Qəza. Son xatırladığı qəza anı idi. Məşuqəsi ilə birgə elektrik dirəyinə çırpılmışdı. Özünü oyandırmağa cəhd etdi. Göz qapaqları güc-bəla ilə araladıqca gözqamaşdırıcı işığa tuş gəldi. Lal sükut hökm sürərək qulaqları deşirdi.
Gənc qadın sistemə qoşulmuş, sarğılı həyat yoldaşını şüşə arxasından izləyərək uzaqlaşdı və skamyadə əyləşdi. Gecəykən xəstəxanaya gələrkən hər şeyi ürəyində götür-qoy edirdi. Ərinin iştəklərini çoxdan bilirdi. İnsanlara inam və etibarı tamamilə sarsılmışdı. Günlərlə, saatlarla düşüncələrə qərq olaraq fərqi tapmağa çalışırdı. Ayrılıb nə edəcəkdi? İki körpə qızını necə başa salacaqdı? Onlar bu yaşlarına analarını başa düşəcəklərmi?
Onu nə qədər istəmiş, ona nə qədər inanmış və onun üçün nələr etməmişdi? İnternat evində böyümüş, həyatın hər ağrısını duymuş bu kimsəsiz oğlan qızda böyük maraq yaratmışdı. Sevdiyinə qovuşmaq üçün ata-anasına göz yaşı içində yalvarmış, əlacı kəsilən ata-ana bircə qızlarının bu sevgisini ürəyində qalmasını istəməmişdilər. Qəlbi sevindiyindən az qala köksündən çıxacaqmış kimi olmuşdu. O günlərdə kimsə gəlib gələcəyi ona danışsaydı, inanmazdı, ələ salıb gülərdi.
Özünə bəzən inandırıcı gəlmirdi. Bir gün körpəsini böyüdən ana başını qaldırıb həyata baxacaq ki, əri onu hər gün aldadır. Xəyanət edir və bunu ərinə deyəndə əri özünün “kişi” olduğunu sinəsinə döyə-döyə təkrarlayacaqdır. Bax onda bu məsum qadın həyatdan bezəcək, qırılacaq, dünyada əzizinin itkisindən ağır olan bu aldatmalara, xəyanətə sarsılacaq və heç nə edə bilməyəcək. Ancaq özünü ələ salacaq. Və bəlkə də bir gün onun dünyalar qədər sevdiyi, inandığı, güvəndiyi əri gecə gözəlçəsi ilə harasa gedərkən maşını qəzaya düşəcək, ikisi bir yerdə xəstəxanaya gələcək. Bəlkə qıçı, bəlkə qolu, bəlkə də həyatı yox olacaq
Xəyaldan ayıldı. Ancaq bu xəyal deyildi. Həqiqət idi. Acı bir həqiqət.