Sən standartlarla yaşayan adi insansan. Sən başqalarından fərqlənmirsən. Sevəndə elə sevirsən ki, sevgi səndən iyrənir. Sən qorxaqsan ki, ürəkdən sevə bilmədin. Aldanmaqdan qorxdun. Sən formanı sevdin, mahiyyəti sevə bilmədin.
Ailə və cəmiyyəti aradan götürməlisən. Onları yox elə. Onların mövcudluğu sənin yoxluğundur. Sən onlar üçün yazıq qurbansan. Qohumlardan da qurtul. Onlar qoymazlar səni rahat, azad yaşayasan. Onlar paxıl və axmaqdılar. Onlar başımıza yağan çirkli yağışdan başqa bir şey deyillər. Səni məcbur eləyən hər şeydən xilas olmaq vaxtıdır. Yoxsa qapılar bağlanacaq. Hələ gec deyil. Qoy yaxınlar ölüb getsinlər. Yalnız kirlənməmiş ruhunu və qoxub iyi verməmiş saf sevgini xilas elə. Onda individual, insan olacaqsan.
Sən sevdiyin kiçik işlərlə məşğul olmaq istəyəcəksən onlar isə səndən böyük işlər gözləyəcəklər. Amma onlar hardan bilsinlər ki, balaca uşaq ona görə xoşbəxt və məsum, maraqlı və cəsarətlidi ki, o, kiçik şeylərlə xoşbəxt olmağı bacarır. Biz böyüdükcə çox kirləndik. Bizi çox kirlətdilər. Ailəmiz və cəmiyyətimiz bunu elədi. Heç kim bizə heç nə öyrətmədi və öyrədilənlərin hamısı səhv idi.
Sən yorğunsan –halbuki heç nə etməmisən. Sən nəsə istəyirsən –amma bilmirsən nə. Sənin yalnız bir problemin var- düşünməmək. Bu problem hələ həll olmayıb.
Dedim ki, səni heç kim sevməz. Və mən deyəndə təəccüblənəcəksən: Səni anan belə sevmir. Şair Əli Xəyyam demişkən, “ Mənim anam mənə axıtdığı göz yaşları ilə dar ağacımı yetişdirirdi”. Sən bu dünyaya heç kimdən borc istəmədən borclu gəldin. Əslində sən ananın bətnindəki qaranlıq dünyadan işıqlı dünyaya gəlmədin. Proses tamam əksinə baş verdi. Həyata gəlib - gəlməməyi özümüz seçməsək də, necə yaşamağı özümüz seçə bilərik.
Sən o məşhur pritçadakı dirəyə bağlanmış balaca filsən . Nə qədər güclü olsan da dirəyi qıra bilmirsən. Yalnız bir şey lazımdı: bu dirəyi qırmaq və azad olmaqda –CƏSARƏT!
Sən başqalarının həyatını yaşayırsan, elə bilirsən orjinalsan. Sənin həyatında musiqi, poeziya, kitab, sevgi, Günəş, bulud, yağış, Ay və ulduzlar çatışmır. Birdə bunları birləşdirən həyatda yaşama səbəbimiz –Xoşbəxtlik. Bu söyüş, nağıl, utopiya deyil. Sən bu söz üçün yaşayırsan. Və həyatında gec ya tez evlənmək kimi bir məqam gəlir. Nikah xoşbəxtlik deyil. İnan, əgər bütün dünya sizə xoşbəxtlik arzulasa da, siz xoşbəxt olmayacaqsız. Xoşbəxtlik kiminsə arzusuyla kənardan gəlmir yaxud göylərdən zənbillə enən hədiyyə deyil. Bunu sən özün axtarıb tapmalısan.
Başqa yerdə yox, özündə. Uzun müddət etmədiyin bir şeyi et, məsələn, şeir oxu. Ucadan. Ya da çöldə yağış yağanda çıx bayıra uşaq kimi mənasız rəqs elə. Lap dəli kimi. Hə, bezmədin ağıllı olmaqdan?! Bunlar səni xoşbəxt edəcək. Sən robot deyilsən, insansan!
Nikah qayğıdı, narahatlıqdı. Həbsdi. Sən necə bilirsən, Leyli və Məcnun ya Romeo Və Cülyetta necə məhəbbət dastanı yaratdılar? Onlar evlənsəydilər və “xoşbəxt” olsaydılar kim idi onları tanıyan!? Siz hec onları evli və uşaqlı təsəvvür eləyə bilirsiz? Onlar həmişə gənc və sevgili qaldılar. Bu nağıl deyil, həqiqətdi. Sevgi dörd divara dözmür, sıxılıb ölür. HƏMİŞƏ SEVƏSİZ DEYƏ HEÇ VAXT EVLƏNMƏYİN!
