20 YANVAR ŞƏHİDLƏRİ
Qarlı-zülmət bir gecədə nur saçdılar,
Yağılarla ərən kimi savaşdılar.
Azadlığa gedən yoldan söz açdılar –
20 Yanvar şəhidləri!
Paytaxt Bakı dönəndə qan dənizinə,
Bələd olduq imperiyanın iç üzünə.
Çevrildilər bəxtimizin gündüzünə -
20 Yanvar şəhidləri!
Nalə qalxdı asimana, üzüldü can,
Hər tərəfə yağış kimi çiləndi qan.
Ulu xalqın yaddaşında təzə ünvan –
20 Yanvar şəhidləri!
Namərd düşmən düşsə də qara niyyətə,
Məğlub oldu el gücünə, əzəmətə.
Alnı açıq üz tutdu əbədiyyətə -
20 Yanvar şəhidləri!
Biz bu dərdi daşısaq da aya-ilə,
Matəm rəngi ta yaraşmır qərənfilə.
Nəğmə kimi düşübdülər dildən-dilə -
20 Yanvar şəhidləri!
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV