Final
...Adam yalan demişdi. O gedişi xaricə səfəri ilə bağlı deyildi. Gedişi, əslində, onun qorxuları idi, bu zərif, məsum, narin qızı incitmək fobiyası idi. Özündən on dörd yaş kiçik bu qız adama böyük gəlmişdi. Onu daha artıq özünə bağlayıb, tənha və qaranlıq dünyasına gətirməkdən qorxmuşdu. Gedirəm deməklə, sadəcə, qızı incitmədən ondan uzaqlaşmağı qərara almışdı.
Adamın xaricə getdiyini düşünən qız, xudahafizləşəndən sonra nə axtarmış, nə də zəng etmişdi. Beləliklə, sakit 10 gün keçmişdi. Bu on gün ərzində qızın telefonuna 3-4 dəfə gizli zənglər gəlmiş, açdığında sadəcə səsini dinləyib qapadılmışdı. Adam hər yerdən və qızın ağlından, beynindən özünü sildiyini düşünmüş. Qız isə daima onu düşünür, ağlayırdı. Ailəsi ilə bərabər yaşayan qız evdə ruh kimi dolaşırmış. Adamı ağlından çıxara bilmirdi.
Bir gün yenə darıxan qız adamın nömrəsinə zəng etmiş. Nömrə aktiv imiş, telefonda çağrı səsini eşidən qız həyəcanlanmış. Adam telefonu açıb, qızın səsini duymuş. Adamın getmədiyini anlayan qız darıxdığını, onu görmək istədiyini demiş. Adam bir neçə saat sonra qızı görməyə gələcəyini demiş. Axşam saatlarında görüşmüşlər, adam hər şeyi izah etmiş, həyatının dərinliklərini, qaranlıq yaşamı səbəbilə niyə evlənmədiyini, ailəsinin onun zəif yeri olacağını anlatmış. Qız isə qəlbinə girdiyi üçün adamı qorxutmuş, onun da həyatını bu cür çətinləşdirməyi istəmədiyindən, hələ gənc olduğu üçün, həyatının qabaqda olduğunu düşündüyü üçün belə bir yalan deməli olduğunu söyləmiş. Saatlarla adamı dinləyən qız ondan vazkeçməyəcəyini, olduğu kimi, həyatı ilə, yaşamı ilə, qaranlığı və bilinməzliyi ilə adamı istədiyini demiş. Adam qızın bu cəsarətindən, sevgisindən sanki qəlbinin dərinliyində qürur duymuş. Qıza sarılıb, onun bu cəsarətindən dolayı belə addım atmasını dəyərləndirərək qızı heç vaxt buraxmayacağını, nə olur olsun, yaşadığı müddətcə yanında olacağını, qoruyacağını söz vermiş. Ürəyi yerindən çıxan qız sevincindən dünyalara sığmamış.
Üç ay sonra adam artıq qızdan ayrı qala bilməyəcəyini anlayıb, evlənmək qərarına gəlmiş. Qıza fikrini açıqlayanda bütün kainatı qıza bağışlamış kimi sevinmiş. Adamın bir tək anası varmış, anası ilə qızın ailəsi tanış olmuş, uyğunlaşmış və öz aralarında kiçik bir törənlə nişan etmişlər. Adam həm təmtəraqlı işləri sevmədiyindən, həm də yaşamı gərəyi toy etmək istəməmiş, qız da sevdiyi adamla birlikdə yaşamaq olsun da, varsın toy olmasın düşüncəsilə anlayış göstərmiş. Ailələr arası bir qonaqlıq məclisi ilə qızla adam nigahlanmış, adamın həyat yoldaşı olmuş. Özlərinə aid sevgi dolu bir yaşamları başlamış o gündən.
Adam gecələr evə gec gəlirmiş, qız gec saatlara qədər pəncərə önündə oturar, adamın yolunu gözləyərmiş, o gəlməyincə yatmazmış. Adamın sevgisi qıza hər gün artımı ilə daha da çoxalmış, bir ildən sonra sevgilərinin bəhrəsi olan bir övladları doğulmuş. Körpə Murad təsadüflə qarşılaşan iki insanın həyatının mərkəzi olmuş.
Həyatda təsadüf yoxdur, deyərlər, təsadüf zərurətdən yaranan nəsnədir. Zərurət isə bu adamla qızın qismətinin birlikdəliyi imiş... Gözəl təsadüflər həyatınızda gözəl izlər buraxsın...
Başqa bir həyat hekayəsində görüşmək ümidilə- Əsən qalın!
Hekayəni qələmə aldı: Aysel Abdullazadə (müəllif hüquqları qorunur)