Ata nənəmi o qədər də sevmirdim düzü. Eqoist olmaqdan savayı, özünü “qızıl”, digərlərini “zibil” sayırdı. Atamın da onunla münasibəti heç də ürəkaçan deyildi. Hər zaman telefon söhbətlərində səsini qaldırardı, evinə gec gedərdi, onunla heç maraqlanmazdı. Amma ana nənəmə, yəni qayınanasına münasibəti tamam başqa idi. Sanki bu qadını “ana” kimi görürdü. Onu güldürərdi, istədiklərini yerinə yetirməyə çalışardı. Düzdür, ana nənəm cana yaxın, mehriban biri idi, amma atamın münasibətində nəsə bir tərslik hiss edirdim, sanki yolunda düz getməyən nəsə vardı. Heç vaxt ağlımın ucundan keçirdə bilməzdim ki, atamın keçmişi ilə bağlıdır bütün olanlar. Ailəmizdə heç kim bu məsələnin dərinliyinə enmirdi. Ailədə heç kim onun zəhlətökən kaprizlərinə haqq qazandırmırdı, gic-gic təmiz olan yerləri təmizləmək eşqinə düşən hərəkətlərini qınayırdıq, amma yenə də tam olaraq heç nə bilmirdik. Ondan bircə dəfə də olsun “xoş” söz eşidilməmişdi bu vaxta qədər. Hətta evimiz təmir olunduqdan sonra təbrik etməmişdi, elə sadəcə əyləşərək ora-bura göz atmışdı. Anam danışardı ki, biz balaca olarkən atam anama ev işlərində köməklik edərdi. Bir dəfə nənəm evə gəlib nə görsə yaxşıdır? Atam pomidor doğrayır. “Oğlum, sən nə edirsən?”. “Həyat yoldaşıma kömək edirəm”-deyə ironiyalı cavablamışdı. Nənəmin düşüncə sferasına əsaslanmalı olsaq, kişilər ev təmizləməzlər, xörək bişirməzlər, meyvə-tərəvəz doğramazlar...
Günlərin birində mən universitetdən evə gələrkən qapını qardaşım açdı. Anamın həyəcanlı səsi evi başına götürmüşdü rəsmən. Nənəm paltar yuyarkən ayağı sürüşüb və yıxılıb, əmim evdə olduğundan onu xəstəxanaya çatdırmışdı. Anamın mələk qəlbinə həmişə, necə desəm, “yazığım gəlib”. Kimliyindən, necəliyindən asılı olmayaraq hər kəsə yardım əlini uzatmaq kimi vərdişi vardı. Cavanlığında bu vərdişi ucbatından az qala iş yoldaşının tələsinə düşəcəkdi ki, digər iş yoldaşlarının xəbərdarlıqları nəticəsində gözlərini açmağa müvəffəq olmuşdu nəhayətində. İndi də nənəmin ona göstərdiyi vecsizliyi unudaraq bütün gücü ilə ona yardım etməyə çalışırdı. Hə, bir az pis olmuşdum nənəmə görə. Nə də olsa, “nənəm”dir və mən o qədər də daşqəlbli biri deyiləm. Anam axşam olduğundan dolayı gələ bilmədiyindən üzülərək sabah səhər gedəcəyini bildirərək nənəmi sakitləşdirməyə, hər şeyin yaxşı olacağına sözünü verərək sağollaşan kimi atama zəng vurdu.
Səhər tezdən ailə olaraq nənəmin qaldığı xəstəxanaya yollandıq. Nənəm xəstəxana divarlarına, həkimlərə, iynə-dərmanlara nifrətini bildirərək evə yerləşmək istədiyini, ev şəraitində müalicə almaq istədiyini bildirdikdə atamın əsəblərinin necə gərildiyinə şahid olaraq gözlərim dəhşətdən böyüdü. Amma anamın qabaqlayıcı tədbirli sözləri nəticəsində xəta-bəla baş vermədi.
