Ailənin əhəmiyyəti
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 19:14 07 mart 2016 tarixində əlavə olunmuşdur

Gözəl fidanlar gözəl torpaqlarda yetişir. 

Bu gün evlənənlərin evliliyin əsl mahiyyətindən başqa, fərqli istəklərlə ailə qurduqları müşahidə olunur. Ali təhsilli gənclər ailə qurarkən insanın xarakterindən, dünyagörüşündən daha çox,  maddi qazanc tərəfinə üstünlük verirlər. Gözəl əxlaq, əsil-nəsil, dindarlıq kimi meyarların yerinə mənfəət düşüncəsi ilə, maddə-əşya üçün evlənmək anlayışları artıq dəbə mindi. 

Evlilik ağacının ən gözəl meyvəsi uşaqdır. Allah şəhvətdəki ləzzəti də buna mükafat olaraq vermişdir. Evlənmək dinin əmri, Peyğəmbərin (s.ə.s.) şəriəti və insan fitrətindən doğan bir zərurətdir. Hədəfi və qayəsi olmayan izdivaclar niyyətsiz əməllər kimi bərəkətsizdir. Boy-buxuna, zahiri görünüşə görə baş tutan evliliyin əgər üxrəvi (axirətə aid) dərinliyi yoxdursa, sonu da yoxdur. "Qayəli izdivac hərtərəfli düşünərək, hissin yanında ağıl və məntiqin də olduğu izdivacdır". Evlilik üçün təkcə eşq kifayət etmir. Bəşəri (dünyəvi) sevgi axirət düşüncəsindən məhrum beyinlərdə qurulan fantaziya, müvəqqəti bir həvəsdir. Eşq, ağılı nəfsin və şəhvətin əsiri edər. Belə halda insan fitrətinin tarazlığı pozular. Əslində fitrət ağılın nəfs və hisslər üzərində hakimiyyətinə əsasən qurulmuşdur. 

Quranın Hz. Yusif (ə.s.) hissəsində şəfqət və mənfəət üzərində qurulan eşqdən bəhs edilir. Atası Hz. Yaqubun (ə.s.) Yusifə qarşı eşqi şəfqət, Züleyxanın eşqi isə mənfəət üzərində qurulmuşdur. Birincidə əvəz gözlənilmir, ikincidə isə mənfəət güdülür: Yusifə çilə çəkdirilir, zindana saldırılır. 

Ailədə şəfqət əsas olmalıdır. "Şəfqət uşağın anasının üzündə oxuduğu, sinəsində tapdığı, atasının qucağında hiss etdiyi irsi əlaqədir. Bunu verə bilmədikləri təqdirdə uşağı heç bir fantaziya ilə təmin edə bilməzlər. Ana uşağı 9 ay bətnində gəzdirir, min bir zəhmətlə dünyaya gətirir, böyüdür, gecələri ağlayanda durub yanına qaçır, bağrına basır, "yoruldum" demədən, "uf" demədən onu yaşatmaq üçün yaşayır." 

Uşağa qarşı şəfqət iki cür təzahür edir: 

Birincisi, uşağın sadəcə bu dünyada xoşbəxt olması üçün bütün fədakarlıqların edilməsidir. Daha yaxşı qidalanması, gözəl geyinməsi, yaxşı mühitdə yetişməsi də buraya aiddir. Bu məqsədlə göstərilən şəfqət yarımçıq olacaq. Çünki bu şəfqətdə təzadlıq var. Fani dünya həyatı üçün varını-yoxunu fəda edən ata-ana onların və özlərinin əbədi həyatı üçün heç bir hazırlıq görmür. 

İkincisi, əbədi həyata inanmış qəlbdən doğan şəfqətdir. Fədakarlıqların əvəzinin Yaradandan gözlənilməsi, dünyadakı rahatlıqdan daha çox, sonsuzluğa uzanan bir həyatın inşası üçün edilənlər... Necə ki, bir böyük alim 80 illik ömründə 80 min adamdan dərs alsa da, anasından aldığı dərsi hər şeydən üstün tutur və "... ən sarsılmaz və hər vaxt mənə dərsini tazələyirmiş kimi mərhum anamdan aldığım təlqinlər və mənəvi dərslərdir ki, o dərslər, sanki fitrətimdə çəyirdəklər hökmündə yerləşmişdir. Sair dərslərimin o çəyirdəklər üzərində bina edildiyini, eynilə görürəm", - deyir. 

