Çiskin dumanın bəxş etdiyi mənzərəyə doyunca baxaraq gəzişirdim. Əllərimi gah birləşdirib nəfəsimlə isidirdim, gah da ciblərimdə gizlədirdim. Bir az uzaqda iki mərtəbəli yaşayış obyektinə qıyqayı nəzər saldım. Gülümsünməyə gücüm yetmədi. Dərin üzüntü anidən məni bürüdü. Yaxınlıqdakı skamyaya doğru ağır-ağır addımladım. Gözlərim payızın rəngli yarpaqları arasında nəsə axtararaq gözlənilmədən dolmağa başladı. Yanaqlarımda isti damcıları sezməyimlə başımı qaldırmağım bir oldu. Gözlərimi qapadıb dərin köks ötürdüm. Skamyaya çökərək dirsəkləndim.
Mən hələ ana bətnində ikən sürgün olunmuşdum. Çox az sayda-13 qadının məskunlaşdığı “sürgün” elə mənim kimilər üçün əvvəlcədən tikilmişdi. Analarımız bir-birlərinin üzünə baxmaqdan, söz soruşmaqdan, kömək etməkdən utanırdılar. Törətdikləri günahdan, daşıdıqları yükdən qurtulmaq mümkün deyildi. Həftənin 7 günü, günün 24 saatı nəzarət altında idilər. Çünki analığa namizəd 13 qadın düşmən övladının daşıyıcısı idilər. Müharibə dövründə digər qadınlardən fərqli olaraq heç bir zülm çəkməmişdilər. Rahat yaşayışın tək şərti vardı: Ehtiyacın qarşılanması.
Mənim dünyaya gəlməyim də, iməkləməyim də, ayaq tutub yeriməyim də, yeyib-içməyim də, pal-paltarım da, təhsilim də xüsusi nəzarət prosesi altında baş verirdi. Anam hər gün vəzifəli şəxsə hesabat verirdi. Gedib gələrkən həmişə göz yaşlarını məndən gizlədirdi. Amma yox, təkcə göz yaşlarını deyil, qorxusunu, varlığını bürüyən titrəməni, səsindəki utanc tembrini də. Böyüdükcə görürdüm, amma qanayan yarasına məlhəm ola bilmirdim.
Bizim dünyamız nə ağ-qara idi, nə də bozumtul. Bizim həyatımızda rəngsizlik mövcud idi. Analarımız kimi biz də “xəyanət” ilə susdurulmuşduq. Uşaqlıq nədir, heç bilmədik. Dizlərimiz qanamadı, ağrıdan ağlamadıq, yaralarımıza məlhəm qoyulmadı. Bunu belə bizə çox gördülər. Günahsız günahkarlara acımadılar, qıydılar. Dilimiz varkən lal olduq, gözümüz varkən kor olduq, qulağıımız varkən kar olduq, əl-ayağımız varkən əlil olduq. Ən acınacaqlısı isə adımızın olmaması idi. Hələ ana bətnindəykən nömrələnmişdik.
Hər şey gözlənilmədən dəyişildi. Günlərin birində bağlı qapılar üzümüzə açıldı. Analarımızdan fərqli olaraq biz bunun nə demək olduğunu başa düşə bilmirdik. Analarımız sevincdən ağlayarkən biz daşa dönmüşdük. Yeni dünyaya doğru addımlayarkən heç nə dəyişilməmişdi. Xainləri görər-görməz göstərilən dəhşət dolu reaksiyadan, daş-qalaqdan, ünvandan mühasirəyə alındıq. Heç tanımadığım simalar, heç eşitmədiyim səslər məni, beynimi, bədənimi gücdən salmağa başlayırdı.
12 yaşlı oğlan uşağına atılan daş alnını cızdı...
Əlimi alnıma aparıb çapığıma toxundum. Varlığım titrəyişlə müşahidə olunmağa başladı. Çığırtımı daha tuta bilməyərək buraxdım. Ətrafın sükutunu pozaraq başımı əllərimlə tutaraq ağlayırdım...
