Ailə yükü
ceyhun fikrət tərəfindən "Hekayə" bolməsinə 21:57 24 fevral 2015 tarixində əlavə olunmuşdur

                 Bismilləhir  Rahmənir  Rahim

                                           
Yadımdadır. Hər şey belə başladı. Qoyun sizə də danışım. Bəlkə siz də oz övladlarınıza danışacaqsınız,bu hekayəti.Bəlkə də. Amma danışsanız da, danışmasanız da bu mənim heyakətimdir. Amma danışsanız yaxşı olar. Hər şey belə başladı. Daş atmaqla. O gün yaxşı yadımdadır,qonşunun oğlu məni evdən çağırdı: tez gel onlar bizi daşa basır. Bu səsi eşidən kimi tez küçəyə qaçdım. Doğurdanda qonşu məhəllənin uşaqları bizim məhələni daş atəşinə tutmuşdu. Məndə yerdən götürdüyüm daşlardan onlara atmağa başladım. Sankı müharibə idi. Təxminən on-on beş dəqiqədən sonra biz onları öz məhlələrinə sıxışdıra bildik,amma onların məhləsi hündürdə olduğu üçün biz onları bınalarına qədər qova bilmirdik. Onların hündür də olması bizim işimizi çətinə salmışdı.Elə bu an daşlardan biri mənim gözümə dəydi. Bir anlığ gözümdə qırmızı rəng əmələ gəldi. Həyəcanla qışqırdım. Qışqırmağımla hər kəs daşı yerə atdı,hətta qonşu məhlə uşaqları da evlərinə qaçmağa başladı. Gözümüm ağrısından binamıza tərəf qaçdım. Bir dəstə uşaqda arxamca gəlirdi,sankı biz məğlub olmuş ordu kimi geri çəkilirdik. Binanın qarşısında atamla qarşılaşdım,Onu görən kimi gözümün ağrısı yaddan çıxdı. Özümü itirdim. Atam isə mehribanlıqla hə yenə nə olub? deyə mənə baxdı. Qonşumuzun oğlu əmi onlar bizi daşa basırlar deyərək atama baxdı. Atam tez məni qucağına götürüb poliklinkaya tərəf getdi. Bir neçə saat sonra mənim gözümdə ağrı qalmamışdı. Sən demə daş gözümün altına dəydiyinə görə az miqdarda qan gəlmişdi. Bəlkə də atamıda həyacana gətirən o qan idi. Gözümə ilk tibbi yardım olandan sonra məhləmizə qayıtdım. Məhləmizə daxil olan zaman özümü qəhrəman kimi hiss edirdim,sanki yarasını müalicə edib döyüşə qayıdan əsgər idim. O,ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Orta məktəbdə təhsil aldığım vaxt dərslərimi yaxşı oxuyurdum,demək olar ki fəal şagirdlərdən idim. Lakin atamın cəbhəyə getməsi həyatımda yeni mərhələnin başlanmasına səbəb oldu. Çünki mən ailənin böyük övladı idim. Buna görə də, ailənin bəzi yükləri mənim çiyinlərimə düşürdü. Yaxşı yadımdadır, atamın anama qəfil “Mən cəbhəyə gedirəm” deməsi, anamın bu xəbərdən gizli, səssiz ağlaması və mənim həmin gündən uşaqlıq həyatımın sona çatması. O gün mən uşaqlığıma “əlvida” dedim. Sonralar atamla görüşlərimizin birində “Sənə güvənirəm, oğlum” deməsi, çiyinlərimə düşən yükün məsuliyyətini daha da artırdı. Əslində daxilimdə atamla çiyin – çiyinə döyüşmək istəyi vardı. Onun yanında ola bilmədiyim üçün özümü qınayır və utanırdım. Atamın vaxt tapdıqca məktəbə gəlməsi və mənim təhsilimlə maraqlanması məni bu hisslərin ağırlığından qurtarırdı. Anlayırdım ki, mənim yaxşı təhsil almağım müəllimlərimin mənim haqqında verdikləri müsbət rəylər atamı qürürlandırır. Müharibə dövrünün başqa ailələri kimi bizim ailəmizin də çəkdiyi əzab – əziyyətlərə baxmayaraq, hər kəsin atama “Sizinlə fəxr edirik” deməsi bütün əziyyətlərimizi unutdururdu. Mən əsgər formasının və bu formanı üzərində daşıyan şəxsin xalqımız üçün nə qədər dəyərli  olduğunu dərk etmişdim. Həqiqətən də çətin illər idi. Anamın göz yaşları, hər dəfə qapı döyüləndə qapıya səksəkəli baxması mənim uşaq qəlbimi göynədərdi. Bir yandan da maddi ehtiyac, hər şeyin qıtlığı daha da dözülməz idi. Bir neçə şagirdin 1 kitabdan dərs hazırlaması da, müharibənin gətirdiyi çətinliklərdən biri idi. Mən dərslərimi yaxşı oxuduğum üçün əldə etdiyim kitablara da məsuliyyətlə yanaşırdım. Bəzən kitablarımı qonşu uşaqlarına dərs hazırlamaq üçün verəndə bərk – bərk tapşırırdım ki, kitabla ehtiyatlı davransınlar. Düzdür, onlar bu hərəkətimdən hərdən inciyərdilər. Amma bu inciklik çox sürməzdi. Çünki, bu hərəkəti nə üçün etdiyimi məndən yaxşı anlayırdılar. Ona görə ki, o zaman ailələrin dərdi də eyni idi. Saatlarla çörək növbələri də yadımdadır. Insanların gecə yarısından növbəyə dayanması və bəzən də çörək almadan evə dönməsi qəlb ağrıdan hadisələr kimi yaddaşıma həkk olunub. Çörəyin bizə çatmadığı günlərdə isə anam qaz sobasının üstünə su ilə dolu bir vedrə qoyardı və bu vedrənin ağzına aşsüzən yerləşdirərdi. Sonra dəsmala bükülmüş quru çörəkləri aşsüzənə qoyardı. Su qaynadıqca, yuxarıya qalxan isti buxar çörəyi yumşaldardı və biz həmin gün o çörəklə qidalanardıq. O illərdə əsgər ailələrinə növbədən kənar çörək almaları üçün xüsusi vəsiqə verirdilər. Vəsiqədə həmin əsgərin ailəsi ilə bağlı məlumatlar da yazılırdı. Qeydiyyat vəsiqəsinin hər zaman cibimdə olmasına baxmayaraq, mən də növbəyə dayanardım və növbədə dayananların məni tanımaması üçün başımı aşağı salardım. Çox vaxt növbədə dayanalardan kimsə məni tanıyar və satıcıya işarə edərək deyərdi “Bu, əsgər ailəsindəndir”. Onların mehriban baxışları altında mən xəcalət çəkərdim. Əsgər ailəsi olmağıma baxmayaraq, çörəyi növbədən kənar almağım məni utandırardı. Qadınların, qızların növbədə dura – dura növbəsiz çörək almağımı uşaq qüruruma sığışdıra bilmirdim. Amma satıcı qadın mənim daxili dünyamdan xəbərsiz idi. O çox vaxt məni qəzəblə çağıraraq, “Pulunu ver, neçə çörək istəyirsən?” deyərdi, mənə səslənərdi. Mən də sakitcə çörəyimi alıb evə dönərdim. Evə çatanda isə qapının ağzında anamın qəmli baxışları ilə rastlaşardım. O baxışların önündə qürürla dayanardım.Qürurumun səbəbi isə əlimdə tutduğum çörəklər olardı. Sonra dərs oxumağa keçərdim, çünki qarşıma çıxan çətinliklərin və sınaqların elm ilə həll olunacağını bilirdim…

