4 ilin şərhi
Gulay Esed tərəfindən "İnşa" bolməsinə 19:13 10 mart 2014 tarixində əlavə olunmuşdur

 

İndi yazacaqlarım haqqında düşünəndə sanki emosiya fırtınasına qərq oluram. Gülürəm, arada fasilə edib düşünürəm, kövrəlirəm sonra da özümə hirslənirəm.

   2008-ci il çoxdan gözlədiyim o an…

   Sevinirəm bəlkə də sadəcə kövrəlməmək üçün özümü sevincli hesab edirəm, səbəbi- istəmədiyim və yaxınlarımın təzyiqi ilə seçdiyim “Azərbaycan Texniki Universiteti”-nə qəbul olmuşam.Yenə də ən yaxşı xəyallarımı qurmaqdan çəkinmirəm, öz-özümə təsəlli verirəm: hər şey yaxşı olacaq, bəyənəcəksən, qəbul olmayanların halına bax şükr elə…. Və əlimdən daha yaxşı birşey gəlmədiyinə görə mən Şükr etməyi seçirəm.

İçimdə tüğyan edən fırtınalara baxmayaraq çox qürürluyam- yeni müstəqil həyata addımlayacaq günlərin başlanğıcındayam…

   15 sentyabr ilk dərs günü … ilk gündən xəyal qırıqlığına uğramaqdan qorxuram…

   Artıq universitetin həyətində tədbir başlamışdı. Qızların ilk dərs günü gözəl görünməyə səy göstərmələri, oğlanların olduqlarından daha mədəni üslubları, müəllimlərin təbəssüm dolu sifətləri – bunlar hamısı bir arada çox ürəkaçan idi, deyəsən içimdəki “qara düşüncələr” yavaş – yavaş məndən uzaqlaşmağa söz vermişdilər. Hələ məndən arxada dayanmış bir oğlanın yanındakı qıza: məncə yaxşı seçimdi buranın ən reytinqli fakültəsi “Mühəndis Biznesi və Menecment” – dir deməyi, qoltuğumu qarpızlandırdı, niyə də yox?! Deyəsən heç özüm də fərqinə varmadan universitetin ən reytinqli ixtisasına qəbul olmuşdum.

   Universitetin həyətindəki abu- hava həqiqətən gözəl idi – bu əvəzolunmaz harmoniyaya, öz şəfəqləri ilə tələbələri salamlayan “günəş şüaları” da qoşulmuşdu.

…. Səbirsizlənirəm… binanın içərisini, dərs otaqların, bufeti görmək üçün. Və budur artıq tədbir yavaş – yavaş sonlanır, tələbələr isə öz korpuslarına doğru sürətli bir axınla hərəkət edirlər. Elə təzəcə binaya daxil olmuşdum ki, içimə qaranlıq çökdü, bina inanılmaz bərbad vəziyyətdə idi hər yer qaranlıq, səliqəsiz…. Bayaqkı sevincimdən əsər əlamət qalmamışdı.Dəqiq xatırlamıram, deyəsən biraz da kövrəlmişdim ya da bəlki vəziyyəti daha çox emosianallığa bağlamağımdandır bu düşüncəm…

   Lakin yenə də hər zaman sevinməyə səbəb tapılır, əgər sən bunu istəyirsənsə. Sevinirəm çünki qrupumuzda məndən başqa bir qız daha var, olmaya da bilərdi amma var nə yaxşı ki var. Bu universitetdə qrupda tək qızın olması adi haldır çünki bura “oğlan ixtisasları”nın dominant olduğu  yerdir.Deyəsən ilk gündən qrup yoldaşlarımla tez ünsiyyət yarada biləcəyimi hiss etmişdim… hiss etdiyim kimi də oldu.

   Artıq bir qərar vermişdim, bu 4 ilimi sadəcə qaranlıq sinif otaqlarında mühazirə dinləyərək itirmiyəcəkdim, itirməməliydim də.

   Elə birinci kursun sonlarından “AzTU- qızlar volleyball komandası”na yazıldım və deyilənə görə bu məndə elə də pis alınmırdı. Məktəb vaxtlarından müxtəlif volleybol və handball yarışlarında iştirak etmişdim və “təvazökarlıqdan uzaq”deməliyəm ki , volleyballu daha yaxşı bacardığıma görə mükafatlarım bol idi. Handballu da sevirdim ama voleyball qədər yox.O gündən vaxtımın çoxunu qızlarla idman sarayında keçirirdim.Sağlamlıq, məsuliyyət,müsbət aura ilə dolu idi bu məkan.

