Zəhərli tüstü öz görüntüsünü getdikcə daha da genişləndirirdi. FHN-nın 5 işçisi qapını qıraraq içəriyə daxil oldular. İşçilər tələsik mənzili alt-üst etməyə başladılar. Yataq otağında kürəyi üstə xalçaya sərilmiş, boş buraxılmış əlindən bir az aralı əsası ilə durumu naməlum qoca tapıldı. Ölü, yoxsa huşsuz olduğunu müəyyənləşdirməyə başladılar. Nəbzi yoxlanıldı. Ölmüşdü. Zəhər get-gedə atmosferini böyüdürdü. Hər an partlamağa hazır bomba kimi idi.
Digər otaqdan səs gəldi. İşçilər cəld səs eşidilən otağa yüyürdülər. Gənc işçi stolun altında dizlərini bərk-bərk qucaqlayan 4-5 yaşlı qızı oradan çıxartmağa cəhd edirdi. Qızcığaz isə tanımadığı adamdan qorxub başını “yox” mənasında yellədirdi.
-Balaca, qorxma məndən.
-Anam deyib ki....-davamını gətirə bilmədi. Qızcığazın bədənini bürüyən qorxu çənəsini əsdirərək gözlərinin dolub daşmasına səbəb olmuşdu. Yanaqlarına cığır salan göz yaşları dayanmırdı.-Anam deyib ki...-anidən nəfəsi kəsildi və ağırlığı ilə döşəməyə çırpıldı.
İşçilər gözlərini bürüyən dəhşət dolu mənzərədən özlərinə tələsik gələrək balaca qızı zəhər dolu binadan çıxardaraq ambulansa gətirdilər. Heç 15 dəqiqə keçməmişdi ki, həkimlərin səyi nəticəsində qızcığaz göz qapaqlarını hərəkətə gətirdərək yavaş-yavaş açdı.
***
-Orada...Orada...Mənim balam qalıb...Xilas edin...Ya da...Ya da ki, icazə verin mənə..Yalvarıram...
-Xanım...-polis işçisi gənc anaya nə cavab verəcəyini bilmirdi. Qurumuş boğazından söz keçmirdi.-Xanım...Artıq əlimizdən heç nə gəlmir...
-Yalvarıram...Yalvarıram...Oğlum, balam mənim...Xilas edin onu, xilas edin...
-Xanım, bacardığımız qədər...Amma bura qədərmiş...
-Yox...Yox...Ola bilməz...
Ağlamaqdan özünü həlak edən gənc ana əlləri ilə əvvəl boynunu qucaqladı, sonra alnına qoyub ruhsuz halı ilə addımını irəli atdı. Polis işçisi onun çiynindən yapışıb dayandırdı.
-Yalvarıram...Xilas edin...Ya da özüm...
Polis işçisinin günahkar baxışlarına dözümü qalmadı...
***
Xəstəxanada həyat yoldaşını izləyib ona nəyi necə deyəcəyini bilmirdi. Əyləşdiyi stuldan aralanıb pəncərə önünə yaxınlaşdı. Yumruğunu ağzına aparıb dişlədi. Ağlamaqdan qıpqırmızı olan gözlərinin önünə “o”nu gətirincə sarsılmış varlığı ilə döşəməyə çökdü.
Gözlərini aça bilmirdi. Beynində canlanan qaranlıq səsdən qurtulmaq istəyirdi. Özünü görürdü. Ətraf qan və qaranlıq içində. Müxtəlif səsləri ayırd edə bilmirdi. İrəliyə, yoxsa geriyə, sağa, yoxsa sola addımını atsın(?), lənət(!), bilmirdi, özünü tamamilə itirmişdi, göz bəbəkləri böyüyərək onun nəfəs almasına əngəl törədirdi. Ağrı, dəhşətli ağrı, hər yerində, bədənində, beynində. Ürəyinin döyüntüsü azaldıqca azalır, gözlərini bürüyən qaranlıqdan huşunu itirməyinə az qalmışdı ki, bir səs, uşaq səsi, daha düzü, qanı qanından, canı canından övladının səsini eşitdi. Çağırırdı, anasını çağırırdı, ağlayırdı. Alnını bürüyən tər pulcuqları süzülərək kirpiklərinə ağırlıq etməyə başladı. Birdən üşüməyə başladı, əllərini qollarına bərk-bərk sıxaraq dırnaqlarını ətinə batırdı. Addımını ayaqlarını sürüyə-sürüyə atmağa başladı, birdən yıxıldı, titrəyiş bütün sürəti ilə özünü büruzə verirdi. Ayağa qalxmağa çalışdı, alınmadı, dizlərini yara edə-edə səs gələn tərəfə sürünməyə başladı. Anidən gözlərinin önündə partlayış mənzərəsi vulkan püskürməsi isə oxşarlıq təşkil etdi.