Ağac ək...
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 22:05 12 noyabr 2018 tarixində əlavə olunmuşdur

Ağac əkir bir qoca - öləcəyini bilir.
Nə bayağı mövzudur. Buna yazılmır şeir.
Yazıldı yazılmadı - qoca üçün nə fərqi?
Ağac əkir bir qoca - yeri gəldi gəlmədi.
Balaca koma dikib, bir oğul da böyütdü.
Yerinə tam yetirib məsəldəki öyüdü.
İndiysə ağac əkir çuxur qazıbdır yenə:
Ağac əkir bir qoca...
                                 ... baş daşı əvəzinə.
Savaş cəngi vuruldu illər öncə bu yerdə
Torpaq ehtiyac duyur indi qəhrəman mərdə.
Bayağı şeirlərdə bayağı mövzulartək:
Qoca bilirdi onun övladı dönməyəcək.
Yola salıb oğlunu o, örtmədi qapını
"Qayıdıb özü örtsün" - beynindəki xəyalı.
Bir dəfəlik getmir ki, qayıdar üç-beş fəslə.
Sonra yenə də başlar, "ağac - yeni ev - nəvə".

Pafozlu cümlələrlə bəzəməyək buranı
Onsuz da hamı bilir savaşlarda olanı:
Ürəyi arzu dolu hansısa iki cavan
Edirlər bir-birini al qanlarına qəltan.

Maşınla yola saldı oğlu - dəmir qutuda:
Taxta qutuda aldı təhvil ata - tabutda.
Qoyub tabutu yerə - sadəcə quyu qazdı.
Nə fəryadlar qopardı, nə də gözü yaşardı.
Ölənə ağlayanlar, qayıdana sevinər:
Ata dedi "nə fərqi? - ölənlə ölməyirlər"
Belə də olmalıymış sonda hər şey elə bil.
Dərin bir quyu qazıb bir qoca ağac əkir.

Bu nə təhər həyatdı? - dəyişin bu həyatı:
Yaşamaq da bayağı, ölümlər də bayağı
Düşmən sayılanlara ölüm höküm edildi -
Ölənəysə deyirik "Tanrı lütfünə getdi".
Bu qədər çoxmu insan sevir öz yağısını? -
Onunçün özü açır Cənnətin qapısını.
Şəhid balalarına analar fəryad edir.
Bəs ölən düşmənlərə niyə ağı deyilmir?
O da baladı axı, istəmirdi savaşı,
Onun da çatmamışdı ölməkçün hələ yaşı.

Axı yaratmayıbdir Tanrı bu cürə bizi?
Hansı məqamda görən həmkar bildik iblisi?

Həyata keçməsə də bayağı ifadə var:
"Beşikdən məzaracan insan qala insanlar"
Sadəcə ev düzəltsin, övladını böyütsün.
Əsas əkilən ağac - çarmıxlara dönməsin.


Cavidan Hacıyev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0246 saniye