   Bir gün yenə məşq eləmək üçün idman sarayına getmişdim, idman müəllimi məni görən kimi sevindi və əl ilə işarə edərək məni yanına çağırdı .Sən demə elə həmin vaxt salonda universitet qızları arasında “handball yarışı” keçirilirmis və bizim handball komandasının bir oyunçusu zədə aldığına görə oyundan çıxmalı olub,məndən onu əvəz etməmi istədilər. Bu bacarmadığım oyun deyildi amma yenə də məşqsiz oyuna girmək çətin idi. Buna baxmayaraq özümdə güc toplayaraq oyunçunu əvəz etdim, yekunda qalib olduq və müəllimlərin minnətdarlıq dolu baxışları məni bu oyunu yenidən sevməyə vadar etdi.

   Dərslərimdən də qalmırdım, hər birinə məsuliyyətlə hazırlaşırdım. Zənnimcə imtahanda uğurlu olmağın iki yolu var idi: ya çoxunun bildiyi və üzləşdiyi “klassik metod”, ya da sadəcə oxumaq, oxumaq, oxumaq.Mən vicdanıma və zəkama güvənərək ikinci yolu seçdim. Bunu etməmək qorxaqlıq olardı çünki “asan və ucuz yol” qorxaqlıqdan qaynaqlanır. Güclü biri idim, axından biri olmağa çalışmırdım, inanırdım ki, həqiqi yolla irəliləmək üçün beynimizi, şüurumuzu, düşüncə tərzimizi dəyişməliydik. Bu asan deyildi amma şərəfli idi. Necə deyərlər: hamının yanında alnı açıq üzü ağ…

   Yaşadığım evdən universitetə qədər olan məsafə təxminən 40 dəqiqəlik idi – bu mənimçün vaxt itkisi olduğundan daha səmərəli yolu seçdim, özüm üçün yeni “deviz” yaratdım “hər həftə bir  bədii kitab”. F.Dostoyevski “Cinayət və cəza”, “Karamazov qardaşları”, L.Tolstoy “Sergey ata”, “Anna Karenina”, M.Şoloxov “İnsanın taleyi”, A.Belyayev “Professor Doulen başı”, E.L.Voyniç “Ovod”, H.Murakami “Norveç Meşəsi”, P.Koleo “Kimyagər”,A.G.Yıldız “3 dəniz ötəsi”, B.Şlink “Qiraətçi”, həmçinin Ç.Abdullayevin saysız hesabsız “detektiv əsərləri”…………..  sadalamadığım bir sürü kitab avtobusda oxuduqlarımdan yadda qalan “bariz nümunələr”dir. Hərdən sevinirdim ki, nə yaxşı yolum qısa deyil yoxsa bu qədər  kitabı oxumağa necə vaxt tapardım.

   Qocaman 4 ilimi sevinclə, sıxıntı ilə, bəzən də heç nə hiss etmədən amma bütün ömrüm boyu daşıya biləcəyim qürur hissləri ilə yaşadım. Buna görə də özümə və ətrafımda sevdiyim və sevmədiyim, yenildiyim və yenilmədiyim, küsdüyüm və küsmədiyim ……bir sözlə mövcud olan bütün insanlara minnətdaram və bütün səmimiyyətimlə söyləyirəm: yaxşı ki Siz varsınız, məni Mən edən möhkəm olmağa sövq edən sizsiniz.

   Həmin vaxtlardan dörd  il keçib amma mən hələ də tələbəyəm, akademik borclarım olduğuna görə deyil magistrant olduğuma görə J

   Bu öz seçimimdir, kənar müdaxiləsiz və təzyiqsiz, Ürəyimin və Ağlımın ortaq qərarı – AzRPDİA.Arzuladığım akademiya, ixtisas və mühit – mükəmməl üçlük... Olmaq istədiyim yer...

   Magistratura təhsilimi bitirməyimə  az qalıb təbii ki, hələ də yetəri qədər savadımın olmadığını bilirəm və PhD dərəcəsi almaq uğrunda yeni mübarizə üçün hazır vəziyyətdəyəm.

   Sonda oxucalara kiçik bir tövsiyyəm olacaq: xoşbəxt olmaq istəyirsinizsə yanlışlarınızdan nəticə çıxarın, addım atmağa, sözünüzü deməyə qorxmayın, geri çəkilməyi özünüzə qadağan edin. Gerçəklik bayrağınız, ədalət yolunuzu daim işıqlandıran mayak olsun.


... dəfə oxunub
Qiymət: 8/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
10+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0455 saniye