Tanınmış psixoloqdan müsahibə alıb ayağa qalxdı. Doktor Yusifin ona uzatdığı əli səmimi sıxıb gülümsündü.Kabinetdən çıxarkən orta yaşlı bir qadının oturduğu skamyadan qalxdığını gördü. Qadın hər nə qədər gözəl üz cizgilərinə malik olsa da, gözlərindəki ümman kədər bu gözəllliyə kölgə effekti buraxırdı.
Göy üzünü əsir alan tünd buludlara nəzər salıb yoluna davam elədi. Yağış qoxusu ətrafı bürüyərək məstedici təsir buraxırdı. Pilləkanlardan enərkən qara-ağ qarışığı pişiyin quyruğu ilə özünə sarılmasını görüb ayaq saxladı. Pişiyin özünə yuva seçdiyi məkan kafe idi. "Gənclərin kafesi". Hər nə düşündüsə ixtiyarsız gülümsədi və kafeyə daxil oldu. Özünə boş masa seçib əyləşən kimi 10-12 yaşlı oğlan uşağı onun qulluğunda durdu. Bir stəkan çay sifariş etdi. "Oldu"-deyə uşaq cavablandıraraq yanından aralandı. Onun ardınca bir xeyli baxaraq başını buladı. "Bu oğlan məktəbdə oxumalıdır, amma işləyir" düşüncəsi onu narahat etməyə başladı artıq. 8-9 yaşlı uşaqların dilənmələrini, maşın şüşələrinin silmələrini, qəzet satmalarını, "şirin pambıq" deyə çığırmalarını, kiril-azərbaycanca kitab satıcılığı ilə məşğul olmalarını və digər fəaliyyət növlərini araşdırmışdı. Nəticələr onu heyrətə düşürmüşdü. Qəbullanmaq istəmirdi hələ.
Birdən arxadan qız səsi eşidildi.
-Dəlidir, getsin dəlixanaya,-əsəbi səs tonu açıq-aydın sezilirdi.
Səsə çevrilib qıza nəzər saldı. Tələbə idi deyəsən. Tək deyildi. 2 qız da vardı. Onlar rəfiqələrinin dediyi ifadəyə görə bir az susduqdan sonra mövzunu dəyişdirməyə nail oldular.
"Deməli, dəli, eləmi?!". Qıza ittiham dolu baxışlarla baxıb çevrildi. Oğlan çayı gətirib onun qarşısına qoydu. Gözlərini armudu stəkana zilləyib dərin-dərin baxdı. Beynindəki gəmiricilər öz işlərini sürətlə davam etdirirdilər. "Dəlidir, getsin dəlixanaya" cümləsi təkrarlanıb dururdu. Masaya dirsəklənib başını əlləri arasına aldı. Gözlərini iri-iri açaraq şüursuz şəkildə çaya zilləndi.
Birdən kəskin hərəkətlə ayağa qalxdı və qızların əyləşdiyi masaya sürətləndi. O ifadəni işlədən qızın qolundan tutub ayağa qaldırdı. Təşviş və qorxu dolu gözlərinə qəzəbli baxışla müfuz edərək qəzəb dolu titrəyişli səs tonu ilə ünvanladı.
-O nə demək idi?!
Bütün kafenin diqqəti onlara yönəldi. Qızın rəfiqələri çaş-baş halda nə edəcəklərini bilmədən gah bir-birlərinə, gah da oğlana baxırdılar...
Vüsal qapını çırpıb kafeni tərk etdi. Əsəblərinə hakim ola bilmirdi. Tez-tez açılıb yumulan yumruqları fəaliyyətlərini dayanmırdılar.Onun aqressiv halını görən insanlar qəribə-qəribə cavan oğlana baxıb nəsə anlamağa çalışırdılar. Bomboş skmayaya çöküb dizlərinə dirsəkləndi. Barmaqlarını bir-birinə keçirdərək yerdəki rəngli yarpaqlara kilidləndi. Nəfəs alıb almaması bəlli deyildi. Və birdən yağış yağmağa başladı.
