Ailə yükü romanı birinci hissə
ceyhun fikrət tərəfindən "Hekayə" bolməsinə 20:40 24 noyabr 2020 tarixində əlavə olunmuşdur

O gün havada sərin meh var idi. Hər tərəf sanki süküta qərq olmuşdu. Elə küçəmizdə sakit idi. Adətən məhlədə yaşayan uşaqların səsindən evdə oturmaq olmurdu. Amma indi havanın sərin olmasına baxmayaraq, heç bir uşaq məhlədə gözə dəymirdi. Məndə eyvanda oturub, gözlərim mürgü vura-vura kitab oxuyurdum. Bəzəndə eyvandan küçəyə boylanırdım ki, görüm məhləmizdə kim var. Amma gözlərimin yorğunluğu, kitaba olan marağıma üstün gəldiyi üçün, evə keçib divanda uzandım. Bir az yatmışdım ki, oğlum qonşu uşaqlardan biri səni çağırır deyərək anam məni yuxudan oyatdı. Qapını açdım. Qonşu uşaqlarından biri mənə baxaraq, tez gəl onlar bizi daşa basır deyib, küçəyə qaçdı. Məndə onun arxasınca qaçdım. Doğurdanda o biri küçənin uşaqları, bizim küçəni daş atəşinə tutmuşdular. Məndə fikirləşmədən yerdən götürdüyüm daşlardan onlara atmağa başladım. Sankı müharibə idi. Təxminən on-on beş dəqiqədən sonra biz onları öz məhlələrinə sıxışdıra bildik, amma onların məhləsi hündürdə olduğu üçün biz onları bınalarına qədər qova bilmirdik. Onların hündür də olması, bizim işimizi çətinə salmışdı. Elə bu an daşlardan biri mənim gözümə dəydi. Bir anlıq gözümdə qırmızı rəng əmələ gəldi. Həyəcanla qışqırdım. Qışqırmağımla hər kəs daşı yerə atdı, hətta qonşu məhlə uşaqları da evlərinə qaçmağa başladı. Gözümün ağırısından binamıza tərəf qaçdım. Bir dəstə uşaqda arxamca gəlirdi, sankı biz məğlub olmuş ordu kimi geri çəkilirdik. Binanın qarşısında atamla qarşılaşdım, Onu görən kimi gözümün ağrısı yaddan çıxdı. Özümü itirdim. Atam isə mehribanlıqla, hə de görüm, yenə nə etmisən? deyə mənə baxdı. Qonşumuzun oğlu, əmi onlar bizi daşa basırlar dedi və hadisədən atamı agah etdi. Atam tez məni qucağına götürüb poliklinkaya tərəf qaçdı. Bir neçə saat sonra mənim gözümdə ağrı qalmamışdı. Sən demə daş gözümün altına dəydiyinə görə az miqdarda qan gəlmişdi. Bəlkə də atamı da həyacana gətirən o qan idi. Gözümə ilk tibbi yardım olandan sonra məhləmizə qayıtdım. Məhləmizə daxil olan zaman özümü qəhrəman kimi hiss edirdim, sanki yarasını müalicə edib döyüşə qayıdan əsgər idim. Amma atamın yanında tutduğum işdən də peşmançılıq çəkirdim. Bir tərəfdən də peşmançılıq çəkməyimə səbəb, o biri məhəllənin uşaqlarına bu daş döyüşündə uduzmağımız idi.
O, ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Orta məktəbdə təhsil aldığım vaxt dərslərimi yaxşı oxuyurdum, demək olar ki fəal şagirdlərdən idim. Lakin atamın cəbhəyə getməsi, həyatımda yeni mərhələnin başlanmasına səbəb oldu. Çünki mən ailənin böyük övladı idim. Buna görə də, ailənin bəzi yükləri mənim çiyinlərimə düşürdü. Yaxşı yadımdadır, atamın anama qəfil “Mən cəbhəyə gedirəm” deməsi, anamın bu xəbərdən gizli, səssiz ağlaması və mənim həmin gündən uşaqlıq həyatımın sona çatması. O gün mən uşaqlığıma “əlvida” dedim. Sonralar atamla görüşlərimizin birində “Sənə güvənirəm, oğlum” deməsi, çiyinlərimə düşən yükün məsuliyyətini daha da artırdı. Əslində daxilimdə atamla çiyin – çiyinə döyüşmək istəyi vardı. Onun yanında ola bilmədiyim üçün özümü qınayır və utanırdım. Atamın vaxt tapdıqca məktəbə gəlməsi və mənim təhsilimlə maraqlanması məni, bu hisslərin ağırlığından qurtarırdı. Anlayırdım ki, mənim yaxşı təhsil almağım, müəllimlərimin mənim haqqımda verdikləri, müsbət rəylər atamı qürürlandırır. Müharibə dövrünün başqa ailələri kimi bizim ailəmizin də çəkdiyi əzab – əziyyətlərə baxmayaraq, hər kəsin atama “Sizinlə fəxr edirik” deməsi bütün əziyyətlərimizi unutdururdu. Mən əsgər formasının və bu formanı üzərində daşıyan şəxsin xalqımız üçün nə qədər dəyərli olduğunu dərk etmişdim. Həqiqətən də, çətin illər idi. Anamın göz yaşları, hər dəfə qapı döyüləndə qapıya səksəkəli baxması mənim uşaq qəlbimi göynədərdi. Bir yandan da maddi ehtiyac, hər şeyin qıtlığı daha da dözülməz idi. Bir neçə şagirdin 1 kitabdan dərs hazırlaması da, müharibənin gətirdiyi çətinliklərdən biri idi. Mən dərslərimi yaxşı oxuduğum üçün əldə etdiyim kitablara da məsuliyyətlə yanaşırdım. Bəzən kitablarımı qonşu uşaqlarına dərs hazırlamaq üçün verəndə bərk – bərk tapşırırdım ki, kitabla ehtiyatlı davransınlar. Düzdür, onlar bu hərəkətimdən hərdən inciyərdilər. Amma bu inciklik çox sürməzdi. Çünki, bu hərəkəti nə üçün etdiyimi məndən yaxşı anlayırdılar. Ona görə ki, o zaman ailələrin dərdi də eyni idi. Saatlarla çörək növbələri də yadımdadır. Insanların gecə yarısından növbəyə dayanması və bəzən də çörək almadan evə dönməsi qəlb ağrıdan hadisələr kimi yaddaşıma həkk olunub. Çörəyin bizə çatmadığı günlərdə isə, anam qaz sobasının üstünə su ilə dolu bir vedrə qoyardı və bu vedrənin ağzına aşsüzən yerləşdirərdi. Sonra dəsmala bükülmüş quru çörəkləri aşsüzənə qoyardı. Su qaynadıqca, yuxarıya qalxan isti buxar çörəyi yumşaldardı və biz həmin gün o çörəklə qidalanardıq. O illərdə əsgər ailələrinə növbədən kənar çörək almaları üçün xüsusi vəsiqə verirdilər. Vəsiqədə həmin əsgərin ailəsi ilə bağlı məlumatlar da yazılırdı. Qeydiyyat vəsiqəsinin hər zaman cibimdə olmasına baxmayaraq, mən də növbəyə dayanardım və növbədə dayananların məni tanımaması üçün başımı aşağı salardım. Çox vaxt növbədə dayananlardan kimsə məni tanıyar və satıcıya işarə edərək deyərdi “Bu, əsgər ailəsindəndir”. Onların mehriban baxışları altında, mən xəcalət çəkərdim. Əsgər ailəsi olmağıma baxmayaraq, çörəyi növbədən kənar almağım məni utandırardı. Qadınların, qızların növbədə dura – dura növbəsiz çörək almağımı uşaq qüruruma sığışdıra bilmirdim. Amma satıcı qadın mənim daxili dünyamdan xəbərsiz idi. O çox vaxt məni qəzəblə çağıraraq, “Pulunu ver, neçə çörək istəyirsən?” deyərdi, mənə səslənərdi. Mən də sakitcə çörəyimi alıb evə dönərdim. Evə çatanda isə qapının ağzında anamın qəmli baxışları ilə rastlaşardım. O, baxışların önündə qürürla dayanardım. Qürurumun səbəbi isə, əlimdə tutduğum çörəklər olardı. Sonra dərs oxumağa keçərdim, çünki qarşıma çıxan çətinliklərin və sınaqların elm ilə həll olunacağını bilirdim.