 


Son vaxtlar qapımızın aramsız döyülməsi məni də səksəkəyə salmışdı. Hər qapı döyüləndə,həyəcanla və təlaşla qapıya tərəf gedərdim. Bu dəfə də gələn şəxsin atam deyil,başqasının olduğunu görəndə,narazılıqla o şəxsin üzünə baxardım. Məndən fərqli olaraq,anam evimizə gəlib-gedənləri, xoş üzlə qarşılayardı. Gələnlər arasında  qohumların atam haqqında mənfi,bəzilərinin isə,əksinə müsbət fikir söyləməsinin şahidi olardım. Bəzilərinin də, “bu müharibəyə gətmək nəyə lazım idi?” deməsi, mənim uşaq qəlbimdə bu sözü deyənlərə qarşı qəzəb hissi oyadardı. Anam isə sadəcə,təmkinlə gülümsəyərək deyərdi,”bu getməsin,o getməsin,bəs kim getsin?” Mən isə danışılan söhbətlər əsnasında yerimdə qurdalanardım. Nə isə demək istəyərdim. Anamın  xoş baxışları isə, mənə sakit olmağı əmr edərdi.

Sanki, Qarabağ bizim evimizdə idi. Atamı görə bilməyənlər, anama elə suallar verirdilər, mənə elə gəlirdi ki, anam da atamla bərabər cəbhədə döyüşür. Amma mən bəzən qohumların bizə gəlməsinə sevinərdim. Çünki,ən azından anamın qəmli baxışlarından xilas olardım.

Qəribə hal bu idi ki, orta məktəbdə qiymətlərim ”5” olduğu halda,anamın mənəvi dərslərindən, ”2” alardım. O,mənə hər zaman deyərdi. ”Sən güclü olmalısan,əsl kişi olmalısan”. Bu sözlərdən sonra isə,güclü,yoxsa zəif olduğumu xəyal edərdim. Anamın  nə üçün mənim güclü olmağımı  istəməsi, mənim üçün böyük bir sual olaraq qalırdı.