"Canlılar aləmində valideyn-övlad əlaqəsinin ölümədək davam etdiyi yeganə xilqət insandır. Çünki insan təbiətən acizdir, hər zaman, hər yaşda şəfqətə möhtacdır. İnsan yaşlansa da, valideynə olan bağlılığı azalmaz, çoxalar. Gənc valideynlərinə hirslənsə, hətta özünü onlardan üstün görsə belə, onlardan bütünlüklə qopmaq istəməz." 

Uşaq ailənin güzgüsüdür. 

Uşağın xarakteri ata və ana arasındakı münasibətə əsasən formalaşır. Bir ailədə nələr yaşanırsa, ətrafa da o əks olunur. Valideynlərin bir-birinə müraciəti, qarşılıqlı münasibəti uşaqlar üçün bir ölçüdür. Bunlar hiss olunmadan uşağın xarakterini formalaşdırır. Ata-ana bir-birinə hörmət edir, müraciətlərdə xoş sözlər işlədirsə, uşaq da hər birinin yerini buna görə müəyyənləşdirir və onlara qarşı münasibəti də bu ölçülər üzərində formalaşdırır. Əgər uşaq anaya qarşı kobuddursa, bu atanın münasibətindən irəli gəlir. Ya da atasını saymırsa, demək, anası da atasını saymır. 

Ata-ana olaraq davranışlarımızı elə nizamlamalıyıq ki, onlar bizi bir dost, sirdaş və bir sevgi örnəyi kimi görsün. Bizlərə mələk nəzəri ilə baxsın. Bizdəki ciddiyyəti, ədaləti, həssaslığı, vüqarı görsün ki, bizlərə həmişə güvənsin, etibar etsin. "Doğru sözün yanında doğru hərəkət çox önəmlidir. Uşaq sözümüzlə əməllərimizdəki təzadı görərsə, bizə olan inamı sarsılar. Həyatda bircə dəfə yalanımızı tutan uşağın nəzərində bunu unutmadığı müddətdə etibarsız bir insana çevrilərik və bir gün bizə güvənmədiyini büruzə verər. Bir daha onu güvəniləcək insan olduğumuza inandıra bilmərik". 

Ailədə tərbiyə 

"Dünyaya göz açan hər uşaq təmiz bir fitrətlə doğulur." O, hələlik üzərinə heç nə yazılmamış ağ bir kağızdır. O kağıza həyati məsələlər ana rəhminə düşən andan yazılmağa başlanır. Ailənin vəzifəsi bu yazı və naxışları mövsümünə görə, silinməyəcək şəkildə uşağın ruhuna nəqş etməkdir. İlk yazıların pozulmaması çox önəmlidir. O naxışlar elə dərin cizgilərlə həkk edilməlidir ki, dünya və axirət həyatına istiqamət verəcək fiqurlar meydana gəlsin. 

Peyğəmbərimiz (s.ə.s.) bir hədisində: "Bir ata övladlarına gözəl əxlaqdan daha yaxşı bir miras qoya bilməz", - demişdir. "Ruhları güzgü kimi parlaq, zehinləri fotoaparat kimi davamlı şəkildə gördüklərini həkk edən körpələrimizin ilk məktəbləri öz evləri, ilk müəllimləri də öz valideynləridir. Onların özlərini bir müəllim və tərbiyəçi kimi yetişdirmələri bir millətin varlığı və gələcəyi üçün çox önəmlidir. Ailənin yerini nə məktəb, nə də başqa bir müəssisə verə bilməz. Çünki hər uşaq yaşadığı mühitə görə formalaşır. Məktəb və dostları sonra gəlir. Sağlam ailə tərbiyəsi görmüş uşaqlar gələcək həyatlarında pis tərbiyə almış insanlarla münasibət qura bilmirlər. Bir böyük alimin "Həqiqi imanı əldə edən kainata meydan oxuyar" sözləri fikrimizi təsdiq edir. 

