***
hər gözlərinə baxanda gözlərim intihar edir,
göz yaşlarım kəndir kimi boğur məni.
hər şer yazdıqca sətirlərim ahu-zar edir,
hamilə bir qadın tək qələmdə doğur məni.
***
yum gözlərini uşaqlığına,
al qucağına,
buraxma,
birdən yıxılar dizi qanıyar.
kövrələr baxıb,
anasının vuran əllərinə,
ağlayar gözü qanıyar.
***
o qədər çılpağam ki, beynim üşüyür,
geyinə bilmədim səni,hər yerim üşüyür.
gönün çox qalındır, içində tərləyirəm.
soyunub atdım səni bir qırağa.
***
özümü sənə qarışdırıram getdiyin yollara baxıb,
küçələr sarılır gözlərimə,boğur məni.
baxışlarım qırmızıdır.
bədənimə o qədər dolmusan ki,
damarlarım partlayır ülgüc üstünə,
çəkirəm səni divarıma
naxışlarım qırmızıdır.
***
şəhər böyüdükcə kiçilir insanlar,
hər yer olur toz-torpaq,
tozdan seçilmir insanlar.
parklar, otellər,binalar rənglənir,
amma rəngsizləşir ,
bozdan seçilmir insanlar.