Ailə-cəmiyyət səni anlamaz. Sənə insan olmağı öyrətməz. Onlar Ruhumuzun Cəlladıdırlar. Sən onlarla müharibədəsən və onun bir qanunu var – YAŞAMAQ ÜÇÜN ÖLDÜR! Müharibədə əsas itki deyil, əsas qələbədi. Halbuki heç nə səndən dəyərli deyil, ta ki ailə və cəmiyyət sənə öz “çürük dəyərlər”ini beyninə, canına, ruhuna yeridənə qədər. Biz “Kaybedenler Külübü”ndənik. Biz itirdiyimizi itirmişik. Çünki itirməkdən qorxduğumuz insanlardan uzaqlaşdıq. Qaçış N. 1.
Ailə və Cəmiyyət xəstə olanda sənin sağlamlığın şübhə altındadır. Cəmiyyət və Ailə beyin və ürək kimidilər. Biri o birisiz yaşaya bilməz. Bu mövcudluq mövcud deyil. Və onların qəribə ritualları var. Toy və yas mərasimləri. Sən onlarda mütləq iştirak eləmisən. Səs-küy, baş ağrısı, pul itkisi və yalançı xoşbəxtlər. “Mən sənin toyuna gəldim, filan qədər pul verdim, sən də mənim toyumda bu qədər pul verməlisən”. Cılız insanların ucuz zövqləri. Evliliyimiz də, sevgimiz də, hörmətimiz də puldu. Elə bil biz zənciləri əzişdirmədik deyə tolerant olduq. Heç kim səni inqilabi fikirlərinə görə mükafatlandırmaz. Toylarda və yaslarda sən hamı kimi olmalısan. Elə bil alnımıza “OBEY” yazılıb. Biz Ailə-Cəmiyyət-Dövlət üçün prezervativ kimi bir şeyik: sevə-sevə istifadə edib işləri bitən kimi bizi zibil qutusuna tullayacaqlar. Bilirəm inanmırsan, amma bu belədi.
Deyirəm: Özünçün yaşa, çünki heç kim səninçün yaşamır.Bir gün ölüm başını üstünü kəsdirəndə keçmişə baxıb yarımçıq həyatına təəssüflənəcəksən. Sənə qaydalarla, qanunlarla, əmrlərlə yaşa demirəm. Bunları da sənin kimi insanlar yazıb, Allah yox. Bilirəm, məcbursan, məcburiyyətdəsən. Bir yazar dostum var, hekayəsində belə bir cümlə işlətmişdi –“Həyatda istədiyini eləmək üçün istəmədiklərini etməlisən”. Görürsüz heç azadlıq yoxdu.
Həyatınıza baxın –baxdız?- və gördüz ki, yetərincə çox şeylər yaşamısız və dəli olmaq üçün mütləq səbəb tapılar.Ailə problemləri, xəyanət, pul, sevgi, toy-yas, iş axtarmaq, gündəlik qarşılaşdığınız, üzünü belə görməkdən zəhləniz getdiyi insanlar, arxanızca danışıb goplayanlar, mədəni niyyətsizlər, əzilmiş və aldadılmış hisslərini keyitmək üçün istifadə etdiyin anti-depressant fahişələr, despot atalarımız, yazıq analarımız, hər işə qarışan qohumlar, iynəli sözləri ilə bizi incidən kobud insancıqlar və başqaları. Görəsən bunları sonu nə vaxt gələcək?..
Öz həyatına özün cavabdehsən. Başqalarının fikri önəmli deyil. Onların düşüncələrinə görə yaşamırıq ki. Onların bizim həyatımıza qarışmağa kim haqq verdi??? Bil ki, onlar üçün sevinc və kədər yoxdu, toy və yas var. Onlar dəlixana və qəbirstanlıqdan qorxurlar. Niyə? Çünki dəlixana və qəbirstanlıqda itiriləsi bir şey yoxdu. İtirməkdən qorxmaq. Bizi çox qorxutdular. Nə isə...
Sonda nəsə yadda qalacaq qızıl fraza işlətməliyəm ya yox bilmirəm. Amma bunu bilirəm ki, nəsə eləmək lazımdı. Həmişə belə yaşamışıq deyə, belə də olmalı deyil. Vəziyyəti uyğun nəyisə dəyişə bilərsən. Şəraiti öz xeyrinə istifadə elə. Marionet olma, amma kimisə idarə eləyən əllər də olma. YALNIZ O ZAMAN AZAD OLACAQSAN Kİ, HEÇ KİMİ ÖZ QULUNA ÇEVİRMƏYƏCƏKSƏN! QUL SAHİBİNƏ QULDAR DEYİRLƏR, AZADDAR DEMİRLƏR.
2014