Agqoyunluların şanlı Səlnaməsi
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 18:33 09 iyun 2016 tarixində əlavə olunmuşdur

  Azərbaycan tarixinin imperia səhifəsini təşkil edən Ağqoyunlular dövlətinin ən güclü hökmdarı Uzun Həsən olmuşdu. Uzun Həsənin bir dövlət adamı kimi uğurlarında anası Sara Xatun böyük rol oynamışdı. Sara Xatun saray qadını olmaqla yanaşı, bacarıqlı diplomat, dövlət xadimi və idarəetmə mexanizmini yaxşı bilən müdrük insan idi. Dövrün tarixçiləri onu “dövlətin həqiqi üzü” adlandırırdılar.

 Əbu Reyhan Biruniyə görə, “müsəlman olan türklərə türkmən deyilirdi”. Ona görə “türkmən” adı “türk-iman” sözündən yaranıb.

 Elxanlı dövlətinin süqutundan sonra İslam Şərqində ortaya çıxan türk dövlətləri və bəylikləri orta əsr tarixçiliyində “türkmən uluslar” və ya “türkmən dövlətlər” adlanırdılar. Bu cəhətdən, Ağqoyunlu, Qaraqoyunlu, Osmanlı, Qaramanlı kimi Yaxın və Orta Şərq, Cənubi Qafqaz və Kiçik Asiyada ortaya çıxan dövlətlər türkmən kimliyi ilə tanınıblar.

 IX əsrdə oğuz və qarluq tayfalarının İslamı qəbul edənlərinə türkmən adı verilməyə başlandı. Qaşqarlı Mahmuda görə, “türklər arasında biri müsəlman olduğunda digər türklər ona “türkmən oldu” deyərdilər”. İslam mənbələrində bu ad əvvəllər islamı qəbul etmiş türklərə verilərkən, sonrakı dövrlərdə şəhər həyatından uzaq köçəri türkləri ifadə etmişdi.

 Bu baxımdan, orta əsr mənəblərində Qaraqoyunlu dövləti üçün “qaraqoyunlu ulusu”, Ağqoyunlu dövlətini təşkil edən türk tayfaları üçün də “ağqoyunlu ulusu” ifadəsi ilə yanaşı, “türkmən ulusu” ifadəsi də işlədilib.

 1403-cü ildə mərkəzi Diyarbəkirdə əsası qoyulan Ağqoyunlu dövləti 1467-ci ildə Azərbaycanda qaraqoyunluların hakimiyyətinə son qoyaraq onun yerini almış və Bayburtdan Sistana qədər geniş əraziləri vahid bir dövlətdə birləşdirmişdi. Təbrizi imperiyanın mərkəzi elan edən Uzun Həsən dövrün mənbələrində “II Teymur”, “İskəndəri Sani” kimi ləqəblər alıb. Teymurilər dövlətini siyasi bir güc kimi Orta və Yaxın Şərq coğrafiyasından kənarlaşdıran Uzun Həsən Əmir Teymurun dünya hakimiyyəti mirasını ələ keçirmək həvəsinə düşmüşdü. Bu eyni zamanda Ağqoyunluların uzun illər Teymurilərin vassalı və onların Anadoludakı ən böyük müttəfiqləri olduğunu ifadə edirdi. Zira, Ağqoyunlular ilə Qaraoyunlular arasındakı düşmənçilikdə Teymur faktoru da unudulmamalıdır.

 On iki yaşında şahzadəlik taxtına oturan, otuz yaşında dövlətin başına keçən Uzun Həsənin maddi və mənəvi cəhətdən ən böyük köməkçisi anası Sara Xatun olmuşdur. Mənbələr Sara Xatun haqqında çox az məlumat versələr də, Ağqoyunlu dövlətinin formalaşmasında və çiçəklənməsində onun rolunu xüsusilə qiymətləndiriblər.

 Rum şahzadəsi, yoxsa Türk qadını

 Bizanslı tarixçi Dukas, Ağqoyunlu dövlətinin banisi Qara Yülük Osmanın Trabzon Rum imperatoru IV Alekseyin qızı ilə evlənməsi səbəbindən Sara Xatunun Roma əsilli Komnenlər sülaləsindən olduğunu iddia etmiş və bu fikir Qərb tarixçiliyində geniş yayılmışdır. Halbuki, Sara Xatun Qara Yülük Osmanın qızı deyil, qardaşı qızı, həm də gəlini olmuşdur.