***
Onun bir bacısı vardı. Nübar idi adı. FM aparıcılarından biri sayılırdı. Radio verilişi rekord qırırdı. Nübar dünyaya 3 dəfə gəlmişdi əslində. Birincı dəfə-öz doğum günündə. İkinci dəfə anası özündən bir parçanı böyrək çatışmamazlığından əziyyət çəkən qızına bağışladığı zaman. Üçüncü dəfə riski gözə alaraq övladını dünyaya gətirən zaman.
Nübar tv diktorlarından biri olan Tamerlanla ailə həyatı qurmuşdu. Hər şey gözəl gedirdi. Ta ki Tamerlanın xəyanəti ortaya çıxanadək. Qalmaqallı boşanma prosesini mətbuat bütün çılpaqlığı ilə işıqlandırırdı. 2 illik ailə param-parça oldu anidən.
El qınağı tanınmış bir qadın üçün çətindir. KİV onun hər bir addımını təqib edirdi. Harada görürdülərsə, tələm-tələsik ya fotosunu çəkirdilər, ya da müsahibə almağa çalışırdılar. Bəzən əsəblərinə hakim ola bilməyərək kobudluq edirdi, sonra isə təklikdə qaldıqda peşmanlayırdı özünü.
Bir axşam radio verilişini bitirərək isti evinə qayıdırdı. Ata-anası ilə birgə yaşayırdı. Keçmiş əri Tamerlan tez-tez övladını görməyə gəlirdi, amma Nübarın evdə olmadığı zaman. Nübarın onu görməyə gözü yox idi. Heç istəmirdi ki, qızı atası ilə görüşsün. Sadəcə qızının arzusuna qarşı gələ bilmirdi. Qardaşı Vüsal Böyük Britaniyada magistr oxuduğundan tez-tez internet vasitəsilə əlaqə qururdu onunla.
Küçə qaranlığa qərq olmuşdu.Uzaqdan görünən bina evləri. Və birdən qarşısını 3 nəfər kəsərək onu əhatələdilər. Hər nə qədər qorxmamağa çalışdısa, alınmadı. Mehriban dillə danışmaq cəhdləri iflasa uğradı. Narkotik qəbul etmiş bu cavanlar onu zorla bir kənara çəkərək dəfələrlə təcavüz etdilər.
Öz işlərini bitirdikdən sonra onu elə oradaca o vəziyyətdə buraxıb mahnı oxuya-oxuya getməyə başladılar. Nübar çılpaq olsa da, soyuqdan üşümürdü. Ayaqlarını qarnına doğru yığıb qolları ilə özünü qucaqladı. Gözlərini geniş açaraq ifadəsiz baxışlarını bir nöqtəyə zillədi.
"Bu...bu nə idi? Axı niyə? Niyə mən?". Bədəni ağrılarla dolu idi. Gözlərindən yaş süzülə-süzülə əynini geyinməyə başladı. Köynəyi cırıq-cırıq olmuşdu. "İlahi! Mən qızıma nə deyəcəm indi?". Ayağa qalxarkən müvazinətini saxlaya bilməyib yıxıldı. Bir neçə dəfə təkrarlandı.
Ağır-ağır addımlarla evə gəlib çatdı. Anası qapını açıb Nübarın halını görərkən dili söz tutmadı. Nübar anasına sarılıb səssizcə göz yaşlarını axıtmağa başladı."Ana, anacan..."
Şirin yuxuya qərq olan qızına baxıb sığallamaq üçün əlini uzatdığında birdən əli havada asılı qaldı. Yanaqlarındakı isti damlalarla birgə kiçik mələyini izləməkdən başqa çarəsi qalmadı. Özünü kirli sayırdı. Aytənin də bu kirə bulaşmasını istəmirdi.
Bir neçə gün evdən çölə addımını atmadı. Ata-anası ilə quruca danışıb, onlardan bacardığı qədər uzaq durmağa çalışırdı. Utanırdı. Sanki zorlanmaq onun günahı idi. Qızına isə qorxa-qorxa yanaşırdı, qucaqlayırdı, qoxusunu alırdı, öpürdü. Balaca Aytən məsum gözlərini anasına zilləyib heç nə anlamırdı.
