“ …Hökm vermək yalnız Allaha aiddir…”(Yusif surəsi,ayə; 40)
Taqut-Ərəb mənşəli sözdür. “Taqa” kökündən törəyən kəlmədir,həddini aşan məxluq deməkdir.
Bəşəriyyət kamil insan sarıdan qıtlıq çəkdiyi zamanlarda ətrafda bir sürü taqut peyda olar.Bu,əzazil taqut sürüsü,Allahın qoyduğu ölçülərə zidd olan yeni “qaydalar”tərtib edər,cəmiyyətin zəlil duruma salınması naminə bütün ləyaqətsizliklərə əl atarlar. Taqutun istismar gücü o zaman daha çox artar ki,nəfs Adəm övladlarını bir-birinə qarşı qoyar…
Deyilənə görə, taqutların minbaşısı vlaput ağır xəstəliyə mübtəla olmuşdur və bu,amansız illətin çarəsi hələ ki,tapılmamaqdadır. Zatən,olacağı da,bu idi. Taqut,əcəlin yaxınlaşdığını hiss etdiyi zaman ruhunda kök salmış xainlik onu ətrafını məhv etməyə vadar edər. Allaha asi çıxmaq,dünyanı öz iyrənc ehtirası ilə idarə etmək,məzlumlara fəlakət bəxş etmək,günahsız qulların haqqına girmək,onun qırıq zatından irəli gələr. Bu,qarmaqarışıq dünya necə taqutlar yola saldı,neçə taqutlar gömdü torpağın dərinliklərinə. Əfsuslar olsun ki, gələn taqutlar öz sələflərinin acı aqibətindən zərrə qədər ibrət götürmədi. Taqutun Yaradana deyil,yaradılana sitayişi onun acizliyindən xəbər verər. O,bu acizliyini yalnız əcəl gəldiyi zaman qavrayar. Yaşadığı vaxt çərçivəsində zamana meydan oxumaq hissləri,vəhşi heyvan ehtiraslarından daha təhlükəli olar. Taqut, əxlaq ölçülərindən çıxmış, yolunu azmış,inam və imanını itirmiş bir məxluqdur...
Dünyanın mövcudiyyətindən üzü bu yana, o,iblislə eyni sırada yer alıb. Taqutun ətrafında pərvazlanan münafiq zümrə isə, bəşəriyyəti istismar etmək naminə hər cür pisliklərə əl atır. Gündəlik həyatımızda çox rastlaşdığımız,fəqət çox zaman fərqinə varmadığımız yüzlərlə taqut tərəfdarları var. Bu,əqidəsiz varlıqları taqutlara sevdirən başlıca səbəb yalnız qarşılarına atılan tula payıdır. Taqut tərəfindən mənimsənilən məzlum haqqının cüzi bir qismini onlara vermək kifayət edər ki,bu,əqidəsiz tulalar məzlum Allah qullarına zülm etsinlər. Taqutların əli altında bəslənən bu,simasızlar çox keçmədən vəhşi köpəyə dönər,daha sonra amansız və qəddar məxluqa çevrilərlər...
Allahın taqutu hidayət etməsi imkansızdır. Yolunu azmışlar yalnız qiyamət günü Yaradanın haqq yolunu görərlər. Bu,müqəddəs yol isə,taqutları deyil,zahidləri çəkib aparar...