Emalatxanaya girəndə gördüyü ilk görüntü onun ağlını başından almışdı. Heç bir şey etmədən və heç nə düşünmədən bir müddət sadəcə tamaşa etdi... Qarşısındakı tablo sənətkarlıq baxımdan qüsursuz olsa da, indi Rəssamı başqa bir şey düşündürürdü - rəsmin sahibinin əsrarəngiz xəyalı...
Mən niyə belə edirəm, niyə onu gerçək inşanmış kimi düşünürəm, görəsən niyə? – deyə xeyli vaxt fikirləşən Rəssam, yaratdığı əsərə təxminən 15-20 dəqiqə baxdıqdan sonra özündə cəsarət tapıb yaxına gəldi və tablonun qarşısında əyləşib rəsmi daha da təkmilləşdirmək üçün dəqiqliklə incələməyə başladı. Və bunu edərkən yenə xəyal dünyasına qapılıb getdi...
Xəyalı onu çox uzaqlara, haradasa 20 il əvvələ apardı... Universiteti yenicə bitirmişdi və həmyaşıdları kimi o da gələcək həyatını qurmaq istəyirdi. Böyük əzmlə özünə münasib iş axtarırdı. Lakin uzun bir müddət istəyinə nail ola bilmədi. Daim müsbət enerjiylə dolu olan, həyat haqqında nikbin düşünən, heç vaxt bədbin düşüncələrin sahibi olmayan, indi bir qədər çarəsizlik ruhuna qapılan Rəssam, heç vaxt ağlına gətirmədiyi işlərə baş qoşmağa, heç olmasa həyatın onu maddiyyatla sıxmasına imkan verməməyə qərar verdi. Bunu ona görə edirdi ki, həftədə bir maraqlı əsər yaratsa da hələ ki, olduqca çox zamanını alan və yaranmasında böyük zəhmət çəkilən rəsmlərinin nə orta səviyyəli sərgisini, nə də satışını təşkil edə bilməmişdi...
Beləcə o gəlib bir kafeyə çatdı. Burada ona nisbətən münasib məbləğlə barmenlik təklif olunurdu. Bu sənəti bir neçə barmen dostu ilə görüş zamanı müəyyən qədər mənimsəyən rəssamın əslində olduqca iti zehni vardı. Harasa gəzməyə və ya dincəlməyə gedərkən başqalarının ağlına belə gətirmədiyi ən xırda detalı da bir neçə dəfə tamaşa etdikdən sonra beyninə həkk edirdi. Bu onun gözəl əl qabiliyyətinin səbəbini və malik olduğu istedadın həqiqətən də Tanrıdan gəldiyini sübut edirdi.
Qısa zamanda kafedə həm barmenlik, həm ofisiantlıq, eləcə də dizaynerik işini qavrayan və işləyən Rəssam, bir müddət sonra kafe rəhbərinin köməkçisi vəzifəsinə qədər yüksəldi.
Günlərin bir günü o, kafeyə daxil olan elitan görünüşlü bir xanımla tanış oldu. Bu, nisbətən dolu bədənli, orta boylu, yaşı otuzu adlamış, say, sarı, çiyinlərinə qədər tökülən saçını burub yığan, bədəninə kip oturmuş dəri köynəyinin yaxası iki düymə açıq olan, sinəsi nisbətən qabarıq, sinəsindən daha iri həcmli yanları olan, cins şalvar geyinmiş xanım idi. Nədənsə o gün Rəssam onu klassik Avropa geyimində görməyi daha çox istərdi. Çünki xanımın incə, ala gözləri, iri, ətli dodaqları və qarşısındakına olduqca mehriban görünən gülümsəməsi onu haradasa on doqquzuncu əsrin kübar fransız xanımlarına bənzədirdi. Və ilk tanışlıq, xanımın boş bir masaya oturub təzə qırmızı şərab sifarişi verməsiylə başladı.
O gün onlar təsadüfi görüş nəticəsində tanış oldular və gecədən xeyli keçənə qədər söhbətləşdilər. Nədəndir bilinməz, amma Rəssamın o xanıma qanı yaman qaynamışdı. Kafedəki bütün müştərilər və işçilər getdikdən sonra belə Rəssam o xanımla xeyli vaxt keçirdi. Hətta oturub qarşılıqlı şərab da içdilər.
