P.S: Real yaşanmış həyat hekayəsi...
…Yoldaşım mənimlə pis rəftar edirdi, uşaqlar da bundan psixoloji travma alırdılar. Məni döyəndə qorxub ağlayır, gecə isə yuxuda qışqırıb oyanırdılar. Nihata deyirdim ki, heç olmasa uşaqlarımın yanında döymə, çox qorxurlar. Hər payızda güc-bəla ilə oğlumu müalicəyə aparırdım.
Söz-söhbət aləmi götürürdü. Nənəsi qızımın başına o qədər vurmuşdu ki, qızımın gözündə çəplik yaranmışdı. Bunu həkimə aparanda demişdi. Artıq qızımı da müalicə etdirməli idim, anam maraqlanmışdı İranda yaxşı həkim vardı, ora aparmaq istəyirdim. Yay vaxtı idi, anamgilə gedirdik. Maaş kartım qaynatamda idi, pulu çəkir mənə bir qara qəpik də vermirdilər. Rayona gedəndə uşaqları müayinəyə aparacaqdım, mənə pul lazım olduğuna heç kim fikir vermədi. Yenə yazıq anam elətdirəcək deyə fikirləşirdilər. Evdən çıxanda stoldan maaş kartımı götürdüm, qaynanam kartın harda olduğunu soruşanda götürdüyümü deməyimlə vay-şüvən qoparmağı bir oldu. Yerimdəcə donub qaldım, mənim əziyyətimin bəhrəsini məndən oğurlayıb, vermirdilər. Artıq səbr kasam daşırdı, bu, qışqırıq-haray salanda bütün əlim buz kəsilmişdi, əsəbdən danışa bilmirdim. Nihat üstümə gəlib məni döyməyə
apardı. Bizi aparmayacağını deyəndə: "aparmırsan, heç aparma, mən uşaqlarımla özüm gedəcəm, bəsdir daha məni əzdin, tapdalatdın, bezmişəm hər şeydən, bu evdən tüpürüb çıxacam. Sən məni sevib aldın, amma bir dəfə arxamda dayanıb mənə dayaq olmadın”-dedim. Qaynatam sakitləşdirdi, Nihat bizi maşına oturdub yola düşdü.
Uşaqlara qışqırdı, qorxudan ağlayıb yatdılar. Beş saatlıq yolda heç nə danışmadı. Çatanda bizi maşından düşürüb getdi. Anam görüşməyə çıxdı, gördü ki, yoxdur. Olanları anama demək istəmirdim, amma başa düşdü. Hər şeyi anama danışdım, cana
doyduğumu, boşanmaq istədiyimi söylədim. Dayılarım və böyüklər toplandılar, onlara da yaşadıqlarımın bir qismini danışdım. Əgər evdə mən nökərəmsə, öz qazancımı, əziyyətimin bəhrəsini kimlərsə xərcləyib məni bir qəpiyə həsrət qoyurlarsa, anamın göndərdiklərini ağız dadı ilə yeyə bilmək ixtiyarım yoxdursa, döyülüb söyülürəmsə, xəstələnəndə bir maraqlananım olmursa, mən, o ailədə nə səbəbə oturmalı və dözməliyəm?!
Dayılarımın yoldaşları necə təsir etdilərsə dayılarım məni borclu çıxardılar. Sən demə, bunların dərdi mən deyilmişəm, mən boşansam öz qızlarının adını çəkən olmayacaq deyə düşünüb, belə ediblər. Rayonda hamı deyəcək ki, bibilərinin taleyi belə, bibi qızının bəxti belə, bunlardan arvad olmaz-deyib bunlara yaxın düşən olmazmış…
Uşaqlar ağladı, ataları ilə danışmaq istədilər, zəng etdim danışdılar, sora mənimlə danışdı. Ata-anamdan üzr istəməyincə, gəlib səni gətirməyəcəm, dedi. Mən isə üzr istəməli olduğum situatsiyanı soruşdum. Hansı tərbiyəsizliyimin müqabilində üzr istəməli idim?
