Balaca Nadya ilk dəfə valdeyinləri ilə birlikdə yay istirahəti üçün səyahətə çıxmışdı.Çox sevinirdi,çox xoşbəxt idi mavi gözlü balaca qız.Atası Boris nənəsindən onlara miras qalan bağ evini dəyər-dəyməz qiymətə satmış,əldə etdiyi “qazancın”dadını çıxartmaq üçün həyat yoldaşı Katyanı və onu da götürüb Antalyaya gətirmişdi.Qaldıqları oteldə Rusiyadan,Belarusdan və balaca Nadyanın doğma vətəni Ukraynadan olan çox sayda turistlər vardı.Nadya burada özünə çoxlu dostlar qazanmışdı.Hər şey ürəyincə idi:Dəniz,otelin möhtəşəm hovuzu,balacalar üçün əyləncə güşəsi və gəzinti turları.Balaca Nadyanın məmnun olmadığı yeganə məqam,gündüzləri dəniz kənarındakı açıq kafelərdə pivə içən,axşamlar otel otağının eyvanında araqla kef məclislərini davam etdirən valideyinlərinin “əyləncə”sonunda çıxardıqları səs-küy idi.Bir dondurmanı qızına çox görən Boris,qaldıqları otelə hər axşam qoltuğunda iki araq şüşəsi ilə gəlirdi.Valideyinlərinin içki düşgünü olduğunu oteldəkilər də fərq etmiş,bununla bağlı onlara bir neçə dəfə iradlar da edilmişdi.Bütün bunlara rəğmən heç bir dəyişiklik baş verməmişdi.Sərxoş valideyinlər öz doğma övladları, mavi gözlü Nadyanın yalvarışlarına belə məhəl qoymurdular.Nadya üçün səhərlər xoş başlasa da,gecələr bir kabusla bitirdi.
İki həftəlik istirahətlərinin bitməsinə üç gün qalırdı.Son üç günü daha da “gözəl”dəyərləndirmək üçün Boris və Katya həmin gecə eyvanda daha geniş süfrə qurmuş,araq və pivə şüşələrinin sayını xeyli artırmışdılar.Balaca Nadya yatdıqdan sonra sərxoş valideyinlər eyvanda qurduqları masanın arxasına keçib gecə yarısına qədər “əyləncələrini”davam etdirdilər.
Nadya sabahın erkən saatlarında yuxudan oyandı.Valideyinləri yataqdan qalxmamışdı.O,anasına tərəf yaxınlaşıb əvvəlcə sakit səslə dilləndi:
-Ana,anacan qalx mən acmışam,yemək və çay istəyirəm.
Anasından cavab gəlmədiyini görüb,bu dəfə də yatağın sol tərəfinə keçib atasını dümsükləməyə başladı:
-Ata,atacan anam eşitmir məni,heç olmasa sən qalx mənə yemək ver də,nə olar atacan qalx də...
Çox can yandıran,çox ürək üzən bir mənzərə idi.Hələ ki,balaca Nadya necə bir fəlakətin ortasında olduğunun fərqində deyildi.Yüksək miqdarda qəbul etdikləri içkinin təsirinə tab gətirə bilməyən Boris və Katya gecə yarısı keçinmişdilər.Gecə ziyafətləri bitər-bitməz sərxoş valideyinlər öncə bir-birini ağır sözlərlə təhqir etmiş,sonra əlbəyaxa olmuş,nəhayət taqətdən düşüb yan-yana yatağa sərilmiş və çox keçmədən keçinmişdilər.Ölümün nə olduğunu anlamayan balaca Nadya səssizcə divanda oturub valideyinlərinin oyanacağını səbirsizliklə gözləməyə başladı.Saatlar keçdikcə qızcığazın səbri də daralmağa başladı.Yenidən valideyinlərinin yatağına yaxınlaşdı.Bu dəfə daha yüksək səslə çağırmağa başladı:
-Ana,anacan qalx də,nə olar ki,oyanın də,gec oldu,mən acam axı...
Yenə səssizlik,yenə sükunət və cavabsızlıq.Qorxularına yenik düşən Nadya qaldıqları otağın dəhlizə açılan qapısına yaxınlaşdı. Əlləri ilə qapının dəstəyini tutub aşağı-yuxarı itələməyə başladı.Qapı bağlı idi.Hər gecə qapını arxadan bağlayan valideyinləri açarı üstündən çıxarıb otaqdakı şkafın üstünə atardılar ki,birdən balaca Nadya özbaşına qapını açıb bayıra çıxar.Elə buna görə də,o,qaldıqları otel otağının qapısı önündə çıxılmaz vəziyyətdə qalmışdı.Yenidən otağa qayıtdı və sakitcə divanda əyləşib sərxoş valideyinlərinin oyanacağını gözləməyə başladı.Hava get-gedə qaralır,bayırdakı səs-küy yerini sakitliyə verirdi.Dənizin həzin dalğalarının səsi açıq pəncərədən içəri dolurdu.Sabahdan bəri ac-susuz qalan məsum Nadya dizlərini qucaqlayıb dalğaların səsinə qulaq verirdi.Yataqdakı cansız bədənlər övladları Nadyanın harayına hay vermədiyi üçün,bu dəfə dalğalar yetişmişdi çarəsiz yavrunun harayına.Dənizin səsi qismən də olsa,balacaya aclığını unutdururdu.Başını oturduğu divanın sağ tərəfinə yastlayıb dalğaların həzin lay-lası altında mürgüləməyə başladı...
Səhərin günəş şəfəqləri balaca Nadyanın üzünə düşdüyü zaman yuxudan oyandı.Cəld divandan düşüb yenə valideyinlərinin yatağına yaxınlaşıb onları oyatmağa cəhd etdi:
-Ana,anacan qalxın də,nə qədər yatmaq olar,qalxın də,nə olar,mən acam axı...
Ümidləri get-gedə qaranlıqlara qərq olan Nadya artıq göz yaşlarına hakim ola bilmirdi.Atasına yaxınlaşıb ağlaya-ağlaya onu silkələməyə başladı:
-Ata,atacan qalx də,sənə nə olub,niyə qalxmırsan?Ata,nə olar mənə bir cavab ver,sən eşidirsən məni?
Qorxu kabus kimi başının üstünü almağa başladı Nadyanın.Çarəsiz halda eyvana çıxdı.Sabahın səssizliyinə fəryadını qataraq,yaşlı gözləri ilə haray saldı:
-Nə olar,mənə kömək edin.Mən iki gündür acam,acmışam,yemək istəyirəm,su istəyirəm...
Yarım saat sonra hamı otelin 5-ci qatındakı 83 nömrəli otağın ətrafına toplanmışdı.Yerli polis,jandarma,otel personalı,qonşu otaqdakı turistlər qarşılaşdıqları acı mənzərənin qarşısında donub qalmışdılar.Yataqdakı iki sərxoşun cansız bədəni otağa ağır bir hava hopdurmuşdu.Bu,meşşan həyat tərzi sürmüş iki cansız vücuddan geriyə qalan isə,mavi gözlərindən məsum göz yaşları süzülən günahsız bir fidan idi...