20-ci payız
Graf tərəfindən "Hekayə" bolməsinə 11:45 20 may 2014 tarixində əlavə olunmuşdur

Payız... Yağış yağır. Payızın ilk yağışıdı bu. Bəzilərinə görə Facebook`da romantik və  üçnöqtəli statuslar yazmaq üçün gözəl başlanğıcdı. Mənim üçün isə yox.

Səhər 5-in yarısı güclü küləyin səsinə oyandım. 10 dəqiqə yatağımda o tərəf – bu tərəfə fırlandıqdan sonra yuxumun qaçdığını anlayıb yerimdən qalxdım. Xəstələnmişəmmiş... Boğazımdakı yanğını götürmək üçün gicəllənə-gicəllənə, evdəkiləri oyatmamaq üçün barmaqlarımın ucunda mətbəxə çay içməyə getdim. Çaydanı isitmək üçün qazı yandırdım və çaydan isinənə qədər mən də pəncərənin önünə keçib bayırdakı yağışa tamaşa eləməyə başladım.

Pəncərəyə sıçrayan hər damla məni içimdəki dünyama səsləyən çağırış idi sanki. Bu gün həyatımın 20-ci payızını yaşayıram. Sevirəm bu fəsli. Ona görə yox ki, bu fəsildə doğulmuşam. Ona görə ki, payız yayın – “onu” öldürən fəsilin qatilidi.

Sağlığında “O” da sevərdi payızı, boşalmış parklarda xəzanın isti nəfəsini birlikdə çəkərdik içimizə, yağışın altında islanardı öpüşlərimiz. Hər dəfə üzünü çevirəndə, “O”nun uzun saçları kipriyimi tərpədəndə küləyə ehtiyacımın olmadığını zənn edərdim. Sükutu pozacaq sözlərdən utananda baxışlarımız danışardı.

Anlamır çox insan... 20 yaşında sevgilini torpağa basdırmaq... Ağırdı gedib-gələn hər nəfəs, əzab verir hər dəfə məcbur qalıb qarşındakını süni gülüşlə aldatmaq, çətindi, çox çətindi “O”nsuz yaşamaq. Bir də bu, hər işi pis olan insanlardan “hər şey düzələr, yaxşı olacaq” kimi sözlər eşitmək...

Son günlərdə anlaya bildiyim tək şey – heç kimdən anlayış gözləməməli olduğumdu. Kiminsə məni başa düşməsi mənə lazım deyil. Üzdən desələr də, içdən anlamazlar... Çünki onlar bilmir hər dəfə yadıma sən düşəndə, dolmuş gözlərimi gizlətmək üçün hamıdan qaçmağımı, birlikdə baxdığımız filmlərə indi tək baxmağın nə olduğunu, şəkillərinə baxanda dırnağının ucuna qədər bədənində qanın necə donduğunu hiss eləməyi, gecələr minlərlə dəfə yataqda sağa-sola dönmək, balıncı göz yaşları ilə islatmağın nə olduğunu...

Heç təsəvvür belə eliyə bilməzlər, 3 il sevdiyin birinin məzarı önündə durarkən çəkilən acıları, “O”nun torpaqdan duyulan qoxusunu hiss eləməyi, belə anda özünün də öldüyünü düşünməyi, eliyə bilməzlər. Çünki onlara lazımdı seks, qız fırlatmaq, “papa şotuna fırlanmaq”, internetdə 20 qıza məktub yazıb və cəmi birindən cavab almaq – “cəhənnəm ol!”.

Yaşayın, hərəniz öz bildiyiniz kimi. Çox uzun ömrünüz varmış kimi çürüdün vaxtınızı. Sabaha sağ çıxacağınıza sizə zəmanət veriblər axı...

Əgər bir kişi itirilmiş xəyallarına görə ağlayırsa, çirkli əllərinizlə toxunub, barmaq izlərini qoymayın onun həyatına...


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
3+25=
Hesaba giriş
Müəllif

Graf
Haqqında
Copywriter & Corrector; Student at the AzTU; Solo guitarist (nEURO band);
Əlaqə
E-mail:
abdullacavadov@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0252 saniye