Ailə və millət
Mushfiq Shukurlu tərəfindən "Digər yazılar" bolməsinə 04:01 29 yanvar 2013 tarixində əlavə olunmuşdur

 

         İnsan qəlbi sevdiklərinin rahatlığı və sevinci ilə qidalandıqca, yaxınlarının uğur və gələcəyindən əmin olduqca həqiqi əvəzsiz ləzzətin dadını- tamını dilsiz- ağızsız damağında duyur, doğuluşundan bu günə kimi yaşadığı bütün nəhs duyğulara, qara bədbin səhnələrə etinasız yanaşıb onların yoxluğunu fəhm edir. Bu təbiidir. Çünki insan başqalarının xoşbəxtliyində məramına qovuşur, könlü, əməli insanların hüzuruna, sevincinə qarışdıqca məmnun olur. Cəmiyyətin və xalqın işıqlı mühitini müəyyən edən isə məhz həmin daxili situasiya, pak və təmiz məqamlardır. Yəni, fərd, şəxsiyyət bu hissləri yaşamadıqca insanın müvəqqəti olmayan gələcək rahatçılığından, mühitin güvən şölələyən işıqlı ruhundan və xalqın pozulmaz birliyindən, rifahından danışmaq əbəsdir. İnsan isə bu duyğuları nöqsansız şəkildə ilk dəfə isti, səmimi yuvasında, göz açıb yetişdiyi evində, ailəsində qazana bilər. Bəli, sağlam düşüncəyə, yüksək mənəvi duyğulara yol açan məhz ailədə yetişən həmin ilkin cücərtilərdir.

              Ailə sevgi ilə mayanlanmış fitri məcburiyyətin və bu baxımdan ilahi nemətin işıqlı nişanələrinin parladığı, günəşin, şəfqətin və gələcəyin hakim olduğu əvəzolunmaz, xoşbəxt bir məkandır. Nəcib duyğular, təmiz düşüncələr, mənfəətsiz insani keyfiyyətlər öz narin köklərini yalnız bu kiçik qurumda, bu işıqlı otaqda bərkidə və nəticəsi olan gözəgəlimli bəhrəsini öz hüzurlu evindən- eşiyindən mənimsəyə bilər. Cəmiyyət və xalq isə məhz həmin duyğuların, düşüncələrin intişarı, çoxalması iıə irəliləyir. Buna görə də, xalqın, millətin düzgün istiqaməti, şərəfli yüksəlişi və dəyanətini bu kiçik ictimai quruluşun, ailənin əxlaqi, mədəni mühitindən kənar düşünmək mümkünsüzdür.

              Bəli, mədəni ailə, ziyalı ailə! Bu sözləri yazarkən sinifdə müəllimimizin bizə öz həyatından danışdığı səmimi sözləri xatırlayıram. Müəllim söyləyir ki, məktəbdə oxuduğum vaxtlarda oxumaq bilməyən anam kitabı əlində tutar, təmkinlə danışacağım dərsi gözləyərdi. Həmçinin deyir ki, anam dərsimizi bizdən bir- bir soruşur, tələb eləyirdi. Bu kiçik ancaq qiymətli həyati nümunə özündə dərin və həssas məqamları ifadə edən dəyərli bir örnəkdir. Ailədə uşaqların tərbiyəsi, evin daxili mənzərəsi, mühiti və saf mədəni keyfiyyəti məsələsində cəmiyyətin mühüm, önəmli sənətkarı olan ailənin ilk üzvü qadındır. Əxlaqlı, namuslu və zərif düşüncəli qadın “ ziyalı “ adını daşımağa sözün əsl mənasında layiqdir. Azad düşüncənin əxlaqın son sərhədlərindən başladığı, zahiri bərli- bəzəkli, mahiyyəti isə bayağı və keyfiyyətsiz mədəni görüşlərə xüsusi yer verildiyi müasir həyatımızda yeni hal almış ictimai  dəyərlər, əxlaqi prinsiplər gündəlik yaşayışımıza, ailəmizə, məişətimizə təsirsiz qalmır. Bunların hamısı uşaqların tərbiyəsində, insanların bir- birinə münasibətində, zövqlərində, seçimlərində, davranışlarında və mövqelərində özünü göstərir. Uşaqların tərbiyəsi üçün müxtəlif yollar axtarıldığı, psixi və mənəvi xəstəliklərin qan ağladığı, stress və sosial problemlərin bənd- bənd yığılıb insanların rahat yaşam axışına keçilməz hasar olduğu bir zamanda, hətta iaşə problemlərindən şikayət eləyən insanların çoxalması, cəmiyyəti bir sistem kimi bütünləşdirən isti yuvaların, ailələrin bir- birindən uzaqlaşması, onlar arasında əlaqələrin, gediş- gəlişin kəsilməsi, canyananlığın, qohumcanlılığın azalması hallarının normal qəbul olunduğu bir dövrdə, bir cəmiyyətdə ailə tərbiyəsinin ehtiyacı, lüzumu ən kəsərli yol kimi özünü göstərir və göstərməlidir.