Mən digər uşaqlar kimi ola bilmirdim. Onlar kimi məktəbə getmək, məhəllədə oynamaq, dost tapmaq, qonaq getmək şansım yox idi. Kiçik pəncərədən bütün bunları səssiz şəkildə müşahidə edərkən anam başıma sığal çəkirdi. Bizə darısqal evi kirayə vermişdilər. Anam hər gün qapı-qapı gəzərək ev işlərini görürdü, tez-tez evə sifarişlər götürərək səhərədək yerinə yetirərdi. Hər gün mənimlə 1-2 kəlmə danışaraq dilimi açmağa çalışardı, amma çifayda. Mən səsdən qorxub qulaqlarımı əllərimlə örtərək ağlayırdım, anam cəld məni bağrına basırdı.
İllər ötdükcə travmalarımdan qurtulurdum. İlk öncə ad seçildi. Sistemin mənə öyrətdiyi əlifbadan tam fərqli əlifbanı anamın sayəsində öyrəndim, səssiz işarəli danışıq vasitəsindən tamamilə qurtula bildim, anamla birgə kirayə haqqını ödəmək üçün işləməyə başladım. Təbii ki, qulaqlarım təhqirləri eşitməyə bilməzdi, bədənim ağrıları hiss etməyə bilməzdi. Qarajda maşın təmirçisinin köməkçi olmaq üçün uzun yol getməli idim və bu yolda bəlaya bulaşırdım. Hər gün bir qrup gənc tərəfindən yumruqlanırdım, işə qaşım-gözüm qaç içində gəlirdim, usta əlləri belində məni təpədən-dırnağadək süzürdü, bir söz deməsə də, baxışları hər şeyi büruzə verirdi. Maaşım anamkı kimi az idi.
Günlərin birində qapımızı jurnalist döydü. Bizdən müsahibə almaq istədiyini bildirərkən təlaşla baxışdıq. Anam söz demədən qapını jurnalistin üzünə çırparaq mətbəxə qaçıb üzünə soyuq su vurmağa başladı. Mənsə kandarda izləyici rolunu ifa etməklə özümü bir heç sayırdım. Həmin jurnalistlə iş yekunlaşmadı. Digərləri də eyni prosesi təkrarlayırdılar. Əsəblər pozulmağa, yumruqlar divara və masaya çırpılmağa, ağrılı pıçıltılar dilə gəlməyə başlandı. Anamla mən illərdir içimizi gəmirən, soran, batıran, məhv edən hər şey barəsində bir-birimizin yarasına duz basdıq. Qərara aldıq ki, uzaqlara köçək.
O gün-bu gün yad ölkədə heç kim bizi narahat etmir. Artıq 3 ildir ki, anamla birgə dükanda satıcı işləyirik. Hər gün ərzaq alan kürən qıza heç kimə gülümsəmədiyim qədər gülümsəyirəm. Anamın dediyinə görə onu görərkən gözlərim işıq saçır. Bizim miqrant işçi olduğumuzu bilməyən yox idi. Yad dili öyrənmək çətin olsa da, bizim üçün bu çətinliyin öhdəsindən gəldim.
Ölkəmdən uzaqlaşsam da, kabuslarım üzə çıxaraq mənə də, anama da dinclik tanımırdılar. Hər gecə Anam mənim səsimə yuxusuna haram qataraq alnımı qurulayır, barmaqlarını saçlarımda gəzdirirdi...
Hər şeydə "günahkar" olan anamdır. Ona nifrət etməliyəm, edə bilmirəm. "Niyə"sini soruşmalıyam, soruşa bilmirəm. Sadəcə ona ehtiyacım var. Sevgisinə, qayğısına, istiliyinə dərin ehtiyac duyuram. Bəlkə bu ehtiyac bir gün mənə hər şeyi unutduracaq.