Hələ anamgilə gəlməmişdən bir gün əvvəl qaynanam başladı ki, evdə pulum itib. Mənə dedi ki, sən oğurlamısan. Sonra gəldi ki, başqa yerə qoymuşam, ağlımdan çıxıb.
Bu qaynanadan mən niyə üzr istəyim? Nihata: "mən günahkaramsa, Allah məni cəzalandıracaq, üzr də istəməyəcəm, gəlmirsən lap yaxşı, get boşanma ərizəsi ver” - dedim. "Yaxşı!”-deyib telefonu qapatdı.
Günlər keçdi, bir gecə Nihat mesaj yazdı ki, darıxıram,
səni istəyirəm, yastıqdan Ömərin qoxusu gəlir, qala bilmirəm. Gəl barışaq. Böyükləri ilə gəlməyini, şərtlərim olduğunu dedim. Atası ilə gəldilər, bizimdə böyüklər toplanıb məni yenidən ailəmə qaytardılar. Bunlar da bizi götürüb qayıtdılar. Gələn kimi qaynanam yenə sözləri ilə iynələməyə başladı. "Ağlın başına gəldi?” deyəndə "dəli deyildim ki!” deyib otağıma keçdim. Artıq fikir vermirdim, adiləşmişdi mənim üçün…
Sonra kartdakı pulları soruşdu, mən də uşaqların müalicəsinə xərclədiyimi dedim. Oğlum sağalmışdı, qızımın da gözünü müalicəsini yazdırmışdım, yaxşı ki, tez üstünə düşmüşəm, əks halda qızımın gözü çəp olacaqdı. Balalarıma xatir hər şeyə dözməyə məcbur oldum.
Həmin il rayonun kənd məktəbində ibtidai sinif və riyaziyyat üzrə bir illik boş yer var idi. Maarifdən çağırdılar, baldızımla getdik. Onunla birlikdə işləməyə başladıq. Bu, mənim üçün xoş olmasa da, məcbur idim. Hər nə olurdusa, anasına danışırdı. Yolda yediyim konfetə qədər anasına deyirdi. Evə günortadan keçmiş gəlirdim, hamısı yeməyi yeyib mənə saxlamırdılar. Qazanın dibində yeyilmiş-atılmalı olan yemək qırıntıları olurdu. Hamısına nifrət edirim. Mən bunları haqq edəcək heç bir şey etməmişdim.
Atam bizim ev nömrəsini tapmışdı, arada zəng edirdi. Anamdan danışıb onu təhqir edirdi. Evdəkilər yanımda olanda özümü sındırmamaq üçün salam-sağol edirdim.
Tək olanda zəng etdi, məndən əl çəkməyini, məni axtarmamağını dedim. Son sözüm bu oldu ki, ata, kaş sənin narkoman oğlun, pozğun qızın-arvadın olaydı, adam içinə başı dik çıxa bilməməyin nə olduğunu anlayardın. Məni kimi üzüqara olardın, mən səndən utanıram. O, zəng edəndə əsəblərim korlanırdı, özümlə danışıb taleyimə ağlayırdım.
Bu minvalla dərsə gedir, günorta tez balalarımın yanına qaçırdım. Hamıdan uzaq idim, heç kimlə münasibətim yox idi. Noyabr ayı oldu, artıq, müəllimələr arasında söz-söhbətlər eşitməyə başladım. Baldızım boşanmış qadın idi, geyimində ölçü gözləmirdi, rayon yerində boşanmış qadın hər bir addımına diqqət etməli idi. Bir müəllim vardı, cavan oğlan idi, evli olduğunu da bilirdim, çünki yoldaşı da bizimlə müəllimə işləyirdi. Məktəbdə bu oğlanla Arzunun adını hallandırırdılar. Heç kimə heç nə demədim.
Desəydim belə, qaynanam məni günahlandıracaqdı, şər atırsan deyəcəkdi...
Ardı var...
Qələmə aldı: Aysel Abdullazadə
Müəllif hüquqları qorunur!