“Onu sevirəm, amma dözə də bilmirəm. Qısqanclığı ilə məni özündən soyudur. Ətrafımdakılarla yola gedə bilmirəm. O qədər ayrılıb barışmışıq ki, artıq buna son verməliyik. Hər dəfəsində ailələrimiz arasında qalmaqdan canımız boğazımıza yığılıb. Günü sabah əbədi ayrılırıq.” (1-ci final)
“İlahi! Ayrıl-barışdan bezdiyimiz az deyilmiş bir də dost bildiklərimizdən zərbələr görməyə davam edirik. Analarımız xəstədirlər. Bizə görə gözlərinin nurları gedib, belləri bükülüb, saçları ağarıb, dəriləri qırışıb, amma biz eqoist kimi ancaq və ancaq özümüzü düşünürük...” (2-ci final)
“Nəfəs ala bilmirəm, ürək döyüntülərimi hər yerdə eşitməyə məcburam. Ayrılacağıq bu dəfə, əminəm. Amma gözlərimizə baxmadan, çəkinə-çəkinə, sanki bir günah işləmiş kimi bir-birimizə arxa çevirərək son sözümüzü deyərək yollarımızı əbədi ayıracağıq. İşdir, tale bizi qarşılaşdırsa, bir-birimizi görməməzlikdən gəlməliyik, ya da illərdən sonra gizli görüş təyin edilməlidir...” (3-cü final)
“Bəlkə hər şeyə sıfırdan başlayaq, hə? Hər şeyi unudaq, hər kəsdən uzaqlaşaq. Başqa şəhərə köçək, səssizcə nigaha imza ataq. Ayrıca evimiz olana qədər ucuz kirayədə yaşayaq, soyuqlara tab gətirək. İkimiz də işləyək, az məvaciblə sevgimizi yaşayaq, gələcək uşaqlarımıza daha da yaxşı yaşamağa çalışaq. Bayram keçirdə bilməsək də, şəhəri doyunca gəzək. Kommunal borclarımızla üzləşək...” (4-cü final)
“Bəs nə vaxta qədər? Kimdir bizə yardım əlini uzadan? Bütün tanış-bilişlərimizi arxada buraxmadıqmı? Yox, bu cür yaşayışa dözmək istəmirəm daha, elə sən də. Ayrılaq, ailələrimizdən üzr istəyək, ayaqlarına düşüb yalvaraq, bizi bağışlayıncaya qədər hər şeyə dözək. Bizdən illəri aparsın, amma layiqik. Sonra isə onların istədikləri şəxslə ailə quraq. Uşaqlarımızın eyni bağçaya getdiklərini, eyni qrupda olduqlarını bilmədən qarşılaşaraq gözlərimiz acı ilə dolub daşsın...” (5-ci final)