəğmən, sənə qibtə etməyə dəyər. İstiliyin odun, işığın günəş, yediyin meyvə, içdiyn bərrak kimi dağ suyu və daha nələr, nələr... Nə kommunal xərc barədə düşünürsən, nə banklara borcun var, nə də ki, buralarda baş verən fəlakətlərə şahidlik edirsən. Şükrlər olsun ki, əsəblərin də yerində, ətrafındakılarla da, çox əla anlaşırsan,daha sənə nə lazımdır ki, bunlardan artıq?...
Mauqli, nə vecinə Nil çayı aşığından, Fərat çayı topuğundan,nə alacağın,nə verəcəyin var. Mauqli nağıl olsan belə, xoşbəxt adamsan, həm də, düşündüyümdən daha çox...