 Sara xatunun atası Pir Əli Bəy idi. Pir Əli Bəy, Ağqoyunlu dövlətinin banisi Qara Yülük Osmanın qardaşı və ağqoyunlu tayfalarının ittifaqını yaradan Qutluq Bəyin nəvəsi idi. Onun gənc yaşda əmisi oğlu Əli bəylə evləndiyi məlumdur.

 Sara Xatunun anadan olduğu tarix bilinmir. Amma 1444-cü ildə vəfat edən Əli Bəyin Sara xatundan yeddi oğlu və bir qızının dünyaya gəldiyini, ən kiçik övladının 1423-cü ildə doğulan Uzun Həsən olduğunu nəzərə alsaq, Sara xatunun 1490-1491-ci ildə dünyaya gəldiyini iddia edə bilərik. İlk övladı Hüseyn 1407-ci ildə anadan olduğu zaman Sara xatun 16-17 yaşında idi. Vəfat etdiyi tarix isə tarixçi-alim Faruk Sümərə görə 1465-ci il hesab olunur. Faruk Sümərin bu iddiasını əsas alsaq, Sara Xatunun 74 və ya 75 il ömür sürdüyü ortaya çıxır.

 Sara Xatunun adı da mübahisəlidir. Mənbələr ondan Sara, Sarə, Sa`ra və Saray şəklində bəhs edirlər. Amma türkmən ənənəsində Sara, Sarə və Sa`ra adlarının olmaması, onun əsl adının Saray olduğunu deməyə əsas verir. Zira dövrün bəzi mənbələrində də o “Saray Xatun, Saray Katun” adı ilə qeyd edilib. Saray pəhləvicə “ev” (sraada) mənasına gəlir və X əsrdən etibarən saray şəklində Türk dilində yer alır. Türklərdən də monqollara keçmiş və monqollar bu sözü “hökmdar mərkəzi” mənasında Saray-Bərkə, Saray-Orda şəhərlərinin adında istifadə ediblər. “Ev” türklərdə həm müqəddəs ifadə, həm də “qadın”ı ifadə edən bir termin olduğundan Sara xatuna belə bir ad verilməsi düşünülə bilər. Tarixçi-alim Faruk Sümərə görə, türkmənlər arasında qadınlara Saray adının verilirdi. Bu səbəbdən müəllifə görə, Sara xatunun gerçək adı Saray xatun olmalıdır.

 Jon Vuds və Seyfeddin Erşahinin araşdırmaalrına görə, Sara xatunun Əli Bəylə izdivacından yeddi oğlu və bir qızı dünyaya gəlib. Oğlanlarının adı Hüseyn, Cahanşah, İskəndər, İbrahim, Üveys, Cahangir, Uzun Həsən, qızının adı isə Xədicə Bəyim idi. Qızı Xədicə Səfəvi şeyxi Cüneyd ilə evlənmiş və bu izdivacdan Şah İsmayılın atası Şeyx Heydər doğulmuşdu. Xədizə ilə Şeyx Cüneyidin Diyarbəkrdə evləndiyi məlumdur.

 Sara Xatunun təhsili və saraydakı fəaliyyəti

 Sara Xatunun təhsili haqqında məlumatımız yoxdur. Həyat yoldaşı Əli Bəyin 1435-ci ildə Ağqoyunlu hökmdarı elan edilməsindən sonra saray qadınlarının “validə sultanı” olmuş və beləcə, siyasi fəaliyyətə başlamışdır. Ehtimal ki, dövlət işlərinə maraq göstərməsində Qaraqoyunlu hökmdarı Cahanşahın arvadı Xatun Can Bəyimin təsiri ehtimal edilir. Beləki, A.A.Arayancan da Sara xatunun “Qaraqoyunlu Xatun Can kimi oğlanları arasındakı ixlifalar müdaxil olduğunu, hətta qomşu dövlətlərlə görüşdüyünü” qeyd edir.