Amma illər ötəcək, bu sualı keçəcəyim həyat yolları cavablandıracaqdı. Hələlik isə müharibənin qanlı,qadalı illərini yaşamalı idim. Müharibə isə getdikcə, daha da şiddətlənirdi. Hər gün ön cebhədən gələn xəbərlər də insan ruhuna mənəvi əzab verirdi. Müharibə dövründə bəziləri də var idi ki, insanların bu ağır günlərindən  istifadə edərək,yaşayışını yaxşılaşdırmaqla məşğul idi. Onların övladları da özlərinin tayı idi. Qəribə burasında idi ki, atam erməni daşnaqlarına qarşı vuruşduğu halda, mən  “özündən razı” uşaqlarla söz savaşına çıxardım. Bəzən onlar məni ələ salır, yeri gələndə də, rişxəndlə sancırdılar. Amma onların qarnı tox,mənim qarnım isə ac idi. Onlar özlərini, mən isə ətrafda yaşayan acları fikirləşirdim. Anamın ,”heç kəsə pislik etmə,pislik edənə də yaxşılıq et” deməsi,məni pislikdən çəkindirir, yaxşılıqa tərəf meyl etməmə səbəb olmuşdu.

Bəzən anamın sözlərinə,ürəyimdə haqq da qazandırırdım. Çünki, onsuz da dərdi çox olan qadına,bir tərəfdən də mənim dərd verməyim, onun mənəvi əzabını daha da artırardı. Gecələr isə evimizin qapısının döyülməsi, məni yox,anamı narahat edərdi. Çünki hansısa qonşunun çörəyinin qurtarması, bizim evdə çörəyin azalmasına səbəb olardı. Gecələrin birində belə hadisələrin biri ilə rastlaşdım. Qəfil səslənən taqqıltıya,qəfil ev yiyəsi kimi çıxmışdım. Bu qapı taqqıltısına isə,anam gecikmişdi. Mən isə gecə qapını döyən şəxsə,adımıza yaraşmayan kobudluqla,”daha bizdə çörək yoxdu”, demişdim. Qəfil gələn,qəfil getsə də,anamın heyrət dolu baxışları gözümdə qalmışdı. Utanib,sıxılsam da,daha iş-işdən keçmişdi və mən həmən gün anamın mənəvi dərslərindən yenə də “ 2” qiymət almışdım.

 


Hər səhər evdən çıxıb dərsə gedirdim. Qarşıma çıxan insanların üzlərində müharibənin ağrı-acısın, kədərin görürdüm. Evlərdən ölüm qorxusu, qan iyi çəkilmirdi. O illərdə xalq tərəfindən belə bir söz də yaranmışdı “Qaçqın”. Evləri erməni daşnaqları tərəfindən zəbt olunmuş həmvətənlərimizə qəribədir ki, “qaçqınlar” deyirdilər. Qaçqın,köçkün sözü hər tərəfdə eşidilirdi. Torpaqlarını, evlərini itirmiş insanlara bəziləri doğma münasibət göstərsə də, onlara qarşı ögey münasibət də var idi. “Qaçqın” sözündən hətta müəllimə də istifadə edərək dərsdən kənar bizə bəzi məlumatlar verərdi. Mən isə, bu sözün necə yarandığını, niyə Vətənindən ayrı düşən insanlara belə bir adın verildiyini fikirləşirdim. Son vaxtlar  dərs zamanı fikirli olmağım, deyəsən müəllimənin də gözündən yayınmamışdı. Bu gün yenə də o,bizə işğal olunmuş torpaqlarımızdan, qaçqınlardan danışırdı. Birdən sinif otağımızın qapısı döyüldü. Müəllimənin “buyurun!” deməsi ilə içəriyə üz-gözü kədərdən solmuş qara geyimli bir qadın və yanında da bir qız uşağı sinifə daxil oldu. “Bağışlayın, biz”, deyərək özünü təqdim etmək istəyirdi ki, müəllimə “bilirəm, sizin qızınızı bu sinifə göndəriblər” dedi. Qadın isə, kədərli halda, “Bəli, biz Şuşadan gəlmişik”. “Artıq sizin haqqınızda bizdə məlumat var”, deyərək müəllimə kədərləndi.

