“Salam, Vüqar.
Heç bilmirəm sözə necə başlayım. Əslində qərarsızam bunu sənə yazıb-yazmamaqda. Ailəm istəmir. Bilsələr, nələr olacağını xəyal etmək istəmirəm.
2 ilə yaxın evlilik həyatımızı yadına salmaq istəmirəm. Aramızda nə olubsa, artıq keçmişdə qaldı. Sadəcə sənin bilməyini istəyirəm. Biz boşanandan 1 həftə sonra hamilə olduğumu öyrəndim. Nə hisslər keçirdiyimi özüm də bilmirəm. Mənə abort təklif etdilər. Dünyam qaraldı, etibarım sarsıldı. Hələ rüşeym olan uşağımın qatilinə çevrilim? İlahi! Atamın mənə etdiyi mənəvi təzyiqlər sənin xəyanətin yanında dəhşətdir, təsəvvür edilməzdir. Göz yaşlarımla üsyan edirdim. Qəbul etmədim. Evdən gedəcəyimi bildirəndə atam fikrini dəyişdirdi, amma şərt qoydu: Sənin xəbərin olmayacaq. Razılaşdım, onsuz da sənə qırğın idim xəyanətinə görə.
Demək istədiyim sənin oğlun böyüməkdədir. 6 yaşına qədəm basacaq sabah. Tək istəyi atasını tanımaqdır. Atam artıq bir söz demir. Nəvəsinə görə səni bağışlayıb artıq. Murad ona yeni dünya bəxş edib.
Səndən tək xahişim var. Lütfən, Muradın arzusunu ürəyində qoyma. Gəl və gör onu.
Leyla”
Səidə məktubu artıq neçənci dəfə oxuduğunu unutmuşdu. Günorta radələrində gələn məktub onun bütün dünyasını alt-üst etmişdi artıq. Göz yaşları dayanmaq bilmədən yanaqları boyunca süzülürdü.
-Yox, yox, yox,-başını çılğıncasına bulayaraq pıçıltı ilə deyirdi.
Amma axşam əri evə qayıdanda ona heç nə deməməyi qərara aldı. Məktubu isə bir kitabın içində gizlətmişdi.
50 il sonra.
Səidə və Vüqarın övladı olmamışdı. Səidə yarım il əvvəl döş xərçəngindən dünyasını dəyişmişdi.
Günlərin birində Vüqar kitab oxumaq istəyərkən bir məktub tapdı. Açıb oxudu.
-Nə?
Dünyası başına yıxıldı. Nəfəs ala bilmirdi. Ürəyinin döyüntülərini eşidə bilmirdi. Beynində bir səs uğuldayırdı. Bədəni titrəyirdi. Çiyninə çökən ağır yükdən tarazlığını itirib yıxıldı. Göz bəbəkləri hərəkətsiz idi. Uzun müddət bu vəziyyətdə qaldı. Ayağa qalxıb özünü divana yetirdi.
-Nə deməkdir bunlar? Bu məktub..Yoxsa Səidə? Mən...-davamını gətirə bilməyib ayağa qalxdı və evdən çıxdı.
Amma oğlunu canlı-qanlı görmək ona qismət olmadı. Muradın məzarı qarşısında diz çöküb 15 il əvvəl avtomobil qəzasından həyatını itirən oğluna göz yaşını axıdırdı...