Anam qayınanası ilə hər gün telefon vasitəsilə əlaqə quraraq onun durumu ilə maraqlanırdı. Axşam isə atama rəsmi “hesabat” verirdi. Atamın onun yanına getməli olduğunu, onunla danışmalı olduğunu, onunla maraqlanmalı olduğunu qeyd edirdi və bunu övladın valideynə borcu kimi şərtləndirirdi. Atam bir az səs-küy salaraq anasının zəhlətökənliyinə dözümü olmadığını söylərək “borc”unu ödəməkdən vaz keçirdi. Anamla birgə hər bazar nənəmgilə getməyə başladıq. İlahi! Onun söhbətlərinə tab gətirməyin özü qəhrəmanlıq sayılır. Anam vasitəsilə atamdan onu-bunu tələb edirdi, “ya yaşamaq, ya ölmək, amma xəstə kimi yatmaq yox” deyirdi. Yazıq atam! Sanki kişinin problemi-zadı yoxmuş! Sonuncu kurs olan bizlər-qardaşımın əsgərliyi, mənim iş məsələm, qiymət artımının qurbanı olan arenda məsələsi ucbatından təzədən işsiz qalacağı qorxusu, ağrıları-hansılar ki, mənim güclü barmaqlarımın masajı sayəsində qismən də olsa qeybə çəkilirdi. Maşallah, evində kiçik oğlu-əmim yaşayır, ondan heç nə tələb etmir ki, amandır, yazıqdır axı, onsuz da aşbaz köməkçisi kimi bir az pomidor, xiyar, soğan doğrayır hər gün, vəssəlam, işi də bununla yekunlaşmış olur. Lənət! Əmimi də sevmirdim. Tənbəlliyindən savayı sanki nənəmin sevimli quluymuş, sırf nənəmin sözü ilə oturub duran “mama uşağı” sayəsində normal adam olub, evlənməyib, hələ siqaret-içki adlı zəhərdən ümumiyyətlə dadmayıb deyə fəxr ediləsi əsl övladdır. O, əsgərliyə getməsin deyə nə qədər “xəstə”, “dəli” kağız-kuğuzları düzəltdirmişdi.
Amma dözmək lazımdır axı. Nə də olsa-olmasa, “nənəm”dir. Hər dəfə nənəmin evindən canımızı qurtaran kimi onu o ki var tənqid edirdik ki!!! O sistemi qopartmağım gəlirdi. Bir halda ki, zarıyaraq anamın bişirdiyi yeməkləri yemirdi, onun gəlişinə qulp qoyurdu, evi təmizləmək istəyirdisə, elə o lənətəgəlmiş sistemi qoparmaq kifayətdir. Hər dəfə deyirdim ki, getməyəcəm, bezdim, amma sırf anama görə gedirdim.
Atam ara-sıra, yadından düşəndən düşənə 10-15 dəqiqəlik gedirdi. Günlərin birində evə gələrkən bardağı daşırdan sonuncu damla oldu. Üzü əsəbdən qızarmışdı.
-Bezdim! Daha getməyəcəm! Qoy cəhənnəm olun getsin! İstəyirsə ölsün! Vecimə də deyil!!!
Biz heç nə deyə bilmədik. Onu heç vaxt belə görməmişdik. Sanki bütün duyğular qarışmışdı bir-birinə.
-O mənə nə edib axı, hə, nə? Dərsdən 5 dəqiqə gec gəlirdimsə, qurumuş kolbasa ilə məni döyürdü, kresloya bağlayırdı, ağlamağıma şillə vururdu. Günlərlə həyətə düşüb oynamağıma icazə vermirdi. Dərslərimlə çalışarkən başımın üstündə dayanıb sona qədər nəzarət edirdi, adicə su içməyimi qadağan edirdi mənə. Hah, nəymiş, 2-3 illik müəllim işləyib deyə! Atam da arvadına tabe olurmuş kimi mənə edilən işgəncələrə göz yumurdu. O vaxtlar evin tək uşağı idim. 9-cu sinifdə oxuyarkən əziz-xələf qardaşım dünyaya gəldi. Anamın başı ona qarışdı. O balaca idi deyə imkan vermirdi yaxınlaşım, qucaqlayım, öpüm,onunla oynayım. Sanki mən murdar varlığam, mikrob mənbəyiyəm, daha nə bilim, hansı zibiləm deyə mənə nifrət edirdi. Mənə kömək edən, əlimdən tutub irəli aparan 10-cu sinifdə oxuyarkən uşaqlar oldular. Onların sayəsində mən üsyan qaldırım, anama qarşı çıxdım, məni şillələməsini önlədim, tələb etməyə başladım, ağırqaldırmaya yazıldım. Nə anam, nə də atam, heç biri!
Eşitdiklərindən dəhşətə gəlmişdik. 5 dəqiqə gecikməyə görə? Mən qışın buz bağlanmış yollarında yarım saat avtobus gözləyirdim, axşamlar tıxacda ilişib qalırdım, metro basabaslarına görə bir neçə qatarı buraxırdım ki, bu da 10 dəqiqədən artıq olurdu, amma nənəm 5 dəqiqə gecikməyə görə atamı qatı cinayətkar kimi cəzalandırırdı?!
Nənə, artıq səni sevmirəm. Nifrət etmirəm, sadəcə sevmirəm. Atamın göz yaşlarına görə...