365 gün bitti deyə bayram edək?
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 16:39 13 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bayramları sevmirəm. Sevə bilmirəm, alınmır. Çünki bayramlarda çox şeylər yaşanır, yarımçıqlıqlar daha çox üzə çıxır. İnsanlar hamısı eyni həyatı yaşamır, böyük ailələr var, kiçik - iki nəfərdən ibarət olan ailə var və tənha insanlar var. Kasıb yaşayanlar daha çoxdur zəngin yaşayanlardan. Bayramlar bu təbəqələri daha aydın göstərir.

Evində bir qazan qaynatmağa ərzaq tapa bilməyən ailə üçün hansı bayram qavramından danışmaq olar? Qonşuda bişən kababın qoxusunu içinə çəkən uşaqlar var, bahalı-subtropik meyvələri yalnız bazar, market vitrinlərində görən insanlar var...

Bayram anlayışı nədir, bu qədər dəbdəbəli hardasa bir ay əvvəldən hazırlaşdığımız kim üçündür, nə üçündür? Tənha insanlara bayram? Evində yalnız oturan bir insan daha yeni bir ilə tənha, yalqız girməsinimi qutlayacaq?

Bayram bilirsinizmi nə zamandır? Axşam işdən evə toplaşan ailənin bir masa ətrafında mətbəxdə qaynayan qazanın başına toplaşmasıdır, hüzurla isti evində isti yeməyini yeməsidir. Rahat divanında oturub televiziya səsi yayılan qonaq otağında ailə fərdlərinin deyə-gülə təzə dəmli çay müşayiəti ilə günün yorğunluğunu atmasıdır, başa vurduqları günün təəssüratlarını bölüşməsidir. Ailə qayğılarının paylaşılmasıdır. Sevdiklərinizlə hal-əhval tutmaqdır.

Əylənmək, xoş gün keçirmək üçün hər hansı bir tarixi bəlirləyib o anı gözləmək absurtdur. İllah da əyləncə istəyirəmsə, bayram günü kimi qeyd olunmuş, heç bir önəm kəsb etməyən bir tarixi gözləmərəm. Qazan-qazan yeməklər bişirib, bir həftə soyuducuya doldurub boyat halda yeyib cana qəsd etmək bayramdırmı?

365 gün keçdi və il başa çatdı deyə vur partlasın, çal oynasın niyə? 365 gün keçdi deyə mən bunda qeyd olunacaq bir şey görmürəm. Mən təqvimə görə deyil, psixologi vəziyyətə görə əylənirəm, yəni yeni il gəldi deyə niyə özümü əylənməyə məcbur edim ki, ya da əylənmək üçün niyə yeni ili gözləyim ki?

Mənim üçün yeni il baharda başlar, torpağın oyandığı, ağacların çiçək açdığı, çəmənlərin yaşıllaşdığı günlər mənə yeni ilin gəlişini, təzə bir ilə keçdiyimizi müjdələr. Sevmirəm bu bayramı, bu nüansları görərək, dərk edərək bir şam ağacını bəzəyib, qazan-qazan yeməklər bişirib gecə saat 00:00-ı göstərəndə atəşfəşanlıq edəcək qədər mənalı bir şey kimi görünmür mənə.

Yenə də, əgər çox istəyirsinizsə, 2016-nız mübarək gəlsin!

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+7=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0229 saniye