Mən də fikir dünyamdan artıq ayılmışdım. Öz-özümə dodaqaltı mızıldanırdım, “necə ola bilər ki, Şuşa işğal olunsun? Bəs atam belə demirdi axı”. İçimdəki şübhələri qovmağa çalışırdım. “Bəlkə də onlar Bakıya qonaq gəliblər” deyə, özümə təsəlli verirdim. Amma əsl həqiqət bu idi ki, Şuşa şəhəri doğrudan da işğal olunmuşdu. Qadın Şuşa şəhərinin işğal olunmasını dilinə gətirməsə də, onun görkəmindən Şuşanın başına nə oyunlar gətirildiyi bəlli idi. Daha heç nə eşitmək istəmirdim. Bircə evə gedib küncə sıxılıb ağlamaq istədim. Dərsdən çıxıb evə doğru qaçmağa başladım. Atamı görmək, beynimdəki suallara cavab almaq üçün tələsirdim. Evə çatanda isə anamın lal-dinməz baxışları Şuşanın işğal olunmasından xəbər verirdi. Bir neçə saatdan sonra yəqin ki, mənim şübhələrimə son qoyulacaqdı. Özümdə cəsarət tapıb atama suallarımı vermək istədiyim vaxt qapının döyülməsi məni fikrimdən ayırdı. Qəfil gələn qonağın səsi, evimizin sükutunu pozduğu kimi, atamın da halının dəyişdi. Gələn qonağın sual dolu baxışları atam tərəfə yönəldi. O, atama “siz mənim yoldaşımla eyni cəbhədə döyüşürsünüz, neçə vaxtdır ondan xəbər yoxdur, onun halı necədir ? ” deyərək, sual verdi. Atam isə çətinliklə də olsa sualı cavablandırmağa çalışdı. “Narahat olmayın, o, əsl döyüşçüdür. Biz onunla fəxr edirik. O, mütləq sizi görməyə gələcək”. Atamın bu sözlərindən sonra qadının baxışları dəyişdi və o, anama tərəf baxaraq, “Allah sizi sevindirsin, siz məni sevindirdiniz” dedi və getdi. Onun gedişi ilə atamın qəmli baxışlarında yaş damcıları göründü. Anama tərəf baxaraq dedi: “O qadının həyat yoldaşı şəhid olub. Mən bu xəbəri ona deyə bilmədim”. Anam bu xəbərin ağırlığına dözə bilməyib hönkürtü ilə ağlamağa başladı. Bu qəmli hadisə mənə təsir etsə də, mənə qəribə gələn bu idi ki, atam nə üçün o qadına fəxrlə, “ sizin yoldaşınız Qarabağda şəhid olub ” demədi. Qadının sualına başqa cür cavab verdiyi üçün, o gün atama ünvanlamaq istədiyim suallar ürəyimdə qaldı. Amma bir neçə gündən sonra küçəmizdə matəm çadırının qurulmasını görəndə və qonşu evdən ağlaşma səsini eşidəndə,atama haqq qazandırdım. Atam həqiqətən də düz deyirmiş. O, əsl döyüşçü olaraq son dəfə ailəsi ilə vidalaşdı. Ailəsi onun son baxışlarını, qamətini görməsə də, məğrur tabutunu gördü. O, Vətən uğunda şəhid olmuşdu. Onun üçün ağlamağımıza baxmayaraq biz onunla fəxr edirdik. Ağlayanlar içərisində şəhidin həyat yoldaşı da vardı. Şəhidin tabutunu maşına qoyan zaman sanki qadın bir anlıq yuxudan ayıldı və anladı ki, məzara aparılan tabutda Vətən uğrunda şəhid olan bir igidin cəsədi ilə bərabər, onun həyatının mənasın və gələcək günlərinin yaşama səbəbini da aparırlar. Elə bu düşüncələrlə də sıçrayaraq tabut aparılan maşının ardınca “məni də özünlə apar!” deyərək qaçmağa başladı.

Tabutu gətirən maşın isə dayanmadan, “qara tabutu”, “axirət dünyasına” apardı. Bu halı görənlərin ağlamaqdan başqa deyəcək sözləri də qalmamışdır. Qadının isə maşına çata bilməməsi və qaçdığı yolun yarısında dayanması ona işarə idi ki, onun ailə səadəti artıq sona çatmışdi ardi var


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
Ceyhun FİKRƏT 
(Dünyamalıyev Ceyhun Fikrət oğlu) 
yazar 

Gənc yazar Ceyhun Fikrət (Dünyamaliyev Ceyhun Fikrət oğlu)18 avqust 1984-ci il tarixdə Bakı səhərində anadan olub.Əslən Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Samaxı səhərindəndir.10 yasından ədəbiyyat sahəsinə maraq göstərmis Ceyhun,bir cox klassik sairləri və yazıçıları mütaliə etmis və dərindən öyrənmisdir.20yasından böyük yaradıcılığa,yəni ədəbi fəaliyyətə baslamısdır.Hal-hazirda Ceyhun Fikret imzasi ile edebi fealiyyetini davam etdirir
Əlaqə
E-mail:
ceyhunfikret@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0433 saniye