Hər gecədə kabuslarla savaşırdı. Yuxu rejimi pozulmuşdu. O murdarlar yuxularına girərək iyrəncliklərini davam etdirirlər. Qışqırtı ilə ayılarkən tər içində olurdu. Ata-anası dəfələrlə onun polisə getməsini israr etsələr də, getmirdi. Qonşulardan biri necə öyrəndisə, xəbər ildırım sürətilə ətrafa yayıldı. 1-2 dəfə qapını döydülər. Nübar açdırmadı.Qızını sinəsinə möhkəm sıxaraq gözləri ilə anasına yalvarırdı.Atası axşam işdən qayıdarkən adamların əlindən birtəhər qurtula bildi.Əsəbləri gəriləndə reallıqla gerçəyi ayıra bilmirdi Nübar. Boş yerə qışqırırdı, çığır-bağır salırdı. Boşqabları sındırırdı, kitabların vərəqlərini qopardırdı. Keçmiş əri Tamerlan qarşısında görərkən vəhşicəsinə üstünə hücum çəkirdi.
Nəhayət evdən çıxmağa müvəffəq oldu. İnsanların onu barmaqla göstərmələri, lağlağı tonla haqqında bir-birinə məlumat vermələri, "özünsən günahkar" baxışlarını ona ünvanlamaları dayanmadan artırdı. Ələlxüsus bunu edənlərin böyük qismi gənc qızlar və qadınlar idilər. Əcəba, onlar heç mi düşünmürlər ki, bir gün onların da başına belə "iş" gələ bilər?
İşə gedib ərizəsini təqdim edərək çıxdı. Vəssəlam, işini də itirdi. Kabinetdən çıxarkən onu Sevən Fazillə qarşılaşdı. Fazil Nübarı hələ ərli qadın ikən sevirdi. Boşandıqdan sonra ona evlilik təklifi etmişdi, amma Nübar qəbul etməmişdi. İndi budur, qarşısında boşanmış və zorlanmış qadın dayanır. Nə deyəcəyini bilmirdi düzü. Özünü itirmişə də bənzəyirdi. Amma gözləri onu satdı. O da Nübarı "günahlandırırdı". "Aydın məsələdir" öz-özünə deyib Fazili arxada buraxdı.Bir halda da ki, insanların ona baxışları belədir, daha polisə gedib kağız parçasını doldurmağa ehtiyac yoxdur.
Depressiv pozuntular artırdı."Anormal" davranışlarına dözməkdən bezən qonşular onu "Ruhi-Əsəb Dispanseri"nə göndərməyi məsləhət biləndə anasının göz yaşları sel kimi axırdı. Amma başqa çıxış yolu qalmamışdı. Ən azından psixoloqa gedib içini boşalda bilərdi, amma bunu da etmədi. Qızlarını ürək ağrısı ilə yola saldıqdan sonra Aytənin tərbiyəsi ilə özləri məşğul olmağa başladılar. Keçmiş kürəkən Tamerlan onlara məhkəmə açmaq istəsə də, danışıqlar aparıldıqdan sonra razılaşıb sülh imzalandı.
Vüqar vətənə qayıdarkən bacısının faciəli taleyi onu çökdürdü. Dəfələrlə oraya gedib onunla danışmaq istədi, amma bütün cəhdləri iflasa uğrayırdı. Nübarın halını izləmək onun bütün varlığı yerlə bir edirdi. Amma onu mütəmadi ziyarət etməkdən usanmırdı.
***
El arasında "dəlixana" adlanan bu müəssisə əslində tam fərqli auraya sahib idi. Gəzinti parkı ilə əhatə olunan dispanserlə ilk tanışlıqda Vüqar söyləntilərin tam əksi ilə qarşılaşdı.İnsanların bu məkandan qorxmaları təbiidir, amma həddindən artıq yanlış təsəvvürə malikdirlər. Baş həkim Orxan İsabəyovla bacısı haqqında söhbət edərkən onun geniş dünyagörüşünə çaşqınlığını gizlədə bilməmişdi. Moskvada, daha sonra İsveçrədə oxuyan Doktor Orxanın sayəsində gənc həkimlər buradakı insanlara "dəli" kimi baxmırdılar artıq. Vüqar dəhliz boyunca yeridikcə 8 yaşlı qızla da, 33 yaşlı qadınla da, 75 yaşlı qoca kişi ilə də rastlaşmışdı.
***
Ağır addımlarla "Ruhi-Əsəb Dispanseri"nə doğru yönəldi. Yağış kəsilmişdi artıq.