              Bu yaxınlarda facebook sosial şəbəkəsində adını göstərməyən bir qızın kömək almaq məqsədilə məktub şəklində səhifəyə yolladığı yazını oxudum. 18 yaşlı qız bir il yarımdan çoxdur ki, bir oğlanla tanış olduğunu deyir. Hətta oğlan qızı ailəsi ilə belə tanış eləyir. Qızın oğlanla münasibətləri çox yaxşı gedir, bir yerdə oturub yemək yeyirlər, şərab içirlər və qız sərxoş olur. Qız sərxoş olduqdan sonra heç nəyi xatırlamadığını deyir və bakirəliyini itirdiyi, indi isə oğlandan ayrıldığı üçün çıxış yolu axtarır.

              Ana qayğısının həddən ziyadə olduğu; övlada ehtiyac duyulan məqamlarda sərhəd qoyub, özünü yetişdirə biləcəyi şəkildə sərbəst buraxmaq lazım olduğu və bu düzgün tərbiyə üsulu ilə həyata keçirilmədiyi üçün daxili, mənəvi çatışmazlıqlar yaşayan gənclərin çoxaldığı; ata məhəbbətinin kifayət etmədiyi ailələrdə yetişən gənclərin, xüsusilə qızların həyatının ilk mərhələlərində bu cür durumlarla qarşılaşması, çox təəssüf ki, normaldır.  Bu gün həmin gənclər zəif iradə göstərir, ata- analarının adını, hörmətini düşünmürlərsə onların quracaqları ailələrdən yetişəcək uşaqların həyatını, gələcək nəsillərin taleyini, halını düşündüklərini fərz etmək, əlbəttə, mənasız olardı. Günümüzdə bu cür xoşagəlməz halların, cəmiyyətə, millətə ləkə gətirən, sağlam bünyəsinə zərbə vuran, qabaqkı nəsillərin taleyini təhlükəyə atan bu kimi eybəcərliklərin, ailədaxili münaqişələrin, sosial problemlərin həllində, şübhəsiz, məişət səviyyəsində bir tərbiyədən söhbət gedir. Bunların qarşısını almaq üçün isə məhz həmin ziyalı, xarakterli qadınlara, vicdanlı və savadlı oğlanlara ehtiyac var.

              Bax, bu cür gənclərin kök atıb pöhrələndiyi cəmiyyətlərdə qurulan ailələr etibarlı gələcək nəsillərə zəmanət verir. Hegelin ailə haqqında fikirləri, bu baxımdan maraqlıdır: İki müxtəlif cinsin nümayəndəsi arasında nikah adlanan əlaqə sadəcə olaraq təbii heyvani əlaqə hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirən qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır.

              Bəli, necə ki, ailələr birləşərək cəmiyyəti bütünləşdirir, ər ilə arvad da biri digərində öz həyatının tamamlayıcısını tapır.

 

 


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+21=
Hesaba giriş
Müəllif

Mushfiq Shukurlu
Haqqında
1994 təvəllüdəm. Jurnalistika fakültəsində oxuyuram.
Əlaqə
E-mail:
mshukurlu@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0401 saniye