10 il sonrakı "Mən"ə məktub
Narniya tərəfindən "Digər yazılar" bolməsinə 09:31 19 may 2015 tarixində əlavə olunmuşdur

Bilirəm, məktubu kimin yazdığını biləndə təəccübləndiyin qədər də mənim yerində olmağı arzulayacaqsan. Xəyal edib də həyata keçirə bilmədiklərinə görə, ya da sadəcə “ Daha yaxşı ola bilərdi”- deyə fikirləşdiyindən. Nədənsə mənə elə gəlir ki, yox, şəksiz, bilirəm, yenə o perfeksionist xislətindən əl çəkməmisən. Həmişə belə idin: Emosiyaya qapılanda ”Ağılla davransaydım daha yaxşı nəticə əldə edərdim”, gözün işdən başqa heç nə görməyəndə isə “Anı dolğunluğu ilə yaşaya bilmədim” fikri ağlından çıxmazdı. Sənə məsləhətim: “Unut o təktərəfli prinsipləri.” Hə, təcrübəm səndən azdır,ağıl öyrətmək niyyətində də deyiləm. Sadəcə, demək istədim: “Miksləri sev.” Həyat ağılla irəli gedilməli, emosiyalarla zənginləşdirilməlidir. Bəlkə də düz xətt sonsuzluğadək gedə bilər, amma onun nə tutumu, nə də həcmi olmur. Unutma! 

De, gorüm, həkim olmağı bacardınmı? Əlləri ağ xalatın cibində, təşəxxüsü ilə meydan oxuyan həkimcik demirəm e, əsl. Pasientinə baxanda “Bax, bu gün həyatda olmasında zərrə qədər mənim də rolum var. 6 il universitetə, sonra da rezidentura üçün xəstəxanalara əbəs yerə təpik döyməmişəm.” deməyə cəsarəti və əsası olan həkim.

Yadımdadır, “Hippokrat andı”na qol çəkəndə necə sevinmişdin.Onunla ilk dəfə tələbə olduqdan 6 həftə sonra Tibb tarixi muzeyində tanış olmuşdun. O, sənə asıldığı divardan, şüşə arxasından baxmış, sən isə onun hər misrasını diqqətlə süzməkdən çəkinməmişdin. Tarix təkrarlanmışdı. Yenə qarşılaşmışdınız və bu dəfə onunla ömürlük müqavilə bağlamışdın.

Bəs xaricdə rezidentura sevdan necə oldu? Baş tutdumu?

O vaxtlar kitablara qurşanmışdın.. Hərdən cızma-qara da edirdin. Bir neçə gün sonra isə kiməsə oxutdurduğuna peşman olardın, çünki, bəyənməzdin yazdıqlarını: “Bəsitdir.”-deyə mızıldanardın. “Bu, inkişafdır” deyə israr edənləri “İşıq sürətlimi?” deyərək zarafatyana azarlayardın.

İstənilən kitabı əlinə alanda “Bir gün hansınınsa üzərində müəllif kimi mənim də adım yazıla bilər” düşünər, yazdıqlarının səhifələrini sayar, öz-özlüyündə bax, kitabımın “20 səhifəsi hazırdır” deyərdin.Yazmağa başlayandan kitabları bir başqa sevmişdin. Əsl oxucu kimi. Bədii təsvirlərdən qaçmayan, ancaq süjeti güdməyən, hər sətirdə itib-batmaqdan zövq alan.

Çexovun 41 ləqəbindən “Xəstəsiz həkim”i maraqlı hesab edərdin. Bəs sən indi hansı ləqəblə qaralayırsan? Heç yazırsanmı?

Darıxdırıcı mühazirrələrdə şüuruna yerindən tərpənmək bilməyən saat əqrəbləri hakim kəsiləndə özünü tribunada təsəvvür edərdin: “Eeh, elə mühazirə deyərdim ki, tələbələr məcburiyyətdən deyil, könüllü olaraq dinləmək istərdilər. Qayıbla tələbəni barmaqlıqla məhbus saxlayırmış kimi oturacaqlara təhkim etməzdim.“ Bu xəyalını reallaşdırmağı bacardınmı? 

Ola bilər ki, mənasız suallar verdiyimi, xırda detalları çox çözələdiyimi düşünəsən. Axı bu gün sənin həyatında nəyin vacib, domiant olduğundan bixəbərəm! Məlum məsələdir, zaman keçdikcə həyata baxış, düşüncə, hisslər dəyişir. Nəsə, kimlərsə adiləşir, olduğu mövqedə qalır, yaxud gözündə yüksəlir.
Hə, bilirəm, bu barədə danışmağı sevmirsən, amma istəsən həyatının sevgisi barədə də nəsə yaza bilərsən. Axı mən elə sənəm. Nə istəsən- arzuların, planların, ideyaların və ya ən adi gündəlik kiçik detalları qeyd edə bilərsən. Narazı olduqlarından da danış. Bəlkə nəyisə dəyişə bildim. Lənətə gələsən, yenə də bu axmaq perfektsionistlik.Sənə verdiyim məsləhətlərə özüm də əməl etməyə çalışıram, mübarizə aparıram. Amma hesab eləmə ki, özünə umac ova bilməyib, sənə əriştə kəsirəm.
Nəysə, səbirsizliklə gələcəkdən məktubunu gözləyəcəm.
Hörmətlə 10 il əvvəlki sən.

P.S. Bilmirsən, bu nə məsələdir belə ? Məktubum sənə necə çatasıdır? Yoxsa, zaman maşınımı?!
 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0304 saniye