-Salam, bacı,-asta səslə deyib əyləşdi.
Nübar dizlərini qucaqlayıb çənəsin dayaq vermişdi. Gözlərini pəncərədən çəkib qardaşına zillədi. Kiçik parıltı. Vüqar gözlərinə inanmadı.Daha bir möcüzə-təbəssüm.
-Salam, "Poçemuşka"
Nübar qardaşını belə adlandırmışdı uşaqlıqda. Vüqar ata-anasını sualları ilə o ki var bezdirib eləyirdi deyə Nübar 4 yaş kiçik qardaşına rusca ləqəb yapışdırmışdı-"Poçemuşka"
-Mənim Aytənim necədir? Darıxmışam ondan ötrü. Onun qoxusunu almaq istəyirəm.
Vüqar günahkarcasına bacısına baxdı. Özü bura anidən gəlmişdi. Belə bir planı yox idi əslində. Yoxsa böyük məmnuniyyətlə məktub, foto gətirərdi bacısına. Aytən 1-2 dəfə buraya gəlmişdi nənə-babası ilə birgə. Amma bağırtılardan, gözlərdən, iylərdən qorxduğu üçün daha getmək istəmirdi.
***
Yaşı 45-i keçmiş Doktor Orxan diqqətlə jurnalisti dinləyib eynəyi çıxardaraq masaya buraxdı.
-Vüqar, az qalıb. Sadəcə səbr.
-Bir şey souşmaq istəyirəm.
-Buyur.
-Təkrarlana bilərmi?
Doktor Orxan dərindən nəfəsini dərib sözə başladı.
-Vüqar, buradakı insanların heç biri xəstə deyil. Bu-hər kəsin başına gələ biləcək olaydır. Hamının əsəb sistemi var. İstənilən an pozula bilər. Fərqi yoxdur hansı şəraitdə. Hər yaşda və hər fərddə görülə bilər. Hamının beyni var. Sadəcə düşünən və düşünməyən kateqoriyalarına ayrılır.
-Onda niyə cəmiyyət arasında yanlış düşüncələr hökm sürür? Mən sadəcə buranı demirəm. Əlil insanlara ya dilənçi, ya ağır xəstəlik daşıyıcısı kimi baxırlar. Zorlanmış qızları, boşanmış qadınları "qınaq obyekti"nə çevirirlər. Və bütün bunlar məhz bizim cəmiyyətdə mövcuddur.
-Davam elə, cavan oğlan.
-Ölkədə rüşvətxorluq baş alıb gedir. Tələbələr oxumaq əvəzinə pul verirlər. İş axtarışı müşkül məsələyə çevrilir. "Adamın yoxdursa, iş də yoxdur". Gənclər min bir zibilə bulaşırlar-Fahişəlik, narkotik, oğurluq, cinayətkarlıq. Savadsızlıq baş alıb gedir. Axı niyə? Səbəb nədir? Və ən gülməsi budur ki, bütün bunların səbəblərini "Avropaya intenqrasiya"da görürlər.
-Kişilərin ginekoloq olmasını isə ayıb sayırlar. Bilirsən, Vüqar bir tanışım var. Sırf kişi olduğundan onun "ginekoloq" olmasını ələ salırlar. Elə hey söz atırlar ki, "Bəxtəvərsən e, bütün günü qız-qadınlarla". Güclü savada malikdir. Hətta bir dəfə doğum masasındakı doğmağa hazırlaşan qadın kişini görcək tələsik masadan düşdü...Bir hadisə də var. Toy gecəsində oğlan "qız" çıxmadığına görə az qala öldürmüşdü yazığı. O isə ağlayaraq günahsız olduğunu deyirdi. Nəhayət gəlirlər onun yanına. Nəticədə isə anadangəlmə qızlıq pərdəsinin olmaması ortaya çıxır... Jurnalist olduğundan yəqin ki xəbərdarsan: Özəl klinikalarda bakirəliyin bərpası prosesi gedir.
***
Axşam düşürdü. Vüqar Orxanla sağollaşıb çıxarkən onun sözünü eşitdi.
-Bir şeyi unutma: "Kefli İsgəndər"lər hər zaman mövcuddurlar...