Tərbiyə məsələsində həssas olmayan, yaşına, başına, düşüncə üfüqünə, elmi səviyyəsinə görə həyatın hər mərhələsində uşağını ən gözəl şəkildə yetişdirməyənlər bir gün ac qurd xarakteri ilə qarşılaşanda təəccüblənməsinlər." 

Tərbiyə Peyğəmbərimizin (s.ə.s.) təbirincə uşağa verilən ən gözəl ərmağandır. "Uşaqlarınıza ikram edin və onları ən gözəl şəkildə tərbiyə edin." Ailəsinin övlada gözəl bir tərbiyə verməsi onun üçün böyük qazancdır. İnsani dəyərlərə yiyələnməmiş bir övlada verilən miras fəlakətdən başqa bir şey gətirməz. 

İman insanı fiziki aləmin dar, statik və boğucu çevrəsindən qurtarıb onu özündən kənar aləmlərlə bütünləşdirən, önünü aydınladan bir işıq qaynağıdır. İman, insanı varlığın yeganə sahibi Allaha yönəldən, Ona bağlanarkən insana mənəvi rahatlıq, şərəf verən yeganə güc mənbəyidir. İman işığı ilə toxunmayan hər bir naxış əslini göstərməyən kölgə olaraq qalar. 

Ailədə həm qadın, həm də kişi uşaqlarını mənən doyurmalı və qəlb həyatının mənəvi qidalanmasına diqqət yetirməlidir. Qəlbin və ruhun tətmini (təmini) Allaha olan bağlılıqla mümkün ola bilər. Ata-analar uşaqlara Peyğəmbərimizin (s.ə.s.) yetişdirdiyi insanların həyatından danışmalı, tariximizin dəyərli şəxslərinin həyatlarına əsaslanaraq, onlarda ibadət şüuru formalaşdırmalıdır. 

Uşaq kiçik yaşlarından inanmanın əhəmiyyətini dərk etməlidir. Valideynlər elə ibadət etməlidir ki, uşaq eşitdiyi Allah kəlməsində imanın ruhunu duya bilsin və beləcə yeniyetməlik dövründə rastlaşdığı rüzgarlar qarşısında dini, imanı ilə dayana bilsin, ruhu da meydana gələn xəstəliklərdən qurtulsun və sarsılmasın. 

"Allah gəncliyin azğınlığına qapılmadan özünü ibadətə həsr edən və heç üsyan etməyən gəncə heyran olur." Hz. Məhəmməd (s.ə.s.) 

İnsan üçmərkəzli varlıqdır. 

İnsanların əksəriyyəti inancları yaşama və yaşatmaqda çox da həssas olmur və səy göstərmir. Halbuki, hər gənc kiçik yaşlarından öz mədəniyyətini öyrənməlidir. Mühüm dəyərlərimiz gələcək nəsillərə ötürülməlidir. 

İnsanın varlığını üç mərkəz təşkil edir. Bu mərkəzlərdən biri maddi və mənəvi həyatımızı yönləndirən ağıl, ikincisi, bütün xeyir və bərəkətləri insanlara çatdıran mənəviyyat körpüsü qəlb, üçüncüsü isə Yaradan tərəfindən verilən və əbədiyyətə proqramlanan, həmçinin insan olma qaynağı ruhdur. Sadəcə ağlı ilə düşünənlər hər şeyi maddiyyat süzgəcindən keçirən və Mövlananın "Neçə insanlar gördüm, üzərində libası yox, neçə libaslar gördüm, içində insan yox" sözü ilə ifadəsini tapan zahir insanına çevrilir. 

İnsanı digər yaradılanlardan fərqləndirən ən mühüm xüsusiyyət onun düşünə bilməsidir. Düşünən insan da məntiqini və fikrini işlətməlidir. Ağılın və fikrin nəşət etdiyi yer qəlb və beyindir. Gənclik dövrünün ən böyük coşqusu ürəkdə və başda yaşanır. Başqa sözlə, onları da doyurmaq (tətmin etmək) lazımdır. 

"Dərmanlar hər zaman şərt deyil, amma inanclar hər zaman şərtidir." Norman Cousins 

İbadət etmənin əhəmiyyəti ailə mühitində qavranılır. 

