"O şəxs mənim xəyal dünyamın utopik obrazıdır" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 17:27 01 noyabr 2015 tarixində əlavə olunmuşdur

Xoshbextqadin.az saytının layihəsi – "Dünyanı zənginləşdirən qadınlardır”

Lahiyəmizin bugünkü qonağı - müəllimə, yazar Aysel Abdullazadədir.

1. Salam. Sizi tanıyaq...
- Aysel Abdullazadə - Filologiyanı bitirmişəm, Azərbaycan dili və ədəbiyyat müəlliməsiyəm. İçində təlatüm, fırtına, coşğu olmayan insanlar ədəbiyyatçı ola bilməz, dilçi olar, amma ədəbiyyatçı yox. Məndə bu fırtına daha dərindir, bu üzdən yazmaqla o fırtınanı sakinləşdirə bilirəm. Şeir və hekayə yazmağı sevirəm. Real yaşanmışlığı olan öyküləri yazmaq daha maraqlı olur. Eyni zamanda, müxtəlif köşə yazıları, araşdırma mövzuları və tərcümələr ilə dövrü mətbuatda çıxış edirəm. Yaxın zamanda şeirlərimdən ibarət kitabım nəşr olunacaq.

2. Həmişə şən yazılarınız oxucularınızın ürəyini fəth edir. Necə belə pozitiv ola bilirsiniz?
- Yazar, adətən, ağrılı olur. Həmişə deyirəm bunu, əlində qələm olan kəs nə qədər çox ağrımışsa, məhsulu o qədər anlamlı, dərin olur. Ağrımayan insanın dərin məzmunlu nəsə yazacağına inanmıram. Yazdıran ağrıdır, bu yaşanmayıbsa, hiss edilərək yazıla bilməz.
Normalda insanlara pozitiv enerji ötürməyi sevirəm, ağrı yazarın özünə və yazdıqlarına sirayət etməlidir, şəxsən oxucusuna yox. Bu üzdən məni belə pozitiv görmüsünüz, yəqin...

3. Ölkəmizdə gender bərabərsizliyi ilə heç üzləşmisiniz?
- Əlbəttə... Bu gün hər sahədə bu sorunla rastlaşmaq mümkündür. Elə, təhsildən başlayaq, ixtisas seçimində 80% qız abituriyentlər müəllimə və həkimlikdən başqa digər sahələrə müraciət etmirlər. Baxın, bu gün bu peşənin nə qədər məzunu qızlardır?! Niyə rejissor, mühəndis, aktrisa, maliyyə və.s kimi ixtisaslar təcrid olunub? Bütün qızlar müəllim mi olmalıdır? Bu qural haradandır? Toplumun uydurma və "əsl qadın peşəsi" adı altında saxta, riyakar yalanı gender bərabərsizliyinin bariz nümunəsi deyil mi?!
Başqa bir aspektdən yanaşaq. Analar çox vaxt gender bərabərsizliyi vərdişlərini gənc nəslə ötürürlər. Onu dəyişdirmək üçün, ana övladlarını bərabər əsaslarla, cinsi əlamət üzrə fərqləndirmədən tərbiyə etməlidir. Biz özümüzü elə aparırıq ki, sanki oğullarımız ev işlərini görə bilməz. Eyni zamanda, qızlarımızın onlara yemək verməsini, paltarlarını yumasını normal hesab edirik. Belə uşaqların yaşa dolanda bir-birinə bərabər münasibət bəsləyəcəyini necə gözləmək olar? Ayrımcılığı yaradan bu kimi faktorlar övlad tərbiyəsindən qaynaqlanır - yəni valideyndən.

4. Qadın saytının rəhbərisiniz. Sizə, qadınlara qarşı edilən haqsızlıqla bağlı oxucu məktubları gəlir mi?
- Bəli, belə məktublar olduqca çoxdur. Hətta bu məktubların bir neçəsini hekayə kimi yazmışam. Xanımlar öz həyatlarından, onlara edilən haqsızlıqlardan, acı yaşamlarından bəhs edən məktublarla bizə yazaraq bir növ təskinlik tapır, oxuculara ötürülməsini xahiş edirlər. Bununla gənc qızların, edilən səhv qərarlar üzərindən doğrunu anlamaqlarına yardımçı olurlar.

5. Qadın təfəkkürü ilə kişi təfəkkürü arasında gözəçarpan fərq nədədir?
- Bilirsiniz, fəlsəfədə kişinin və ya qadının dünyaya baxışı, dünyagörüşü, təfəkkürü öyrənilmir. Fəlsəfə insan ilə dünya arasındakı münasibəti öyrənir. Yəni, məhz fəlsəfi düşüncə zamanı hərə öz cinsi mənsubiyyətinin fövqünə qalxaraq öz insani mahiyyətindən çıxış edir. Şüur da, nitq də, məntiq də qadın və kişi üçün eynidir. Mən bu cür düşünürəm.

6. Sizcə, ədəbiyyatımız daha Məshəti Gəncəvilər, Nigar Rəfibəylilər yetişdirmir mi? Çünki, bir müddətdir ki, belə adlarla rastlaşmamışıq.
- Hər bir şeydə olduğu kimi, ədəbiyyatda da zaman anlayışı, dövr məsələsi mövcud və qaçınılmazdır. Və heç kim bir-birinin eyni ola bilməz, etmək istəsə belə, bu, yenilik yox, təqlid olar. Məhsəti xanım, Nigar xanım öz imzasını ədəbiyyata qazıyıb. Bu gün də onların yazdığının ardınca getmək, mənə görə, sadəcə təqlid etməkdir. Onda həmin yazar öz imzasının yanına bir "Məhsəti, Nigar, Mirvari" də əlavə etsin.
Bu gün öz imzaları ilə 15-20 il sonra ədəbiyyatda iz qoyacaq qadın yazarlar var. Bunu qəbul etməmək və yoxmuş demək, elə, Məhsətinin zamanında qalmaq deməkdir.