Amma bəzən fikirlər məni öz ağuşuna alırdı. Beyinimdə o qədər fikirlər var idi ki, bu fikirlərdən biri anamın bu dərdlərə sakitliyi və çətin güzaranımız idi. Bəzən də, qapımıza qorxa-qorxa baxardım. Çünki son vaxtlar qapımızın aramsız döyülməsi məni də səksəkəyə salmışdı. Hər qapı döyüləndə, həyəcanla və təlaşla qapıya tərəf gedərdim. Bu dəfə də gələn şəxsin atam deyil, başqasının olduğunu görəndə, narazılıqla O, şəxsin üzünə baxardım. Məndən fərqli olaraq, anam evimizə gəlib-gedənləri, xoş üzlə qarşılayardı. Gələnlər arasında qohumların atam haqqında mənfi, bəzilərinin isə, əksinə müsbət fikir söyləməsinin şahidi olardım. Bəzilərinin də, “bu müharibəyə gətmək nəyə lazım idi?” deməsi, mənim uşaq qəlbimdə bu sözü deyənlərə qarşı qəzəb hissi oyadardı. Anam isə sadəcə, təmkinlə gülümsəyərək deyərdi,”bu getməsin, O, getməsin, bəs kim getsin?” Mən isə danışılan söhbətlər əsnasında yerimdə qurdalanardım. Nə isə demək istəyərdim. Anamın xoş baxışları isə, mənə sakit olmağı əmr edərdi. Sanki, Qarabağ bizim evimizdə idi. Atamı görə bilməyənlər, anama elə suallar verirdilər ki, sanki anam da atamla bərabər cəbhədə döyüşür. Amma mən bəzən qohumların bizə gəlməsinə sevinərdim. Çünki, ən azından anamın qəmli baxışlarından xilas olardım. Qəribə hal bu idi ki, orta məktəbdə qiymətlərim ”5” olduğu halda, anamın mənəvi dərslərindən, ”2” alardım. O, mənə hər zaman deyərdi. ”Sən güclü olmalısan, əsl kişi olmalısan”. Bu sözlərdən sonra isə, güclü, yoxsa zəif olduğumu xəyal edərdim. Anamın nə üçün mənim güclü olmağımı istəməsi, mənim üçün böyük bir sual olaraq qalırdı.
Müharibə dövründə bəziləri də, var idi ki, insanların bu ağır günlərindən istifadə edərək, yaşayışını yaxşılaşdırmaqla məşğul idi. Onların övladları da, özlərinin tayı idi. Qəribə burasında idi ki, atam erməni daşnaqlarına qarşı vuruşduğu halda, mən “özündən razı” uşaqlarla söz savaşına çıxardım. Bəzən onlar məni ələ salır, yeri gələndə də, rişxəndlə sancırdılar. Amma onların qarnı tox, mənim qarnım isə ac idi. Onlar özlərini, mən isə ətrafda yaşayan acları fikirləşirdim. Anamın ”heç kəsə pislik etmə, pislik yaxşı iş deyil, həmdə pislik etməyə nə var ki, əsil insan odur ki, pislik edənə də, yaxşılıq etsin” deməsi, məni pislikdən çəkindirir, yaxşılığa tərəf meyl etməmə səbəb olmuşdu. Bəzən anamın sözlərinə, ürəyimdə haqq da qazandırırdım. Çünki, onsuz da dərdi çox olan qadına, bir tərəfdən də mənim dərd verməyim, onun mənəvi əzabını daha da artırardı. Gecələr isə evimizin qapısının döyülməsi, məni yox, anamı narahat edərdi. Çünki hansısa qonşunun çörəyinin qurtarması, bizim evdə çörəyin azalmasına səbəb olardı. Gecələrin birində belə hadisələrin biri ilə, rastlaşdım. Qəfil səslənən taqqıltıya, qəfil ev yiyəsi kimi çıxmışdım. Bu qapı taqqıltısına isə, anam gecikmişdi. Mən isə gecə qapını döyən şəxsə, adımıza yaraşmayan kobudluqla, ”daha bizdə çörək yoxdu”, demişdim. Qəfil gələn, qəfil getsə də, anamın heyrət dolu baxışları gözümdə qalmışdı. Utanıb, sıxılsam da, daha iş-işdən keçmişdi və mən həmin gün anamın mənəvi dərslərindən yenə də “ 2” qiymət almışdım. Ardı var….

14.10.2012 ci il
Bakı şəhəri


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
ceyhun fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. Elə həmin illərdən dövrü-mətbuatda şeirləri və məqalələri ilə çıxış edir. 2015 ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə daxil olub. Hal-hazırda bu universitetdə təhsil alır və Təbriz şəhərində yaşayır
Əlaqə
E-mail:
ceyhunfikret1@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0259 saniye