Bağlanıb üzümə eşq adlı qapı,
Qapını açacaq birisi varmı?
Deyirlər sahibi çox uzaqlarda-
Gəlməyə qoymayır dumanmı, qarmı?
Bu həyat yolunda yol almaq üçün,
Eşq adlı qapıdan keçməliyəmmi?
Sınanıb zamanın sınaqlarında,
Bal dadan zəhərdən içməliyəmmi?
Hardasan bəxtimə yazılan gözəl,
Mənidə o taya apar özünlə.
Sındır bu kilidi, aç sərhədləri,
Bircə baxışınla, bircə sözünlə.
Bizi qovuşmağa nə qoymur axı,
Kim silir vüsala gedən izləri?
Tanrının sevənə qarğışı olmaz,
İlk eşqin qarğışı tutub bizləri...