Dinmədən həkimdən alıb kağızı,
Bilsə də nə deyir orada yazı.
Yumsa da ümidlə ata gözünü,
Açanda oxudu "müsbət" sözünü.
Ancaq inanmadı gözünə yenə.
Ümidlə baxsa da ata həkimə,
Görmək istəsə də möcüzə indi,
Həkimdən eşitdi - "bədxassəlidir".
Sanki donmuş idi, fırlanmır cahan,
Getməkdən imtina etmişdi zaman.
Nə qədər olsa da lüğətlər dərin,
Acizdir bildirsin onun kədərin.
Atayla baxçaya həkim düşərək,
Siqaret yandırıb - "kömək edəcək"
Deyərək, birini ataya verdi.
Alıb siqareti, ata çəkmədi.
Çünki vermiş idi o,söz qızına
Çəkməsin.Sadiqdir indi andına.
Həkimsə söylədi: "İyulun sonu,
Yazılıb, olmalı ad günü onun.
Çalışın, bir az çox görsədin ilgi.
Sonuncu yaşını qeyd edir çünki".
....
Alnından öpərək "yaşın mübarək"
Söylədi atası qızına kövrək.
Var idi təbəssüm üzdə bir qədər.
Ancaq ki, yeyirdi qəlbini kədər.
... Və söndü işıqlar, əl çaldı hamı,
Qız isə üfürdü tortda beş şamı.
Alıb qucağına ata qızını
Onunla oynadı "Feliks marşını".
Bərk bərk qucaqlayır qızını ata
- İstəmir göz yaşı qəmini sata.
Ata düşündü ki "Nağılda yaşar
Kədəri gülüşlə qarşılayanlar".
Qızına gülərək, dərk etdi özü:
Nağıldır həyatın o biri üzü.
Düşündü özündə "Nə etdim yalnış?
Taleyim mənimlə bu cür oynamış"
Getdikcə daşlaşır onda ehsasat.
O biri üzünü çevirib həyat.
Nağıla oxşamır - əsas fərqi də:
Üç alma düşməyir heç zaman göydən.
...Düz bir il ötübdür, yenə bu axşam,
Məzarın yanında... torda altı şam.