Və bir zaman Rəssam, eləcə də xanım vədənin yetişdiyini qət edib ayrılmağa məcbur oldular. Xanım masadan qalxarkən hələ də öz mehriban və ecazkar baxışlarıyla Rəssama gülümsəyirdi. Ayağa qalxarkən içkinin və bir neçə saat keçən xoş söhbətin təsirindən sərxoş olduğu üçün az qala səndələyəcəkdi ki, Rəssam onu tutmaqla həm xanıma adi insanlıq yardımı etdi, həm də beləcə onlar arasındakı yeni yaranmış səmimi münasibət növbəti mərhələyə qədəm qoydu. Bir anlıq Rəssamla xanım göz-gözə gəldi və hər ikisi razılıqla gülümsədi. Eyni zamanda Rəssamın gözü yaxası açıq qalmış köynəkdən arası bilinən iri döşlərin şahidi oldu. Bu həm qadına, həm də Rəssama məhrəm, gözəl bir duyğu bəxş etdi. Sinəsinin görünməsindən utanan və həməncə yanaqları qızaran xanım yenə adəti üzrə mehribanlıqla gülümsədi və Rəssamın gözlərinin içində sanki qeyb oldu. Rəssam da öz növbəsində baxışlarıyla, həyəcanlı nəfəsiylə xanıma öz minnətdarlığını bildirdi. Yarım saat sonra onlar tamamən ayrılmışdılar və indi rəssam evinə gedirdi...
Hazırda o anları xatırladıqca xoşhal olan Rəssam qarşısındakı tabloda sanki o xanımı canlı olaraq görürdü ki, az qalırdı kətan parça üzərinə yağlı boya ilə çəkdiyi rəsmi öpsün. Ancaq bu hal cəmi bir neçə saniyə çəkdi və Rəssam dərhal özünə gəldi. Məmnunluqla gülümsəyərək rəsmə yenə sənətkar gözüylə baxaraq incələməyə davam etdi...
O xanımla bir də bir neçə il sonra şəhər mərkəzində, parkda təsadüfən qarşılaşmışdılar. Bu səfər də xanım uzun, nisbətən tülə oxşar bir xalat geyinmişdi. Və yenə Rəssamın gözündə o, nədənsə klassik ədəbiyyatda təsvir olunan kübar xanımları xatırladırdı. İndi sadəcə kəsik-kəsik cümlələrlə danışan ikili bir-birinin hazırkı durumu öyrənməklə kifayətləndi. Rəssam dərin hüznə qərq olmuşdu. Çünki xanım ona evli olduğunu demişdi.
Bir müddət sonra onlar yenə, bir sahildə qarşılaşdılar. Xanım bu səfər üzərinə sinə dekoltesi olan sarımtıl platya geyinmişdi. Artıq Rəssamı gördüyü ilk andan ovsunlayan iri, füsunkar sinəsinin yarıdan çoxu açıqda idi. Çiyninə geyiminə bir fərqlilik gətirsin deyəmi, yoxsa lazım gələndə sinəsini örtsün deyəmi bilinməz, amma platyası rəngdə tül bir şərf atmışdı. Hə, deyəsən indi Rəssamın xəyalındakı o kübar Avropa qadını canlı olaraq qarışısındaydı. Bu düşüncəylə bir müddət xanımı süzən Rəssam məmnunluqla gülümsədi və xanımla arasındakı söhbəti uzatmaq üçün onu dənizə doğru yeriməyə dəvət etdi. Bu dəfə onlar həmişəkindən daha çox söhbət etdilər. Və şər qarışan zaman ayrılmağı qərarlaşdırdılar. Rəssam nə qədər etdisə cürət edib xanımdan telefon nömrəsini ala bilmədi. Amma evinə gedərkən əhvalı olduqca xoş idi, çünki xanımla kifayət qədər vaxt keçirmiş, bu müddət ərzində onun şirin, incə gözlərini, qırmızı, tər çiyələyi xatırladan, amma olduqca ətli dodaqlarını, iri, şux döşlərini, bədəninə kip oturmuş geyiminin köməkliyilə cüssəsinin bütün incəliklərini izləyə bilmişdi. Və ən əsası, söhbət zamanı burnunu məşğul edən, xanımın vurduğu xoş, bahalı fransız ətrinin gözəl qoxusu... Bu qoxu qadının öz bədən qoxusuyla qarışmış, istənilən kişini yoldan çıxaracaq orijinal bir iyə çevrilmişdi. Rəssam əmin idi ki, sırf bu ətrə görə indi bir çox kişi onun yerində olmaq istəyərdi. Bəli, bu duyğu ona arxayınlıq və xoşbəxtlik bəxş edirdi.
