Südçü İbrahimin çənəsindən zorla qurtulub aldığı 2 süd qutusunu ehtiyatla sellofan torbaya qoyaraq yola düzəldi. Növbə gözləyən insanlar məzəmmət dolu gözlərini ona zilləyib ittihamlarına açıqlama gözləyirdilər. O isə öz aləminə dərindən qərq olmuş halı ağır-ağır addımlayırdı.
9 dost idilər. Ayrı-ayrı bölgələrdən gəlib kirayə şəraitində bir-birlərini tanımışdılar. Tələbəlik illəri bitməmişdən öncə əlaqələrini itirməmək üçün bir tarixlə ünvanı xüsusi qeyd etmişdilər. Hər ilin bu günündə harada olursa-olsunlar, şəhərə gələrək park-kafedə görüşəcəklər, illiklərini qeyd edəcəklər, ötüb keçənləri yad edəcəklər, hal-əhval soruşacaqlar. Amma müharibə arzularını yarımçıq kəsdirdi. İşğalçılara qarşı savaş onları illərcə bir-birindən ayrı saldı. Amma gedər-gəlməz yol 2 dosta qismət oldu. Digər 3 dost ağır dərəcəli xəsarətlə əlil arabasına məhkum oldular. 2 dolu, amma toxunulmamış qədəh 2 dosta aid idi. Digər 3 dost isə yaxınlarının yardımı ilə ilin bu günündə park-kafeyə təşrif buyuraraq verdikləri sözü tuturdular. Həyatdan vaxtsız getmiş 2 dostun xatirəsini yad edərkən qəlblərə ağır sükut çökürdü. Gözlərin dolmamasına əngəl ola bilmirdilər. Bir-birləri ilə söhbət etsələr də, gözlər hər zaman 2 dosta ayrılmış qədəhlərdə idi. Onların qəbrləri isə “naməlum” idi. Adları bilinməyənlərlə bir torpaq altında idilər.
Həyat isə dayanmırdı. Evlənib ailə-uşaq sahibi oldular, ixtisaslarına aidiyyəti olmayan qazanc mənbələri dəfələrlə dəyişikliyə məruz qaldı, borc altına girdilər, ailə üzvləri böyüdükcə problemlərin öhdəsindən gəlmək üçün qollar çırmalandı. Amma dostlar heç vaxt görüş gününü unutmadılar. 2 qədəh isə toxunulmaz olaraq qalmadı, yavaş-yavaş sayları artıma doğr getməyə başladı. 3, 4, 5. Əlil dostlar aldıqları dövlət məvacibləri ilə onlara göstərilən münasibətdən və işsizlikdən dolayı bütün yükün ailə üzvlərinə yüklənməsi onların istənilmədən intiharına səbəb oldu. Dostlar onları qınamadılar, növbəti görüşlər daha səssiz keçirilirdi. Ağarmağa başlayan saçları ilə söhbətlərini daha asta səslə davam edib göz yaşları içində xəfifcə gülümsəyirdilər.
Keçmişi yaddaşında canlandıra-canlandıra gəlib görüş məkanına çatdı. 9 qədəhdən yalnız biri içilirdi. Çünki digərləri artıq həyatda yox idilər. Tənha dost bir xeyli əyləşib gözlərini 8 qədəhdən ayırmadı. Hesabı ödəyəndə bütün gözləri öz üzərində cəmləşmiş gördü.
Skamyada əyləşib siqaretini alışdıraraq barmaqlarından dişlərinə ötürüb qaytarmağa başladı. Süd qutusu ilə kiçik deşikdən damcılanırdı xəbərsiz. Tüstünü ağız boşluğundan azadlığa buraxıb qarşı skamyada əyləşən gənc sevgililərə qıyqacı nəzər salaraq başını məzəmmətlə buladı. “Biziim vaxtımızda belə deyildi.” Bu yerdə isə həyat yoldaşını xatırladı. Kirayə haqqından əlavə digər xərcliklər üçün ayaqqabıçı Həsən Ustanın yanında işə düzəlmişdi. Həsən Ustanın tərifi dörd bir yana yayılmış, yanına hər gün ayaqqabı təmiri üçün gəlirdilər. İxtisası iqtisadçı olsa da, güclü arxa olmadan heç bir yüksək məvacibli işdə çalışa bilməyəcəyini onsuz da anlamışdı. O gün-bu gün ayaqqabı təmirinin davamçısı Elşən Usta idi.
Süpürgəçi qadının çığırtısına dik atıldı.
-Ay kişi, nə zibilləndirirsən? Olmaya dədənin malıdır bura?!
Elşən Usta heç nəyi anlamadı ilk başdan. Süpürgəçi qadın iri addımlarla yaxınlaşıb barmağını süd qabına işarə etdi. Gölməçə yaranmışdı. Damcı-damcı süzülməkdə idi...