Gənclərin inanc dəyərlərimizi bilmə və yaşamalarına zəmin hazırlamaq işi ilk növbədə ailənin üzərinə düşür. Bu gün gənclərin çoxu Allaha inanır, lakin ibadət etməkdə çətinlik çəkirlər. İbadət etməkdə nəyi, necə, nə üçün etmək məsələsində gənclər məlumatlandırılmalıdır. İbadətlər tədricən təbii ehtiyaclar halına gətirilməlidir. 

Ata sübh namazının qəzasına görə kədər içində səhər yeməyinə gəlir. Uşaq atasının bu halını hiss edir və soruşur: 

-Ata, bu gün səni kədərli görürəm.

Ata bir müddət səssiz qalır. Sonra da: 

-Soruşma, oğlum. Atan bu gün Allahın nemətini - sübh namazını əldən verdi, - deyir. 

Gənc düşünür. Allah qarşısında vəzifələrini xatırlayır. Bilmədiyi mövzuları səmimi olduğu yaxınlarından və valideynlərindən öyrənməyə çalışır. 

Əksərən valideynlər daha çox İslamın şərtlərini ön plana çıxarır, lakin imanın şərtlərini qavratmağı düşünmürlər. İmanın şərti gənclərin ruhuna hopmadıqca, namaz qılmağa tənbəllik edərlər. Çünki kimə, nə üçün ibadət etdiklərini bilməzlər. Allahın nemətləri ön plana çəkilməlidir ki, kiçik yaşdan minnətdarlıq duyğusu formalaşsın və nəticədə gənc ibadətə yönələ bilsin. 

Ailə ən önəmli mənəvi dəyərlərin verildiyi yerdir. Yaş və səviyyələrinə görə böyüklər kiçiklərə Allahın əmr və qadağalarını öyrətməlidir. Gənclər Yaradana olan bağlılıqları sayəsində uyğunsuz davranışlarının bəri başdan qarşısını alaraq gözəl əməllərə yönələ bilərlər. 

Bir kişinin oğlu dünyaya gəlir. O, bayram edir. İki qurban kəsib paylayır. Heç görməmiş kimi, yanından ayrılmır, "bir şey olar" deyə zərif vücuduna toxunmağa cəsarət etmir. 

Uşaq böyüdükcə sevgisi də böyüyür və onu ən gözəl şəkildə yetişdirməyi qarşısına məqsəd qoyur. 

-Görsünlər, - deyirdi, - görsünlər, uşağı necə böyüdürlər. 

O, bu məqsədlə çox çalışır, uşaq tərbiyəsi ilə bağlı kitablar oxuyurdu. Bu kitabların bəzilərində uşaq "müasir" dedikləri sistemə görə tərbiyə edilməli və hərəkətlərində son dərəcə sərbəst olmalı idi. Özü də çox məşğul olduğuna görə istər-istəməz belə edəcəkdi. "Demək ki, müasir sistemlər iş adamlarını da düşünəcək qədər mükəmməldir." 

Tərbiyə sistemini müəyyənləşdirdikdən sonra, uşağının pulu istədiyi yerə sərf etməsinə, istədiyi filmə baxmasına və istədiyi adamlarla dostluq etməsinə bir şey demədi. "Əks halda uşaq öz şəxsiyyətini tapa bilməz"di. O artıq xəyala dalır, uşağını millət vəkili kimi görürdü. 

Özü dindar olsa da, "zəifləyər" deyə oğluna oruc tutdurmaz, yuxusuna haram qatmasın deyə sübh namazına qaldırmazdı. Oğlunun məscidə birgə namaza getmək təklifini də onun "yaxşılığını" düşünüb, hər dəfə rədd etmişdi. Yay tətilində Quran kurslarına getməsinə də mane olmuşdu. Düşünürdü ki, onsuz da il boyu məktəbdə oxuyub yorulub. Bir də yayda gedib tər tökəsi deyil ki? Qoy bir az da dincəlsin. 

Kişi uşağına göstərdiyi bu fədakarlığın bir gün meyvə verəcəyinə inanırdı və onu təbrik edəcəkləri günü gözləyirdi. 

İllər keçdi. Ata qocalmış, uşaq da universiteti bitirdikdən  sonra, ailəsindən ayrılmışdı və səsi-sorağı gəlmirdi. Atası çətinliklə də olsa, axtarıb oğlunu tapır və illərin ayrılıq həsrətini yarım saata sığışdırmalı olur. Vaxt bitərkən nəzarətçi gəlir və: 

-Sizi təbrik edirəm, dayı, bu həbsxanada sizin uşağınız kimi tərbiyəli birisini görmədim, - deyir. 