Bir aydan sonra onlar yenə, təsadüfən şəhər kənarında bir çay sahilində rastlaşdılar və bu dəfə Rəssam əvvəlkilərdən fərqli olaraq xanımdan telefon nömrəsini istəməyə cəsarət etdi. Xanım onun bu acizanə xahişini çox razılıqla qarşıladı və gülümsəyərək - əzizim deyəsən biz bir-birimizə vuruluruq – dedi. Rəssamınsa ürəyi yaman narahat idi. Çünki qısa bir zamanda təsadüfən tanış olduğu və ard-arda qarşılaşdığı möcüzəli təsadüflər nəticəsində bir xeyli münasibət qurmuş bu xanım hələ də ərli idi. Uşaqlıqdan ciddi ailə tərbiyəsi almış Rəssam üçünsə bu əngəl idi. Həm də aşılması mümkünsüz olan əngəl. Çünki nə əxlaqı, nə də vicdanı ona ərli xanımla bu əsrarəngiz münasibəti davam etdirməyə imkan vermirdi. Di gəl ki, xanım əskinə durumdan heç rahatsız deyildi və deyəsən ərdə olduğunu unutmuşdu, ya da bəlkə artıq ərindən boşanmışdı. Çünki son görüşdə ailəsindən bəhs etmədi. Elə ancaq Rəssamdan, onun həyatından və gələcək planlarından danışdılar. Bir də yetkinlərin saatlarla danışmağa vadar etdiyi, bezmədiyi cinsi mövzulardan...
Rəssam əlindəki şotkayla rəsmin üzərində son ayrıntıları bitirib. əllərini qoynuna qoyub böyük bir savaşda zəfər çalmış hökmdarlar kimi məğrurluqla gülümsədi. Daha sonra acdığını, xəyala dalarkən tablonun qarşısında həddindən artıq vaxt keçirdiyini və ən əsası mətbəxdə bir-düşlə məşğul olan həyat yoldaşını xatırladı. Bu zaman isə ona mətbəxdən emalatxanaya (iş otağı) yayılan ləziz bir yeməyin qoxusu kömək oldu. Mətbəxə gəlib yeməyi qaz üzərinə qoymuş, indi məxsusi bir salat hazırlamaqla məşğul, nisbətən arıq, uca boylu, qaraşın xanımını arxadan qucaqladı. Şirin bir ehtirasla boynunu öpdü. Xanımı bu ani hərəkətdən həyəcanlandı və gülümsəyərək ona - əzizim acmısan yəqin, hə? Yemək hazırdır. – dedi. Rəssam – hə, yaman acam. Amma öncə bir fincan qəhvə pis olmazdı – deyə cavab verdi. On dəqiqə sonra onlar mətbəxdə kiçik masa ətrafında qarşılıqlı qəhvə içirdilər. Rəssamın xəyalı isə hələ də rəsmdə, orda canlandırdığı sarışın, dolu bayanda idi...
Telefonla danışdıqları bir aydan çox olardı. Artıq Rəssam dəqiq bilirdi ki, xanım evli deyilmiş. Sadəcə zəmanənin azğın kişilərini özündən uzaq tutmaq məqsədiylə hər dəfə belə söyləyirmiş. Rəssamı tanıdıqdan və hətta sevdikdən sonra isə ona həqiqəti dedi. Rəssam artıq bu ecazkar bədənə sahib olmaqda bir əngəl görmədiyi üçün xanımı bir otel nömrəsinə dəvət etdi.
O gecə onlar sevgi dolu ehtiras burulğanına qərq oldular. Xanımın iri sinəsi isə Rəssamda ac qurd xarakteri yaradır və onu dönə-dönə öpməyə, gözəl qoxusunu içinə çəkməyə vadar edirdi. Ard-arda fasiləsiz, yorulmadan birlikdə olan ikili möhtəşəm anlardan zövq ala-ala nəhayət, “zəfər tağı”-nı keçib qol-qola dərin bir yuxuya daldılar...
Yemək yedikdən sonra yenidən emalatxanasına qayıdan Rəssam içdənliklə və məğrurcasına gülümsəyərək tablosuna tamaşa etməyə davam etdi. Ancaq bir şeyi artıq anlamışdı, elə anladığı üçün də xəyal aləmini tərk edib tablonun qarşısındakı ağ kağıza qələmlə yazmağa başladı: “Xəyalımdakı o...”
Bəli, hər şey məlum idi. Rəssamın olduqca ustalıqla yaratdığı bu möhtəşəm əsərin sahibi heç də canlı bir insan deyildi. Və onunla bağlı Rəssamın heç bir xatirəsi yox idi. O, sadəcə və sadəcə bir xəyal idi, gözəl, ecazkar, möhtəşəm bir xəyal... Amma elə bir iri sinəli xanıma malik olmaq heç də pis olmazdı...
Rəssam bir müddət yazdıqdan sonra ürəkdolusu gülməyə başladı. Səsə digər otaqdan xanımı gəldi və Rəssamın yazıqlarını oxudu, o da ərinə qoşulub uzun müddət qəhqəhəyə düçar oldu.
Rəssamın yazdığı hekayəninsə son cümləsi belə bitirdi: “Bəli, onun iri sinəsi yadımdan heç çıxmır...”
Rəssamın xanımı da başını buladı və ehmalca qulağına əyilib – onun iri sinəsi – deyə pıçıldayaraq gülməyə davam etdi...
Elşən İsmayıl
24-30 dekabr 2016-cı il