Ağ atlı şahzadəm
Keçdi ömür, ötdü dəli gəncliyim,
Keçdi həyəcanlı dəqiqələrim,
Eh... ağ atlı oğlan, sən innən belə
Gəlməyə bilərsən, öldü hisslərim.
Yolunu gözlədim mən gecə-gündüz,
Ömrümün ən təzə-tər çağlarında.
Nə gəl bundan sonra, nə də məni üz,
Nə məni tapmazsan eşq sorağında!..
Daha qarğımıram bəxtimi inan,
Heç əl də açmıram tanrıya, göyə.
Göz yaşım quruyub, etmirəm üsyan,
Artıq boyun əydim şıltaq taleyə.
Bəlkə də, gəlmisən mənim ömrümə?!
Bəlkə, lap yanımdan keçib ağ atın?!
Bəlkə, məndən ötüb başqalarını
Elə lap yanımda seçib ağ atın?!
Gecikən şahzadəm, o yaş keçibdi
Gələcək gününü bayram eləyim.
Ağ atlım, bu ürək daş kəsilibdi,
Çətin, bir kimsəni mən sevə bilim.