Adımız var
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:02 13 fevral 2016 tarixində əlavə olunmuşdur

Artıq boşanmış qadınam...
Çox gözəl idim, hətta gözəlliyim dillər əzbəri idi. Bütün     qəsəbənin dilində ancaq mən var idim. 12 yaşımdan etibarən mənim uğrumda mübarizə başlandı. Anam, nənələrim, xalalarım, bibilərim məni evlilik həyatı ilə tanış etməyə, ev işlərini gördürməyə başladılar. Amma mən oxumaq istəyirdim, məktəb həyatı xoşuma gəlirdi. Bu barədə ailəmə çox demişəm, çox yalvarmışam, amma önəmsəmədilər, çünki "belə lazım idi."  14-ümdə nişanlandım və bununla da məktəbə "əlvida!" deməyə məcbur oldum. Bütün dərs ləvazimatlarım gözümün önündəcə yandırıldı. Neçə gün, neçə gecə ağlamışdım ki, bəlkə ailəmdən kiminsə mənə yazığı gələr. Heç biri mənə yaxın durmadı, əksinə dedilər ki, "qoy ağlayıb ürəyini boşaltsın, onsuz da gec-tez ağlı başına gələcək."
3 il nişanlı qaldım. Gələcək həyat yoldaşım Rusiyada işləyirdi, 35 yaşı idi. Bunu ilk eşitdiyimdə, şəklini ilk gördüyümdə artıq heç nə hiss etməmişdim, axı ölmüşdüm, öldürülmüşdüm. Ölü birindən nə reaksiya?! Ailəmdən savayı, gələcək ailəm də məni hər gün öldürüb diri-diri basdırmaqdan zövq alırdılar. Heç kimə mənim istəklərim, duyğularım lazım deyildi. Çünki qız olaraq doğulmuşdum. Qız uşağı kimdir, nəçidir?! Qızsansa, ata evində sadəcə "qonaqsan", ər evindən isə ancaq və ancaq meyidin çıxmalıdır. Təbii ki, döyüləcəksən, şiddətə məruz qalacaqsan, amma nabadə ərindən şikayətçi olasan! Şükür eləməlisən ki, ərim var, o qazanır, mən yeyirəm! Adımız var! Orada gülməyəsən, burada ağlamayasan, onu geyinməyəsən, bunu yoxlamayasan! Adımız var! Daşlanmalısan, yandırılmalısan, öldürülməlisən! Çünki adımız var!!! Amandır adımızı batırasan, ləkələyəsən! Ərinin sənə xəyanət etməyə, digər qadınlarla əylənməyə, pozğun yanına getməyə tam haqqı var. Çünki kişidir! Ərin və uşağın olmadan sən bir heçsən. Uşağın isə mütləq oğlan olmalıdır. Qızdırsa, aborta göndəriləcək. Bizə nəsil davamçısı lazımdır, oğlan lazımdır...   
Beynim yuyulmuş, ruhum pozulmuş, bədənim keyləşmişdi artıq. 3 il boyunca məni məhv etdilər ki, ərli qadın roluna hazır olum. Adicə səhvimi belə bağışlamırdılar, ağır cəzalandırılırdım. Günlərlə boğazımdan yemək keçmirdi, sadəcə su ilə kifayətlənirdim. Evdən çölə təkbaşına addım atmaq qadağan olunmuşdu. Hər iki ailəmdən kimsə yanımda olmalıdır. Birdən qaçaram, birdən ayıb iş görərəm, birdən "adımızı" batıraram. Hər gecə yuxuya getməmişdən öncə məktəb illərimi xatırlayıb gizlincə göz yaşı axıdırdım. Artıq məndən 5 yaş kiçik qardaşım da mənimlə birgə yatmırdı, bizi ayırdılar. Barı bu etməyəydilər, onu doyunca qucaqlayıb qoxusunu içimə çəkərdim. Hətta ülgüclə damarlarımı doğram-doğram edib intihara qalxışmaq da istəmişdim, amma edilən təzyiqlərin nəticəsi özünü göstərdi: "ADIMIZ VAR!" Ölə bilərəm, amma günah məndə olacaq. Çünki qız olaraq doğulmuşam bu zalım dünyada...
Ərə getdim də, qadın oldum da, şiddətə və xəyanətə uğradım da, qızımı aborta götürdüm də, oğlumu doğuzdurdum da, amma xoşbəxt ola bilmədim. Qadın kimi qadın olmağı bacarmadım. Ərim səhər tezdən işə-şəhərə, sürücülük etməyə gedirdi, qazandığını çox vaxt içkiyə, qadına xərcləyirdi. Ondan uşaq üçün, özüm üçün, ev üçün pulu döyüldükdən sonra ala bilirdim. Birmərtəbəli evimiz bəzən günlərlə işığa, qaza, suya həsrət qalırdı. Oğlum günlərlə, hətta həftələrlə məndən uzaqda, qayınanamgildə qaldı. Məni onun yanına buraxmırdılar, ərim hər yalvarışımda, dizin-dizin sürünməyimdə məni vəhşicəsinə döyürdü. Qapı-pəncərəni kilidləməmiş evdən çıxdısı olmurdu. Mənim dəliliyimdən, adımızı batıracağımdan nəinki qorxurdu, hətta əmin idi. Qonşu evlər hər şeyi yerli-dibli bilirdilər, arxamca ağızdolusu danışaraq məni müzakirə edirdilər. "100% özünün zibili var ki, başına bunlar gəlir də " tipli pıçıltıları, baxışları canlı-canlı yaşamışam. Bəzən nəsə almaq üçün evdən çıxarkən mənim tamaşama dururdular, sanki mənim qəbahətimi açıq yaxalamaq üzrə öz aralarında yarış təşkil edirdilər. Gözlərini məndən ayırmadan izimi təqib edirdilər, gözlərini üzümdəki ləkələrdə gəzdirərək mənim cinayətimi tapmağa çalışırdılar. Mağazaya giriş edib alıcı roluna bürünərkən satıcının göz təcavüzü ilə üzləşirdim. Geri qayıdarkən həmin qadınlar qarşımı kəsərək məni mühasirəyə alırdılar. Deyib gülürdülər, qızıl dişləri görünürdü, amma heç bir söz dumanlanmış beynimə çatmırdı...  
Beşinci ildə məndə döş xərçəngi aşkarlandı. Əməliyyat olundum, döş vəzilərimdən biri götürüldü. Və ərim məni boşadı. Sırf xarici görünüşümə görə. Sırf döşümün birinə görə. Amma hər kəs günahı məndə gördü...
Ata evim məni qəbul etmədi. Adımızı batırmışdım...
Oğlumu mənə vermədilər. Adımızı batırmışdım...
İndi isə qul bazarındayam...



... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0255 saniye