Bir gün gözlənilmədən yazacağam ki sənə,
bax, hər şey yolundadır,
tərsinə döndərə bildim həyatın çarxını da,
ən acı həqiqətlər baş əyir qarşımda,
gücümsə başımdan aşıb ayaqlarıma dolaşır,
tez-tez büdrəməyim də elə bundandır...
Yazacağam ki, inanmasan da
allahla barışmışam,
cəmiyyətə də qarışmışam hətta
mən insanları, insanlar məni axtarır;
(balıqçı öz tilovuna düşəcək balığı,
balıq isə ona soxulcan bəxş edəcək tilovu dəryada axtaran kimi...)
Yazacağam ki, yanılmışam,
tənhalıq bir xəstəlikmiş,
mən də özünə güvənsizlik, dəyərsizlik
və bir də yaratma eşqinin sönməsi kimi simptomlarını yaşamışam,
güclü olanda varlığın həyat eşqi ilə
necə dolduğunu duymuşam iliklərimdə...
Yazacağam ki,
Mənimçün çox adiləşmisən,
daha səni düşünəndə
ruhum təsirlənmir elə də.
Əksinə, səndən qurtulduqca
imana gəlirəm,
dini moizələrdən həzz alıram get-gedə...
Sən də sevinəcəksən,
deyəcəksən ki, bunu çoxdan gözləmisən,
hərdən məni xatırlayıb
gizli-gizli yazılarımı, addımlarımı izləmisən,
düşündüyüm qədər axmaq və yorucu görünməmişəm sənə...
Yazacağam ki,
səni son gördüyüm gündən yadıma düşməmisən heç,
çünki səni unutmağın formulunu hazırlamışam
- həyat eşqi adlı bir cəfəngiyyat yolu ilə,
içimdə enərək ən dərinə
ruhumun və beynimin mənə oynadığı kələk olduğunu qəbullanmışam...
Sən də özünü itirib başdan etmək yerinə
aldanacaqsan mənə uşaqtək,
deyəcəksən, bilirdin elə bu qədər çəkəcək sevgim,
yalnız növbəti gün anlayacaqsan məni,
baxıb görəndə ki, aprelə dönüb təqvim...
bəlkə də,
bir az sevinsin deyə, açılsın deyə könlüm,
yazacaqsan səhərisi -
daha ayın ikisi,
tök ətəyindən daşı, nə var, nə yox, de görüm...