Futbol üzrə ilk Dünya Çempionatı 1930`cu il 13-30 may tarixlərində Uruqvayda keçirildi. Yarışın keçirilmə yerinə FIFA`nın 1929`cu ildə Barselonada keçirdiyi konqresdə qərar verilmişdi. Həmin vaxt FIFA Prezidenti Jules Rimet idi və ilk Dünya Çempionatı turniri də onun şərəfinə “Jules Rimet Kuboku” adlandırıldı.
İlk Dünya Çempionatında 13 ölkənin milli komandası iştirak edirdi. Bu ölkələr hər hansı bir seçmə mərhələ oyunu oynamadan yarışa qatılmışdılar. FIFA bir neçə Avropa komandasına turnirdə iştirak etmək üçün təklif göndərsə də, yalnız Belçika, Rumıniya, Fransa və Yuqoslaviya milliləri təklifi qəbul etdilər. Avropa ölkələrinin bu təklifdən qaçmalarının əsas səbəbi Uruqvaya olan uzun və yorucu yol idi. Yarışmada iştirak edəcək Avropa komandaları 3 həftəlik gəmi səfəri ilə oyunların keçiriləcəyi Uruqvayın paytaxtı Montevideo şəhərinə çatdılar.
Reqlament. 13 ölkənin milliləri 4 qrupda mübarizə aparmalı idilər. Birinci qrupda 4, digər qruplarda isə 3 komanda yer alırdı. Qrup liderləri yarımfinal mərhələsinə yüksəlirdilər. Yarımfinal qalibləri isə Finalda qarşılaşırdılar. Bu çempionatda üçüncü yer uğrunda oyun keçirilmədi.
Oyunlar. Çempionatın ən qollu oyunu birinci qrupda Argentina və Meksika komandalarının qarşılaşmasında qeydə alındı. 6-3 hesabı ilə qalib gələn Argentina millisi, son qrup oyununda Çilini məğlub edərək (3-1) maksimum nəticə ilə yarımfinala vəsiqə qazandı.
İkinci qrupda autsayder Boliviya idi. Təsadüfi deyil ki, Yuqoslaviya və Braziliya ilə görüşlərdə boliviyalılar 0-4 hesablı məğlubiyyətlə barışmalı olmuşdular. Qrupun liderini müəyyən edən oyun isə ilk matç olmuşdu: Yuqoslaviya Trnaneç və Bek`in vurduğu qollarla Braziliya üzərində 2-1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlamışdı.
Üçüncü qrupda meydan sahibləri Rumıniya və Peru millilərini məğlub edərək yarımfinala yüksəldi.
Dördüncü qrupda ABŞ komandası Paraqvay və Belçika ilə görüşdə eyni hesablı (3-0) qələbəyə sevinərək qrupdan çıxmağa nail oldu.
Yarımfinal oyunlarında qeyri-adi hesablar qeydə alındı. Belə ki, Argentina ABŞ`ı, Uruqvay isə Yuqoslaviyanı 6-1 hesabı ilə məğlub etdi.
Finalda iki Cənubi Amerika təmsilçisi qarşı-qarşıya gəlmişdi: Uruqvay və Argentina. Oyuna meydan sahibləri fəal başladılar. 12`ci dəqiqədə Dorado ilə hesab açan Uruqvay futbolçuları üstünlüyü qoruya bilmədilər. Fasiləyə qədər Argentinalılar 2 dəfə rəqib qapısına yol tapdılar. Buna baxmayaraq, ikinci hissədə hücumlarının kəsərini artıran uruqvaylılar daha 3 qol vuraraq 4-2 hesablı qələbə qazandılar. Nəticədə FIFA`nın təşkil etdiyi ilk Dünya Çempionatının qalibi Uruqvay millisi oldu.
Maraqlı məlumatlar. FIFA`nın həmin dövrə aid qərarlarına uyğun olaraq, qələbə 2, heç-heçə 1 xalla qiymətləndirilirdi. Buna görə də, qrupda 3 oyundan sonra 3 qələbə qazanmış Argentina millisinin hesabında 6 xal var idi.
Oyunların hamısı bir şəhərdə - Montevideo`da keçirildi. Turnirin oyunları 3 stadionda baş tutdu: Estadio Pacitos, Estadio Parque Central və Estadio Centenario.
Final görüşünü 80.000 azarkeşin izlədiyi Dünya Çempionatına ümumilikdə, 435.000 futbolsevər baxdı.
Çempionatın bombardiri 8 qolla Argentina millisinin üzvü Guillermo Stabile oldu.