Ağarmış saçlar
Etibar Nasir tərəfindən "Esse" bolməsinə 19:19 16 iyun 2015 tarixində əlavə olunmuşdur

Salam, ata. Mən gəldim. Mənəm, oğlun. Bu qara löhvədə sənin şəklini görmək mənim üçün necə də ağırdır. O ağarmış saçlarına baxanda vicdanım sızlayır. O saçlarını mən ağartdım, ata. Mənə olan nəvazişin, qayğın, sevgin, və şəfqətin səbəb oldu saçlarının ağarmasına. Mənim başım ağrıyanda təşvişə düşərdiniz, mən isə sizin bu təşvişinizdən ləzzət alardım. Yadımdadır - bir gün yıxıldım və ayağım cüzi əzildi. Sizin narahatçılığınız mənə xoş gəldiyi üçün yalandan inildədim. Siz necə də narahat olurdunuz. Mən bilmirdim ki, səni hər təşvişə salanda bir telini ağardırmışam. Hər dəfə  soyuqlayıb-azarlayanda mənə qurban kəsərdin. Səndən sonra mənə qurban kəsən olmadı, ata.

İndi yalandan deyil, həqiqətən xəstəyəm. Amma sənin qədər mənə görə narahat olan yoxdur, ata. Səndən sonra yıxıldım. Bu səfər ayağım əzilmədi - qəlbim qırıldı. İndi yalandan inildəmirəm, ata. Səndən sonra mənim naləm bir an belə susmayıb. Ancaq, mənə görə sənin qədər təşviş edən yoxdur. Məni hamıdan yaxşı geyindirərdin. Məktəbdən gələndə gündəliyimdə “5” qiymətini sənə göstərərdim. Fərəhdən gözlərin necə də nurlanardı. İndi mən burdayam. Aramizda çox az məsafə var. Ancaq əlim əlinə çatmır. Çünki, biz indi müxtəlif aləmdəyik.

Gələcəm yanına,  ata. Az qalıb, çox az. Məni qəbul edəcəksən, ya yox - bilmirəm. Artıq dözə bilmirəm,  ata. Bəlkə də bura son gəlişimdir, yəni öz gəlməyim sonuncu dəfədir. Bəlkə növbəti dəfə çiyinlərdə gəldim... Mənim üzüm yoxdur ki, səndən məni bağışlamağını istəyim. Ancaq sənin nə dərəcədə mehriban olduğunu yaxşı bilirəm, ata. Mən indi dərk edirəm ki, Allah ataya hörməti vacib buyurub?! Çünki, Allah siz - atalara müqəddəslik verib. Sizdə olan nəvaziş, sevgi və qayğı, bilavasitə Allahın lütvüdür. Bilirəm, deyirsən:  "sənin də saçın ağarıb." Bəli, ağarıb, ata. Mən sənin qədər ülvi ola bilmədim. Mənim saçlarımı sənin mənə olduğu kimi, nəvələrinə olan qayğım, şəfqətim ağartmayıb. Mən onlara, sənin mənə verdiyin sevgini və qayğını verə bilmirəm, ata. Mənim saçlarımı  ağardan vicdan əzabıdır, ata. Uşaq ikən sənə verdiyim əziyyətlərin, narahatlığın xəcalətidir. Mənim saçlarımı ağardan, “sənin üçün nə etmişəm?” sualına “heç nə”  cavabıdır. O ağarmış saçlarına qurban olum, ata.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+9=
Hesaba giriş
Müəllif

Etibar Nasir
Əlaqə
E-mail:
jafariyyah@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.024 saniye