 Xatun Can Bəyim dövrünün güclü dövlət xadimlərindən olmuş və 1468-ci ildə Cuşin qalasında ögey oğlu Həsən Əli tərəfindən öldürülmüşdür. Qəbri Təbrizdəki Müzəffəriyyə mədrəsəsindədir. Bacarıqlı, ağıllı və güclü iradəyə sahib Xatun Can Bəyim dövrün mənbələrində “iki dünyanın xidmətçisi, ən böyüklərin şərəflisi Xatun Can Bəyim” şəklində tərif olunur. Qaraqoyunlu dövrü fərmanlarında onun möhürünün olması Xatun Can Bəyimin dövlət rəhbəri kimi öz ətrafına güclü təsir bağışladığını göstərir. Siyasi şəxsiyyət kimi bu qadının Sara Xatun üzərində təsirinin olduğuna şübhə yoxdur. Eyni zamanda, hər iki qadının görüşdükləri ehtimalı çox yüksəkdir. Çünki Sara xatun elçi kimi Cahanşahın hüzuruna çıxmış, apardığı danışıqlardan sonra qaraqoyunlular ilə ağqoyunlular arasındakı düşmənçiliyə son qoyan Amid sülhü imzalanmışdı. Digər tərəfdən, Qaraqoyunlu dövləti adına ağqoyunlularla danışıqların aparılması vəzifəsini Cahanşah öz arvadı Xatun Can Bəyimə tapşırdığından, hər iki qadının görüşdüyü haqqındakı qənaətimiz güclənməkdədir.

 Sara xatunun ətrafında böyük alimlər ordusu yer alırdı. Bu, onun elmə və irfana böyük əhəmiyyət verdiyinə, diplomatik yazışmaları oxuduğuna görə yüksək təhsil sahibi olduğunu deməyə əsas verir.

 Həyat yoldaşı Əli Bəyin hakimiyyəti çox qısa olmuşdu. 1435-ci ildə hakimiyyətə gələn Əli Bəy xaraktercə mülayim və həlim insan idi. Qaraqoyunlular ilə sülh və dostluq tərəfdarı olması xalq arasında etibarının sarsılmasına səbəb olmuşdu. 1437-ci ildə qardaşı Həmzə Bəy tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Əli Bəy Osmanlılara sığınmış və Sultan II Murad tərəfindən İskilip bölgəsi hədiyyə olaraq ona verilmişdir.

 Ağqoyunlular arasında çıxan siyasi münaqişələrə şahid olan Sara Xatun bu zaman oğlu Cahangirin yanında yer almışdı. O, ərinin hakimiyyətinin qəsb edilməsindən sonra Cahangiri dəstəkləmiş və onun adına diplomatik işləri idarə etmişdir.

 Sara xatunun adı mənbələrdə ilk dəfə Əli Bəy sonrasında Ağqoyunlular arasında cərəyan edən ixtilaflar səbəbi ilə çəkilir.

 Qadın diplomat

 1444-cü ildə Əli bəyin vəfatı və Həmzə bəyin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Ağqoyunlu taxtı Cahangirin əlinə keçdi. 1444-1453-cü illər arasında on ilə yaxın dövləti idarə edən Cahangirin uğurlarının ən böyük səbəbkarı anası Sara xatun idi.

 Əli Bəyin vəfatından sonra övladlar arasında taxt uğrunda mübarizə o qədər şiddətləndi ki, Ağqoyunlu dövlətini yox olmaq təhlükəsi ilə üzləşdi. Bu təhlükəni ortadan qaldıran məhz Sara xatunun bacarıqlı və ağıllı siyasəti oldu. Qaffari də onun haqqında danışarkən Sara xatunun bu xüsusiyyətlərini ön plana çıxardaraq belə deyir: “Uzun Həsənin anası Saray Xanım çox ədalətli, müşfiq və iş bilən biri idi”.

 Sara Xatun ilk diplomatik səfərini Misirə etmişdi. Mənbələrdə də onun adı bir siyasi hadisə ilə məhz bu səfər səbəbilə qeyd edilib. Həmin səfər 1450-ci ildə baş tutmuşdu. Qahirədə Məmlük hökmdarı Zahir Seyfəddin Çağmaq ilə görüşən Sara Xatun burada böyük hörmət və izzət görmüş, məmlüklərin Mardin və Amidi ağqoyunlu torpaqları olaraq tanımasına nail olmuşdu.

 Sara Xatun uzun illər davam edən Qaraqoyunlu-Ağqoyunlu müharibələrinin dayandırılması üçün böyük çaba göstərmiş, iki dövlət arasında aparılan daşıqları məhz özü idarə etmişdi. Bu məqsədlə Təbizə gələn Sara Xatun Qaraqoyunlu hökmdarı Cahanşah tərəfindən “Ana” kimi qarşılanmışdır. İki türk dövləti arasında aparılan sülh danışqılarına qaraqoyunlular tərəfindən Xatun Can Bəyim, ağqoyunlular tərəfindən Sara Xatun başçılıq etmişdilər. Bunun nəticəsində iki dövlət arasında Amid sülh müqaviləsi imzalanmışdır.

