40 saniyə
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 21:45 15 fevral 2023 tarixində əlavə olunmuşdur

Mən oyun sanmazdım həyatı əsla,

nə də ki, bu ömrü oyuncaq gördüm...

Arabir bir şəkil paylaş ki, səni

donmuş xatirəndə

doyunca görüm...

 

Belədir deyirlər bu ömür yolu,

hər gələn, əlbət ki, gün gələr, gedər...

Bəs sən ki getmədin qəlbimdən mənim,

gözlərim önündə, soyuq bir səhər;

bitdi bu tamaşa,

düşdü pərdələr...

 

Səni son gördüyüm o gündən bəri

bu boş səhnələrdə monoloq qurdum...

Yetdimi bilmədim sorağım sənə:

bəzən bulud kimi səsimlə doldum,

yenə də yağmadım islanma deyə,

sən susduqca mən də

içimdə susdum...

 

Elə hey uzandı sükutda zaman,

yaşamaq çətinmiş,

var olmaq asan...

Nə həsrət bir anlıq nəfəs vermədi,

nə ömür bitmədi, çatmadı başa...

Boş ver mənim daha nə çəkdiyimi,

yetər ki, sən yaşa... Təki sən yaşa...

Əgər varlığımı bir gün unutsan,

hələ duymadığın şeirlərim olarsan...

 

Mən isə geriyə elə döndüm ki,

ömrümdə bu qədər "Mən" olmamışdım...

İçimdən dirildim, sonra gördüm ki,

heç dəyişməmişəm,

mən elə mənəm:

saflığına gülünən xalis mömin,

Allahın həssas və şair qəlblisi,

bir də içimdəki sən - insan sevgisi...

 

Əlimdə səsinin 40 saniyəsi var...

Hər saniyəsində duyğular seli:

bir az varlığının sərməstliyi,

sənli xatirələrin şirin əzabı...

40 saniyə...

Həsrətimin sonsuzluğu,

dilsiz ağrılarımın acı məlhəmi,

səcdəyə yolumun başlanğıcı...

40 saniyə...

Bir anda yaşanan bir ömür kimi...

Axı mən hələ tam ovunmamışam...

Uzanır nisgilim, uzanır yollar:

demək ki, yetərincə islah olmamışam...

Nə qədər düşsəm də boşa, bərkə də

varlığına şükürlə yoluma davam,

sənsə inanmırsan mənə bəlkə də

ancaq əmil ol, heç dəyişməmişəm,

mən elə mənəm:

bütün qəlbimlə, şairliyimlə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+1=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye