ZAMANSIZLAR
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 17:00 28 sentyabr 2014 tarixində əlavə olunmuşdur

                                                  ZAMANSIZLAR

İnsanın  yaradılışından  sonra  Allahın  ona  bəxş  etdiyi ən  böyük  sərvət  yaşamaq, yaratmaq  və  yaşatmaq haqqıdır.  Yaradan  bu  lütvünü  heç  bir  bəndəsindən  əksik  etmədi.  Faili – muxtarlıq (seçimin insan ixtiyarına verilməsi) daxil,  hər  nə  varsa,  bütün  gözəlliklər  Adəm  övladı  üçün  xəlq  edildi.  Bir  sözlə, insan  yaradılmışlar  içində  bir  əşrəf  kimi,  zamanın  fövqündə  dayandı.

Əfsuslar  olsun  ki,  əksər  dönəmlərdə  insana  verilən  faili – muxtarlıq  elə,  insanın  özü  üçün  bir  bəlaya çevrildi.  Təkəbbür,  kin,  yersiz  qəzəb,  sərvət  uğrunda  gedən  amansız  savaş,  qəsb  və  qəsd,  saysız – hesabsız  xəyanət  və  daha  nələr... Bütün  bu  haqsızlıqlar  da , Adəm  övladının  əməllərində  təcəlla  etdi. Bəzən  o  qədər  ədalətsizliklər  baş  qaldırdı  ki,  bəzi  gözəlliklər  bu  zülmlərin  içində  kölgədə  qaldı. Gözəlliyin  zülmə  kölə  olduğu  zamanlara  tuş  gəlmək,  həqiqətən  böyük  bir  fəlakətdir.  Belə  zamanlarda ölüm  zalımlar  üçün  bir  vahimə,  məzlumlar  üçün  bir  qurtuluş  həddinə  çatar.  Haqqını  ala  bilməyən, qısılıb  Haqqa  tapınar,  yeganə  bir  təsəlli  yeri  ümid  olar.  Fəqət  belə  zamanlarda,  bəzən  ümid  özü  də, ümidsizliyə  qapanar.  Zalımların  zülmü  bu  günün,  dünənin  mövzusu  deyil.  Min  il  əvvəl  də,  bəlkə  də, min il  sonra  da,  haqsızlıq  öz  iqtidarını  sürdürəcək.  Hər  şeyin  nisbi  olduğu  kainatda  bundan  artığını gözləməyə  dəyməz.  Əbəs  yerə  mövlamız  Həzrəti  Əli (ə.s)  bu  fani  dünyaya  üç  kəs  talaq  verməmişdi. Bəs  qəddarlıq,  zülm,  amansızlıq  haradan  qaynaqlanır?  Bəzilərində  yaranan  mənəmlik  ehtirası,  sonsuz təkəbbür,  zalımlıq  sevdası,  zülm  eşqi  onun  güclülüyündən  deyil,  savadsızlığından  meydana  gələr. Belələri  bir  ömür  özünü  tapa  bilmir. Hətta  ölüm  yatağında  belə, Cənab Əzrayıla “ qılınc ” çəkir.  Bax, əsil bədbəxtlik  budur.

Əslində,  çağdaş  dövrümüzdə  əvvəlkilərdən  çox  fərqlənmir.  Elmi  tərəqqi,  elektron  inkişaf,  müasir texnologiya,  bütün  bunlar  vizual  dəyişikliklərdir.  Kainatın  ən  zəngin  kapitalı  yalnız  insan  resursudur. İnsanın  yaşama  haqqı  ona  verilmədikcə,  haqqı  olan  ondan  əsirgəndikcə  bu  tərəqqinin,  bu  dəyişikliklərin  onun  gözündə  zərrə  qədər  anlamı  qalmır.  İnsanlar  arasında  sürətli  bir  qütbləşmə mövcuddur  və  bu  danılmaz  bir  faktdır.  Bir  tərəfdə  zənginləşdikcə  zənginləşən  zümrə,  digər  tərəfdə zamanından  küsmüş  zamansızlar.  Bir  yanda, Mayamidə  yeddi  ulduz  oteldə  gecəsi  1000  -  avroya dincələn  Dubay  Şeyxi,  digər  tərəfdə  Zimbabve  küçələrindən  çörək  qırıntısı  toplayıb  qarnını  doydurmağa çalışan  məzlum  bir  cocuq.  Belə  paralelləri  çox  aparmaq  olar.  Belə  təzadlar  bir  yazının,  bir  kitabın içinə  sığmaz.  Nə  optimizm,  nə  pessimizm  yalnız  realizm  həqiqətləri  özündə  ehtiva  edər.  Həqiqət  isə eşidilənlər,  deyilənlər  deyil,  gözlə görülənlərdir.


... dəfə oxunub
Qiymət: 9/10(17 səs)
[qiymət ver ]
Şərh yaz
8+12=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0428 saniye