Ailə
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 09:43 24 may 2015 tarixində əlavə olunmuşdur

Səhərin gözü açılar-açılmaz qalxıb çarpayıda dizlərinə dirsəklənərək əyləşdi. Barmaqlarını bir-birinə keçirdərək dərindən nəfəsini dərdi. Ev hələ səssiz idi. Az sonra səs-küy əskik olmayacaq. Əlini başına apardı. Ağ-qara qarışıq saçları sürətlə tökülərək keçəlləşməyə doğru gedirdi. Gözlərini ovxalayaraq gərnəşdi.

Artıq bütün ev sakinləri hərəkətdə idilər. 18 yaşlı Safurə saçlarını darayır, 22 yaşlı Murad dişlərini fırçalayırdı. Ləman xanımın bişirdiyi qayğanağın qoxusu mətbəx ərazisindən çıxırdı. Az sonra hamı masa arxasında cəmləşdi.

Ləman xanım həyat yoldaşının hər zamankı kimi dərin düşüncələrə qərq olduğunu sezib qolunu çimdiklədi.

-Vüqar, başlama yenə.

Vüqar kədərlə həyat yoldaşına, sonra uşaqlarına nəzər saldı. Ləman xanım artıq gözəl deyildi. Üzündə, əllərində qırışlar, gözaltı torbalar, bəzən yuxusuzluqdan və ağlamaqdan dolayı qıpqırmızı gözlər, bədənin pozulan mütənasibliyi.

Oğlu. Eynən onun kimi kök idi. Məktəbi güc-bəla ilə bitirmişdi. Küçədə veyllənərək, yaramaz və tərbiyəsiz uşaqlarla dalaşmaqla, sağlamlığa zidd məhsullar içib yeməklə, söyüş və təhqirlərini ailəsinə, ən çox da tələbkar anasına ünvanlamaqla gününü keçirirdi. İşləmək istəmirdi. Ara-sıra etdiyi dostlarla birgə oğurluqlara görə sutkalarla dəmir barmaqlıqlar arxasında əyləşsə də, hələ də ağlı başına gəlməmişdi. Anası artıq onunla danışmaqdan, yola gətirməkdən bezmişdi. Səhər-axşam evdə sakitçilik deyilən şey yox idi. Hər ikisi bir-birlərinə səslərini qaldırmaqla, boşqab-stəkan sındırmaqla aralarındakı münasibətləri həll etməyə “çalışırdılar”.

Qızı. Keçən il məktəbi bitirmişdi Safurə. Ən çox sevdiyi fənn ədəbiyyat və tarix idi. Digər fənləri o qədər də yaxşı oxumazdı. Ələlxüsus, riyaziyyat, fizika, kimya ilə arası heç yaxşı deyildi. Səbəbkar müəllimləri idi. Öz dərslərini qışqır-bağırla, xətkeşi masaya və lövhəyə döyəcləməklə keçirdiklərinə görə Safurənin də bu dərslərə nifrəti yaranmışdı. Sinif yoldaşlarının böyük əksəriyyəti universitet, kollec dəhlizlərində gəzərkən Safurə evlərdə qulluqçu işləyərək qardaşının yerinə yetirməli olduğu borcu öz üzərinə götürürdü. Gecələr ağlayırdı. “Tələbə” arzusu gözündə qaldığı üçün. Ailədən kiminsə bilməsini istəmirdi.

Özü. Sürücü idi. Ləman ilə evlənərkən söz vermişdi ki, sürücülüyü buraxıb başqa peşə ilə məşğul olacaqdı. Amma hələ də sözünün üstündə dura bilməyib. Maddi imkansızlıq lap əvvəlcədən onu sarsıtmışdı. Bəzən düşünürdü ki, kaş evlənməyəydi, uşaqlar olmayaydı. Onsuz da evin kirayəsini, borcları güclə yetişdirirdi. Arabir tanış-bilişlərdən kimsə yardım əlini uzadırdı, amma bu durumdan heç məmnun deyildi. Ailəsi ilə “normal” gün keçirdiyi olmamışdı hələ. Evə gecədən xeyli keçəndən sonra gəlirdi.

Vicdan əzabı. Ailəsini belə görmək istəmirdi. Oğlunu “küçə avarası”, qızını onun-bunun qapısına “yollamaq”, həyat yoldaşını bir dəri, bir sümük görmək istəmirdi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0266 saniye