Bir gün Allah Rəsulu (s.ə.s.) belə buyurdu: "Axır zamanda atalarından ötrü övladlarının vay halına." Buna görə də səhabələr həyəcanla soruşur: 

-Müşrik atalarına görə onlara qıyıldığı üçünmü hədər oldular? 

-Xeyr, mömin ataları qıydı onlara. 

-Necə oldu, ya Rəsulullah? 

-Ataları onlara dinin təməl hökmlərini öyrətmədi. Mən onlardan uzağam, onlar da məndən uzaq olsunlar. 

Zənnimcə, bu hədis yuxarıda deyilənlərə haqq qazandırır. Din təlimi bir uşaq üçün çox önəmli məsələdir. Diqqəti maddiyyata yönəldərək bütün enerjini bu istiqamətdə sərf etmək qəlbin və ruhun mənəvi aclığına səbəb olur. O da bu aclığı qeyri-məşru və haram yollarla təmin etməyə vadar olur. Uca Yaradan bu mövzuda Əfəndimizi (s.ə.s.) təsdiq edərək bu mövzunu necə gözəl şəkildə açıqlayır: "Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz". 

Ailə gəncə həyatı öyrətməlidir. 

Ata-ana bu dünyada yaşamağı ələdüşməz bir fürsət olaraq dəyərləndirməli, yaşanan gözəllikləri başqaları ilə bölüşməli və xoşbəxtliyi kəşf etməlidir. Çünki bu həyat axirət həyatına nisbətdə bir yuxudan ibarətdir. Gənclik əbədi deyildir, həyat yolunda bizə verilən bir roldur. Zaman keçdikcə insan dəyişir, rollar başqalaşır. Gənclik insana verilən böyük bir sərvətdir. Bu, düzgün şəkildə xərclənməlidir. Gənclik insan üçün oyundur, həsrətdir, mücadilədir, inanmaqdır və yaşamağa dəyən bir fürsətdir. Bir elm adamının xatirələrindən: 

Bir vaxtlar Əskişəhər həbsxanasının pəncərəsində oturmuşdum. Qarşıdakı məktəbin gənc qızları məktəbin həyətində gülə-gülə rəqs edirdilər. Onlar mənə o yalançı cənnətlərində cəhənnəm huriləri kimi göründülər. Yəni keçmişi və gələcəyi göstərən filmlər kimi mənəvi və xəyali bir lentdə onların gələcəyini gördüm. Onların sevincləri kədərə, qəhqəhələri göz yaşlarına dönmüşdü. O gülən 60 qızdan əllisi torpaq olmuş, qəbirdə əzab çəkirdi, on nəfəri 70 yaşına çatmış, çirkinləşmişdi. Lakin ən yaxınları belə həyatlarını səfil şəkildə yaşadıqları üçün onlara nifrətlə baxırdı. Bəlkə də, onlar da öz hallarını görürdülər. Mən onların halına ağladım. 

Onlar gəncliyin verdiyi imkanlarla çox rahat hərəkət edirlər. Bu dünyada heç qocalmayacaqlarını düşünürlər. İnsana əlli-altmış il sonrakı həyatı göstərilsə, oturub ağlayar. Bəlkə də, bir gecədə qocalar, saçlarına dən düşər. "Aqibəti unutmaq bəhanə deyildir, ona bu gündən yaxşı hazırlaşmaq lazımdır." 

"Uşaqlarımızın mədəsini və beynini doyurduğumuz kimi, ruhlarını da qidalandırmalıyıq." Mişel Marşal 

Gənc nəsillərə dəyər verən hər millət yüksəlmiş, onları gənclik havasının axarına buraxanlar üçün isə bu boşluğun cəzası çox ağır olmuşdur. Əgər bu gün hər tərəf xəyanətlə doludursa və nəsillər getdikcə azğınlaşırsa, bu tamamilə bizim laqeydliyimizin nəticəsidir. 

 "Yeniyetməlik dövrünün yol xəritəsi" kitabından (birinci fəsil). 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.031 saniye