Bir rus yapondan soruşur:
- Biz də, öz elm və təhsilimizə maddi-texniki yardımlar ayırırıq, ancaq, nə sizin kimi peşəkar, nə də ki, savadlı bir cəmiyyət ərsəyə gətirə bilmirik, niyə?
Yapon üzü təbəssümlü bir şəkil alıb cavab verir:
- Çünki, biz müəllimlərimizə nazir aldığı qədər məvacib verib, deputat kimi hörmət qoyuruq.
Bəli, zəkanın parlaqlığı "təbliğat"da deyil, təminatdadır. Müəllimin təminatı, onun gələcəyə inamını artırar, ovqatını xoş edər, işinə narahatlıqla yox, əhvalı xoş yanaşar. Onun üçün ən ümdə olanı mükəmməl bir cəmiyyət yetışdirməkdir. Millətin işıqlı sabahları yalnız elmə vaqif olmaqla aydınlanar. Təpəyə qalxmadan dağları aşmaq müşkül olduğu kimi, müəllimsiz də həyatın ağuşuna atılmaq imkansızdır. Bizi-bizə tanıdan, dünyanı bizə yaxın edən, kiçik beynimizə zəka işığı səpən, bizi-Vətənlə, torpaqla, təbiətlə tanış edən müəllimin misilsiz zəhməti deyilmi? Təbii ki, söhbət qəllumlardan (özündən müştəbeh, boşboğaz, savadsız) deyil, fədakar müəllimlərdən gedir. O müəllimlərdən ki, əzab və iztirablarını kimsəyə bəlli etmir, maddi məngənələrə ləyaqətlə duruş gətirir.
Müəllimin böyüklüyü, müdrikliyi, zəhməti haqqında zaman-zaman geniş bəhs edilib, onun şəninə ədəbi janra aid nə varsa bütün boyutlarda xoş kəlmələr yazılıb. Dünyanın ən ağır yükü məhz müəllimlərin çiyinlərinə düşüb. Nə xoş ki, Allah, bu qiymətli yükü müəllimə yükləməklə onu şərəfləndirib.
Çağdaş dövrümüz əvvəlki zamanlardan fərqli olaraq müəllimləri daha ağır, daha mürəkkəb sinağa çəkib. Maddi iztirabların burulğanında mücadilə edən yerli müəllim yapon həmkarına necə qibtə etməsin, necə gileylənməsin taleyindən? Zəhməti müqabilində aldığı məvacıbi ay ortasına yetməyən, borcu-borcla bağlayıb ümidini gələcəyə bağlayan, dərdini yalnız sevimli şağirdlərinə dərs verərkən unudan, gözlərinin yaşını qəlbinə axıdan müəllimin həyata tutumu heç də asan iş deyil.
Dəllalın zənginliyi malında, simicin zənginliyi pulunda olduğu kimi, müəllimin də zənginliyi şərəfli adında tamamlanar. Müəllim üçün əvəzsiz nemət qalıcı olan zənginlikdir. Müəllim-bağçasına bağlı bir bağbana bənzər: Torpağı daş-kəsəkdən təmizlər, ona yeni nəfəs verər, köksünə gül və ağac əkər, onların qulluğunda durmaqdan mənəvi zövq alar, pöhrələnib qol-budaq atdıqlarına şahid olar, bar-bəhrə verəcəkləri günü səbrlə gözlər, əlinin zəhməti və alnının təri ilə yaratdıqlarına baxıb fəxr edər...
Ustanı, fəhləni, alimi, həkimi, yazarı cəmiyyətə bəxş edən də məhz müəllimdir. Deməli, müəllimi həyatın başlanğıc nöqtəsi hesab etmək tam qanuna uyğundur. Müəllim qaranlıq yollarımıza nurlu bir işıqdır. Elə bir işıq ki, o daima bizə lazımdır. Qaranlıqlardan keçıb hədəflərimizə qovuşmaq üçün məhz müəllim çırağına ehtiyacımız var. Uca Yaradan müəllim dəstəyini, müəllim əməyini müəllim sevən zümrəmizin üzərindən heç zaman əksik etməsin. Dualarımız göydə Allaha, yerdə sizlərin var olmasınadır, əziz və dəyərli müəllimlərimiz...