  Qaraqoyunlular ilə aparılan sülh danışıqlarına qarşı çıxan Uzun Həsən hökmdar olan qardaşı Cahangirə qarşı üsyan etmiş və bu sülhü qəbul etmədiyini açıqlmışdır. İki qardaş arasında ixtilafı ortadan qaldırmaq üçün böyük mübaizə aparan Sara Xatun sonda Cahangirin taxtdan əl çəkməsi və Uzun Həsənin hökmdar elan olunması ilə övladları arasında barışığa nail olmuşdur.

 Uzun Həsənin ağzoyunlu tayfalarının başına keçməsində Sara xatunun Misirlə yaratdığı diplomatik əlaqəlirin təsiri böyükdür. Zira, bu münasibətlə Sara Xatunn Misir Məmlüklü dövəti ilə ikinci dəfə diplomatik əlaqə yaratdığı, hətta Qahirəyə qədər gəlib, Məmülklü sultanı Xoşqədəmlə görüşdüyü qeyd edilir.

 Uzun Həsənin Ağqoyunlu taxtına çıxmasından sonra Sara Xatunun nüfuzu daha da artdı. O, dövlətin xarici işlərinə nəzarət edir, dövlətlərarası yazışmalar onun nəzarətində hazırlanır və elçiləri qəbul edirdi. 1468-ci ildə Qaraqoyunlular dövlətinin ortadan qaldırılıb paytaxt Təbrizin ağqoyunluların əlinə keçməsindən sonra Sara Xatun Şərq və Qərb ölkələrində “Ağqoyunlu dövlətinin qadın sultanı” kimi tanınmağa başlandı.

 Sara Xatun ən uzun diplomatik səfərini 1458/9-cu ildə Osmanlı ölkəsinə etmişdi. Fateh Sultan Mehmetlə görüşmüş, Osmanlı orduları ilə birlikdə Trabzon Rum imperiyasına qarşı hərbi səfərdə iştirak etmiş və onun ana tərəfdən qohumluq əlaqələri nəzərə alınaraq ələ keçirilən Trabzon torpaqlarının bir hissəsi ağqoyunlulara verilmişdir. Sara Xatuna “validəm” deyə səslənən Fateh Sultan Mehmet ona böyük rəğbət və hörmət bəsləmişdir.

 Sara Xatun Ağqoyunlularla Osmanlı dövləti arasında balans ünsürü idi. Məhz onun vəfatından sonra iki dövlət arasındakı münasibətlər pozulmuş və nəticədə 1473-cü il Otluqbeli müharibəsi meydana gəlmişdi.

 Sara xatunun mədəni fəaliyyəti

 Sara xatun sarayda və rəsmi qəbullarda türk dilində danışırdı. Türk dilinin və ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş, şairləri, ədibləri və elm xadimlərini himayə etmişdi.

 Sara Xatun Anadolu və Azərbaycanda çox sayda maddi mədəniyyət abidələrinin tikilməsinə imza atmışdı. Məscidlər tikdirmiş, su kanalları çəkdirmiş, zaviyyə və karvansaraylar inşa etdirmiş, yıxılmış şəhərlərin bərpasına, yoxsulların və məzlumların qayğısına qalmağa çalışmışdır.

 Onun tikdirdiyi abidələrin bəziləri günümüzə qədər qalıb. Anadolunun Harputta şəhərində Buğday məscidi və Cəmşid hamamı Sara Xatunun adını daşıyır. Harputun ən böyük məscidi hesab olunan Buğday məscidi şəhər meydanında yerləşir. Kəlkittə yerləşən zaviyə də onun adını daşıyır. Zaviyənin üzərində “Sara Xatun valideyi Uzun Həsən” yazılı kitabə həkk olunub.

 Sara Xatun Avropa dövlətlərinin də diqqət mərkəzində olmuşdur. Venetsiya, macar, italyan səfirləri əvvəlcə onunla görüşür, daha sonra Uzun Həsənin hüzuruna çıxırdılar. Sara Xatunla razılaşdırılmamış hər hansı bir məsələ Uzun Həsənlə müzakirə olunmurdu. Buna görə də avropalı krallar öz elçilərinə “Sara Xatuna ehtiram göstərməyi və Azərbaycanda qəbul edilmiş şəkildə yanaşmağı” tövsiyyə etmişdilər.


... dəfə oxunub
Qiymət: 10/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0341 saniye