7. İlk yazınız və ilk oxucunuz haqqında təəsüratlarınızı bölüşək...
- Şeirlərim dərin məzmunlu olmasa da, orta məktəb vaxtlarından yaranıb. Üzdə olub həmişə, yazdıqlarımdan heç vaxt utanmamışam, bəyənməzlər deyib kompleks etməmişəm. Tələbə vaxtı da yazırdım tənəffüsə çıxırdım, auditoriyaya qayıdanda qızların dəftərimi götürüb oxuduğunu görürdüm.
Geniş mənada ilk oxucum isə yaxın bir dostum olub. Mənə: -davam et, yaz, bu yol sənindir, get , dayanma! - deyən yaxın bir insan. İndi də mənə dəstəkdir, müzakirələr edirik, yazılarımın müzakirəsini apardığım ən önəmli insandır.

8. "Adamım" deyə müraciət etdiyiniz adam sizi oxuyur mu?
- Varlığı reallığa çevrildiyi zaman, əminəm ki oxuyacaq. "Adamım" dediyim şəxs mənim xəyal dünyamın utopik obrazıdır. Ümumiyyətlə, "qadınım, adamım" ifadələrini çox sevirəm, çox içdən və sahiblənicidir. Bir gün o xitabım gerçək və ən doğma oxucum olacaq.

9. Yazıçı kitabdan gələn gəlirlə yaşaya bilər mi?
- Xeyr. Kitabdan gələn gəlirlə yaşamaq olmaz. Bu gün yazarlar tanıyıram ki, pulsuzluqdan kitabını nəşr etdirə bilmir. Nəşr olunsa belə, bundan yaşamaq üçün gəlir gözləmək absurtdur. Bu yaxınlarda şair Rauf Qəribin gözəl fikirlərini dinlədim. Qeyd edirdi ki, şairliyə sənət, peşə kimi yox, hobbi olaraq baxmaq lazımdır. "Bu mənim sənətimdir" deyib, qazanc gözləmək doğru deyil və real da deyil. Daimi işin və gəlir yerin olmalıdır ki, bununla ədəbiyyatda da uğurlu olasan. Birinci situasiya ilə yanaşanda hər iki tərəfdən uğursuzluqla nəticələnir.
Mən də bu fikirlərə qatılıram.

10. Byrona görə, "Qadınlarda faciəvi olan şey, nə onlarla, nə də onlarsız yaşana bilməsidir". Bu fikirlə razılaşırsınız?
- O zaman orta yolu tapmaq lazımdır. Ağıllı kişi bir qadını mutlu edər və bu mutluluqdan özü də zövq alaraq yaşayar.

11. Sivilizasiyanın səviyyəsi qadınların həyat tərzindən asılıdır. Azərbaycana bu sarıdan sivil ölkə demək olar?
- Əslində, geniş aspektdən baxarsaq, olar. İllər öncə ilə müqayisədə bu gün qadınların həyat tərzində uğurlu göstəricilər var. Amma hələ tam deyil.

12. Müasir ədəbiyyatımızda sizə görə parlaq üzlər kimlərdir?
- Bura Səlim Babullaoğlu, Şərif Ağayar, Günel Mövlud, Aqşin Yenisey, Qan Turalı, Qulu Ağsəs, Kənan Hacı, Cəlil Cavanşir, Oktay Hacımusalı, Rəbiqə Nazimqızı, Feyziyyə, Mövlud Mövlud, Aysel Əlizadə, Qismət və onlarla gənc yazarlar daxildir.

13. Rayonunuzda kitab təbliğatı aparan hansısa qurum, müəssisə var mı?
- Rayonda yaşamasam da, bu kimi durumları mütəmadi izləyir və məlumatlanıram. Bu yaxınlarda rayonlarda kitab satışı ilə bağlı bir mövzu oldu. Bəlli oldu ki, bizim rayonda (Tovuz) kitab satışını həyata keçirən bir kitab marketi belə yoxdur. Yalnız məktəb dərslikləri satışı ilə məşğul olan insanlar sifariş əsasında hansısa kitabı paytaxtdan gətirirlər. Bu çox ağrıdıcı haldır. Gənclərdə kitaba sevgi aşılamaq mütləqdir, bunun üçün isə rayon mərkəzində ən azı bir neçə kitab stendləri təşkil etməklə, ordan keçən şagirdlərin, gənclərin marağını çəkmək uğurlu üsuldur. Maddi durumum buna imkan verdiyində mütləq orada bunu həyata keçirəcəm.

14. Özünüzə hansı aralıqlarda vaxt ayıra bilirsiniz? Həm ev işləri, həm iş həyatı, həm də yaradıcılıq çətin deyil mi?
- Mənim özümə ayırdığım vaxt da yenə yaradıcılıqdan keçir. Yaradıcılıqla məşğul olmaq, həyat tərzinə çevrilidiyində zaman məfhumunu kölgəyə salmış olur. Məsələn, yemək hazırladığım zaman ağlıma bir mövzu haqqında nəsə gəlirsə, həmən komputerin başına keçib bunu işləyirəm. Etməsəm, əlimdəki işimi də edə bilmirəm. Bir növ, yazmaq hər şeyin önündə gəlir. Daxildən gəlmək, sevərək etmək budur, məncə.
Heç də çətin deyil, yazmasam, hər şey daha çətin və mənasız olar.

Sizə işinizdə uğurlar arzulayıram.
- Təşəkkür edirəm.

Söhbətləşdi: Elməddin Rahiboğlu (Layihə rəhbəri)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0308 saniye